AZ

Təbii qazdan istifadə ilə bağlı əhaliyə müraciət

Təbii qaz məişətdə rahatlığı təmin etsə də, düzgün istifadə olunmadıqda partlayış, yanğın və zəhərlənmə riskini artırır.

Baş Prokurorluğun mətbuat xidmətindən Missiya.Az-a bildirilib ki, həmin halların qarşısının alınması hər bir vətəndaşın məsuliyyətidir.

Təhlükəsizlik üçün bu qaydalara ciddi əməl etmək tövsiyə olunur:

- Mənzilə daxil olarkən qaz sızmasının olub-olmadığını dəqiqləşdirilmədən açıq oddan və elektrik şəbəkəsindən istifadə etməyin. Qaz sızması zamanı işığı yandırmaq və ya söndürmək qığılcım yarada bilər və təhlükəlidir;

- Qaz cihazlarından istifadə etməzdən əvvəl otağın havasını mütləq dəyişin, yalnız qaz iyi olmadığına əmin olduqdan sonra cihazları işə salın;

- Qaz cihazlarını yandırarkən əvvəl kibriti və ya alışqanı yandırın, daha sonra qaz kranını açın;

- Qaz cihazlarını nəzarətsiz qoymayın. Azyaşlıların, sağlamlıq imkanları məhdud şəxslərin, habelə istifadə qaydalarını bilməyən şəxslərin bu cihazlardan istifadəsinə yol verməyin;

- Qaz iyi hiss etdikdə, dərhal bütün qaz kranlarını bağlayın, elektrik cihazlarını şəbəkəyə qoşmayın və işlək vəziyyətdə olanları ayırmayın, işığı yandırıb-söndürməyin. Mənzilin havasını dəyişdirin və “104” nömrəli qaz qəza dispetçer xidmətinə müraciət edin;

- Uzun müddətə evi və ya mənzili tərk etdikdə, eləcə də gecə yatmazdan əvvəl qaz cihazları üzərindəki və nəzarətçi kranları bağlayın;

- Yanğın baş verdikdə, dərhal mənzilə və ya evə gedən qaz xətti üzərindəki giriş kranını (ventili) bağlayın, “101” və ya “112” nömrələri ilə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinə, “104” nömrəsi ilə isə qaz qəza dispetçer xidmətinə məlumat verin;

- Mənzildə mövcud olan tüstü bacalarının ildə ən azı bir dəfə, xüsusilə qış mövsümündən əvvəl təmizlənməsini təmin edin.

Qaz cihazlarından istifadə zamanı qadağandır:

❌ Qaz cihazları üzərində paltar və digər tezalışan əşyaların qurudulması;

❌ Qaz cihazlarının yerləşdiyi otaqlarda tez alışan maddələrin və materialların (o cümlədən kimyəvi tərkibli təmizləyici vasitələrin) saxlanılması.

“Unutmayın: Bir anlıq diqqətsizlik partlayışa və ya yanğına səbəb ola bilər. Təbii qazdan istifadə qaydalarına riayət etməklə siz özünüzün və ətrafınızdakıların həyatını yarana biləcək təhlükələrdən qorumuş olursunuz”, - deyə məlumatda qeyd olunub.

Seçilən
11
50
missiya.az

10Mənbələr