AZ

Yeni Kaledoniya: İğtişaşlar zamanı təhlükəsizlik qüvvələrinin fəaliyyəti və bütövlükdə məhkəmə sisteminin davranışı CNCDH-nin hesabatında tənqid edilib

İnsan hüquqları üzrə milli məsləhətçi komissiya (La Commission nationale consultative des droits de l’homme - CNCDH) yanvarın 29-da Kanakidə (Yeni Kaledoniya) baş vermiş etiraz aksiyalarına dair rəsmi hesabat dərc edib.

XQ xəbər verir ki, həmin sənəddə Fransa dövlət orqanları tərəfindən kanak xalqına qarşı tətbiq edilmiş zorakı müdaxilələrin sistemli xarakter daşıdığı, hüquq-mühafizə orqanları tərəfindən qeyri-mütənasib və əsassız güc tətbiq olunduğu vurğulanıb, bu repressiv yanaşmanın fundamental insan hüquqları və beynəlxalq öhdəliklər ilə açıq ziddiyyət təşkil etdiyi kəskin şəkildə tənqid olunub.

Hesabatda Kanakidə dinc aksiyalar zamanı təhlükəsizlik qüvvələrinin fəaliyyəti, habelə məhkəmə orqanlarının və bütövlükdə ədliyyə sisteminin davranışı beynəlxalq insan hüquqları standartları prizmasından sistemli şəkildə təhlil edilib. Aparılmış qiymətləndirmə nəticəsində hüquq-mühafizə və məhkəmə institutlarının fəaliyyətində ciddi uyğunsuzluqlar aşkarlanıb. Bu uyğunsuzluqlar müvafiq dövlət orqanlarının institusional məsuliyyəti, hüquqi prosedurların pozulması və Fransanın üzərinə götürdüyü beynəlxalq öhdəlikləri icra etməməsi kontekstində əsaslandırılıb.

Fundamental hüquqlara dair pozuntularla bağlı rəyin həmməruzəçisi Tartakovski dövlət institutlarının fəaliyyətində çoxsaylı struktur, hüquqi və əməliyyat xarakterli çatışmazlıqların sistemli şəkildə üzə çıxdığını bildirib.

Hesabatda qeyd edilir ki, 2024-cü il mayın 13-dən bəri arxipelaqda seçici korpusunun zorla dəyişdirilməsinə qarşı etirazlarla əlaqədar zorakılıq hadisələrinin intensivləşdiyi dövrdən başlayaraq təhlükəsizlik qüvvələri tərəfindən kanak əhalisini hədəf alan zorakı repressiv tədbirlər həyata keçirilib.

Komissiya Fransanın məhkəmə sisteminin hadisələrə reaksiyasını da sərt şəkildə tənqid edir. Bildirir ki, əhalisi təxminən 260 min nəfər olan arxipelaqda 6 minədək polis və jandarmın yerləşdirilməsi fonunda, baş vermiş zorakılıq hadisələri ilə əlaqədar 2528 nəfər saxlanılıb, 500-dən çox şəxs barəsində isə məhkəmə icraatı başlanılıb. Komissiyanın qiymətləndirməsinə görə, bu repressiv tədbirlər faktiki olaraq yalnız kanak əhalisinə qarşı yönəlib.

Hesabatın digər bölməsində qeyri-qanuni olaraq həbs edilmiş kanak məhkumların həbsxanalarda saxlanma şəraitinə yer ayrılıb. Həbsxanada qeyri-insani davranış, məhkəmə qərarı olmadan insanların cəzaçəkmə müəssisələrinə yerləşdirilməsi nəticəsində həbsxana daxilində etiraz aksiyaları, hətta üsyanlar baş verib. Hadisələr zamanı bir məhbusun həyatını itirdiyi qeyd edilir və şahidlərin ifadələrinə görə, həmin şəxsin təhlükəsizlik qüvvələrinin tətbiq etdiyi zorakılıq nəticəsində həlak olduğu xüsusi vurğulanır.

Komissiya qeyd edir ki, materik Fransaya köçürülən məhbuslar hazırda bir sıra ciddi çətinliklərlə üzləşirlər. Belə ki, materik Fransada evlərindən təxminən 17 min kilometr uzaqda saxlanılan şəxslərin qış geyimi və geri dönüş bileti olmadan azad edilməsi, hüquqi təminatlarının kobud şəkildə pozulması ilə yanaşı, ədalətin mahiyyətinə və legitimliyinə ciddi zərbə vurur.

Hesabatın müəllifləri zorakılıqlardan sonrakı dövrü də təhlil ediblər. İğtişaşların yaratdığı dağıntılar səbəbindən Kanakidə iqtisadiyyat ciddi şəkildə zərər görüb, böhrandan sonrakı aylarda bir sıra sosial proqramlar dayandırılıb.

Hesabatın yekununda Komissiya bir sıra tövsiyələr irəli sürərək, polis zorakılığı ilə bağlı halların müstəqil və əhatəli şəkildə araşdırılmasının təmin edilməsini, həbsxanalarda saxlanma şəraitinin beynəlxalq insan hüquqları standartlarına uyğun şəkildə yaxşılaşdırılmasını müvafiq orqanların diqqətinə çatdırır.

Seçilən
18
50
xalqqazeti.az

10Mənbələr