İran İslam Respublikası danışıqlara necə hazırdırsa, müharibəyə də eyni şəkildə hazırdır
Əraqçi: İran müharibəyə də hazırdır
© APA | İranın xarici işlər naziri Abbas Əraqçi, Türkiyənin xarici işlər naziri Hakan Fidan
30 yanvar 2026 16:04 (UTC +04:00)
İran İslam Respublikası danışıqlara necə hazırdırsa, müharibəyə də eyni şəkildə hazırdır.
APA-nın Türkiyə bürosu xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi İstanbulda türkiyəli həmkarı Hakan Fidanla birgə mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, ABŞ İrana müharibə elan edəcəyi təqdirdə, bu, sadəcə iki ölkə ilə məhdudlaşmayacaq.
“Biz indi iyun ayındakı müharibədən əvvəlki dövrlə müqayisədə daha hazırlıqlı vəziyyətdəyik. O vaxt ölkəmizə qarşı edilən təcavüzlərə necə güclü cavab verdiksə, bundan sonra da qətiyyətli və güclü reaksiya nümayiş etdirəcəyik. Eyni zamanda, hesab edirəm ki, ABŞ-ın bu dəfə prosesə birbaşa müdaxiləsi vəziyyəti daha da dəyişəcək. Bu isə əvvəlki müharibə ilə müqayisədə tamamilə fərqli nəticələrə yol aça bilər. Təəssüf ki, bu müharibənin sərhədləri aşmaq ehtimalı da mövcuddur. Bu da müharibənin təbiətindən irəli gələn bir xüsusiyyətdir. Məhz buna görə də ümid edirəm ki, tərəflər ağıl və məntiqlə hərəkət edəcəklər”, - Əraqçi qeyd edib.