Bakı, 30 yanvar, Günel Alıyeva, foto İlqar Cəfərov, AZƏRTAC
“Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası mədəniyyətlə bağlı olduqca geniş sahələri əhatə edir və düşünürəm ki, bu sənədin hazırlanmasına sərf olunan böyük intellektual və ideoloji iradə öz nəticəsini verəcək.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında akademik Nizami Cəfərov deyib.
Akademik bildirib ki, konsepsiyanın ən mühüm cəhətlərindən biri Azərbaycan dili məsələsinin sənəddə birinci sıraya çıxarılmasıdır. “Burada Azərbaycan dilinin milli mədəniyyətimizin formalaşmasında və xalqımızın milli özünütəsdiqindəki rolu konkret detallar vasitəsilə aydın şəkildə göstərilir”, - deyə o əlavə edib.
Onun sözlərinə görə, konsepsiya ədəbiyyat və incəsənətin müxtəlif sahələrini, xüsusilə milli mədəni irsin qorunması və inkişafı ilə bağlı istiqamətləri sistemli şəkildə əhatə edir. Qeyd edib ki, ümumilikdə, Azərbaycan mədəniyyətinin inkişafı üçün meyar və göstərici ola biləcək demək olar, heç bir sahə diqqətdən kənarda qalmayıb. Bu baxımdan “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası həqiqətən konseptual və kompleks bir sənəddir.
Akademik Nizami Cəfərov vurğulayıb ki, konsepsiyanı dəyərli edən məqam təkcə onun quruluşu, ideyası, məramı və məqsədləri deyil, həm də həyata keçirilmə mexanizmlərinin planlaşdırılmasıdır.