Bakı, 30 yanvar, Günel Alıyeva, foto İlqar Cəfərov, AZƏRTAC
Bu gün ilk dəfə olaraq “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası ictimaiyyətə təqdim olunub. Təqdimat sessiyası çərçivəsində konsepsiyanın mahiyyəti, ən yaxın keçmişdən başlayaraq 2040-cı ilədək müəyyənləşdirilən hədəflər, prioritetlər və fəaliyyət istiqamətləri barədə geniş məlumat verilib.
Bu fikirləri AZƏRTAC-a Mədəniyyət Nazirliyinin Media və kommunikasiya şöbəsinin müdiri Aynur Kərimova bildirib.
Onun sözlərinə görə, konsepsiyada ilk dəfə olaraq Azərbaycan dili mədəniyyət faktoru kimi qəbul edilib və bu statusda təqdim olunur. Eyni zamanda “bilgi mədəniyyəti” anlayışı ayrıca sahə kimi konsepsiyaya daxil edilib, “davranış mədəniyyəti” isə ilk dəfə konseptual yanaşma kimi sənəddə öz əksini tapıb.
Aynur Kərimova qeyd edib ki, konsepsiyada 8 istiqamət üzrə geniş fəaliyyət planı nəzərdə tutulur və reallaşmanın ilkin illərində ciddi dövlət proqramlarının həyata keçirilməsi planlaşdırılır: “Bu proqramlar mədəniyyətin inkişafı ilə yanaşı, mədəni diplomatiyanın gücləndirilməsi və yaradıcı sənayelərin inkişafını da əhatə edir”.
O vurğulayıb ki, konsepsiyanın əsas qayəsi mədəniyyətin hər bir Azərbaycan vətəndaşının həyatında mütləq yer almasını təmin etmək, onu gündəlik həyatın ayrılmaz dəyərinə çevirməkdir.