Konstitusiya Məhkəməsində süni intellektdən istifadəyə əsaslanan yeni elektron platformanın ilkin versiyası hazırlanıb.
APA xəbər verir ki, bu barədə yanvarın 30-da Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Aparatının 2025-ci ilin yekunlarına dair hesabat iclasında bildirilib. KM sədri Fərhad Abdullayev bildirib ki, Prezident İlham Əliyevin Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı Sərəncamını rəhbər tutaraq Konstitusiya Məhkəməsi hesabat ili ərzində bir sıra tədbirlər həyata keçirib. Sədr xüsusilə vurğulayıb ki, Konstitusiyanın 30 illik yubileyinə həsr olunan 16 iyul və 12 noyabr tarixlərində keçirilən beynəlxalq konfranslar və Türk Dünyası Konstitusiya Yurisdiksiyaları Konfransının (TÜRK-AY) birinci konqresi ötən ilin yaddaqalan hadisələrindəndir.
Qeyd olunub ki, Konqres çərçivəsində Türk dövlətləri arasında konstitusiya ədalət mühakiməsi sahəsində əməkdaşlığın inkişaf etdirilməsinə xidmət edən, türk dövlətlərinin konstitusiya müvafiq orqanları arasında hüquqi əməkdaşlığın vacibliyini əks etdirən “Bakı Bəyannaməsi” imzalanıb. Həmçinin, Azərbaycan Konstitusiya Məhkəməsi ilə Türkiyə Konstitusiya Məhkəməsi, eləcə də Azərbaycan Konstitusiya Məhkəməsi ilə İraq Federal Ali Məhkəməsi arasında Anlaşma memorandumları imzalanıb. Sədr Fərhad Abdullayev bildirib ki, qarşıda duran vəzifə - Əsas Qanunun dəyərlərini qorumaq, həmin dəyərləri gələcək nəsillərə ötürməkdir.
Qeyd olunub ki, ötən il daxil olmuş Ali Məhkəmənin, Baş Prokurorluğun, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) sorğuları və məhkəmələrin müraciətləri ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən bir sıra mühüm qərarlar qəbul edilib.
Plenum tərəfindən baxılmış konstitusiya işləri ilə əlaqədar mühüm əhəmiyyətli bir sıra qərar və qərardadlar qəbul edilib. Həmin qərarlarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət və cinayət prosessual, mülki və mülki prosessual qanunvericiliyin, habelə əmək, inzibati xətalar və digər bir sıra qanunların normalarına rəsmi şərh edib, qərardadlarda isə tətbiqedici orqanlar üçün praktik izahlar verib.
Nəzərə çatdırılıb ki, hazırda Konstitusiya Məhkəməsi daxilində tətbiqi nəzərdə tutulan və süni intellektdən istifadəyə əsaslanan yeni elektron platformanın ilkin versiyası hazırlanıb. Yeni sistem informasiya təhlükəsizliyinin qorunması baxımından önəmli olmaqla yanaşı bir sıra əsas vəzifələri də həyata keçirəcək, internetə çıxış olmadan süni intellektdən istifadə etməklə məlumatların çevik axtarışı və sənədlərin hazırlanması, məlumatların əməkdaşlar arasında operativ sənəd mübadiləsinin təşkili iş prosesini xeyli sadələşdirəcək.
İclasda Aparat rəhbərliyinin çıxışları, Aparatın müvafiq şöbə və sektor müdirlərinin hesabatları dinlənilib. Həmçinin, Konstitusiya Məhkəməsinə daxil olan sorğu, müraciət və konstitusiya şikayətlərində toxunulan hüquqi aspektlər, məhkəmə tərəfindən qəbul edilən qərarların icrası, tərtib olunan analitik arayış və rəylər, habelə təşkilati məsələlərlə bağlı məruzələr dinlənilib.
Daha sonra 2025-ci ilin yekunlarına dair geniş fikir mübadiləsi aparılıb, eləcə də, səsləndirilən rəy və təkliflər dinlənilib.
Hesabat iclasının sonunda Fərhad Abdullayev 2025-ci ildə görülmüş işləri qənaətbəxş qiymətləndirməklə yanaşı, qurumun fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə Aparatın əməkdaşlarına müvafiq tapşırıq və tövsiyələr verib.