AZ

“Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasının təqdimatına həsr olunan sessiyası keçirilib

Bakı, 30 yanvar, Günel Alıyeva, foto İlqar Cəfərov, AZƏRTAC

Azərbaycan Milli İncəsənət Muzeyində “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasının təqdimatına həsr olunan sessiyası keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə konsepsiya ilə bağlı videoçarx nümayiş olunub. Videoçarxda Azərbaycan mədəniyyətinin müasir modeli, konsepsiyanın mərhələləri, Azərbaycan dilinin təbliği və gücləndirilməsi, habelə səkkiz bənd üzrə hədəf göstəricisi barədə məlumat verilib. Eyni zamanda mədəni irsin qorunması və mədəniyyətimizin beynəlxalq arenada tanıdılması məsələləri diqqətə çatdırılıb.

Mədəniyyət nazirinin müavini Fərid Cəfərov çıxışında bildirib ki, “Azərbaycan Mədəniyyəti – 2040” sənədi mədəni sahədə uzunmüddətli strateji yanaşmanı və inkişaf prioritetlərini özündə birləşdirir. Konsepsiya tək bir qurumun sənədi deyil, bütövlükdə mədəni ictimaiyyətin, ziyalıların və medianın fəal iştirakı ilə formalaşan ümumi yol xəritəsidir.

Nazir müavini deyib: “Konsepsiyanın icrasında rəqəmsallaşma, kommunikasiya imkanlarının genişləndirilməsi və müasir idarəetmə alətlərindən istifadə xüsusi yer tutur. Eyni zamanda mədəniyyət iqtisadiyyatı, mədəni diplomatiya və milli dəyərlərin beynəlxalq səviyyədə tanıdılması da prioritet istiqamətlər sırasındadır”.

Milli Məclis sədrinin müavini, akademik Rafael Hüseynov bildirib ki, konsepsiyanın əsas məqsədlərindən biri qloballaşma şəraitində Azərbaycan mədəniyyətinin bütövlüyünü, saflığını, təmizliyini və azad ruhunu qorumaqdır.

Onun sözlərinə görə, konsepsiyanın mühüm tərəflərindən biri odur ki, ilk dəfə Azərbaycan mədəniyyətinə bütün tarix və istiqamətlər üzrə konseptual və sistemli baxış təqdim olunur. Burada mədəniyyət milli varlığın, milli kimliyin və milli şüurun kompleks tərkib hissəsi kimi nəzərdən keçirilir.

Rafael Hüseynov deyib: “Konsepsiyanın icrası üçün fəaliyyətlər altı əsas istiqamət üzrə nəzərdə tutulur. Dövlət proqramları və konkret tədbirlər planı hazırlandıqca bu iş daha da sistemləşəcək və güclənəcək”.

Diqqətə çatdırıb ki, konsepsiyada xüsusi vurğulanan hədəflərdən biri də Azərbaycan mədəniyyətinin beynəlxalq arenada daha aydın və sistemli formada tanıdılmasıdır. Məqsəd yalnız ölkə daxilində mədəni həyatın canlanması deyil, eyni zamanda Azərbaycanın mədəni irsinin, bilik və mənəvi dəyərlərinin dünyada daha güclü şəkildə təmsil olunmasıdır.

Akademik Nizami Cəfərov vurğulayıb ki, bu konsepsiyanın konseptual yanaşmasının əsas cəhətlərindən biri Azərbaycan dilinin ilk dəfə mədəniyyət faktoru kimi ayrıca qəbul edilməsi və mədəniyyətin strateji xəttində xüsusi yer tutmasıdır. O bildirib ki, Azərbaycan dili mənşəyimizin, yaddaşımızın və dövlətçiliyimizin əsas sütunlarından biridir və heç vaxt “tarixi bədəndən” ayrılmamalıdır.

Akademik əlavə edib ki, özümüzə, tariximizə və əcdadlarımıza layiq şəkildə davranmalıyıq. Onun sözlərinə görə, dilə münasibət məsələsi burada əsas mövzulardan biridir. Dil yalnız ünsiyyət vasitəsi deyil, həm də mədəniyyət göstəricisidir.

Kulturoloq, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədri, professor Fuad Məmmədov isə qeyd edib ki, bu gün təqdim olunan “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası böyük hadisədir. Onun sözlərinə görə, sənəddə Azərbaycan mədəniyyətinə və ümumilikdə ölkənin mədəni inkişafına tamamilə yeni baxış təqdim olunur. Fuad Məmmədov bildirib ki, konsepsiya gələcəkdə yalnız ölkə daxilində deyil, daha geniş miqyasda da diqqət çəkəcək və müəyyən mənada paradiqma xarakteri qazanacaq.

Sonra jurnalistləri maraqlandıran suallar cavablandırılıb.

Seçilən
26
15
azertag.az

10Mənbələr