Ağdam, 30 yanvar, Tahir Ağaməmmədov, AZƏRTAC
İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq davam edir. Yanvarın 30-da respublikanın müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Ağdamdan Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə, Xocalı rayonunun Xanyurdu və Təzəbinə kəndlərinə yola salınıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu mərhələdə Kərkicahan qəsəbəsinə 5 ailə - 25 nəfər, Xanyurdu kəndinə 6 ailə - 24 nəfər, Təzəbinə kəndinə 8 ailə - 41 nəfər köçürülür. Uzun illərdən sonra doğma torpaqlara qayıdışı sevinc hissi ilə qarşılayan ailələr Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Xocalı sakinləri, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını ifadə edib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.