AZ

O yer gözəlliklər məskənidir

Xalq qazeti saytından alınan məlumata görə, ain.az bildirir.

Ötən əsrin sonlarından Borçalının dərin tarixi qatlarında adı, ünvanı olan kəndimiz yavaş-yavaş sozalır, adamlar işləmək və yaşamaq üçün başqa ölkələrə üz tuturdular. Sanki el yerindən oynayırdı. Elinə-obasına möhkəm bağlı olanları isə heç bir qüvvə yerindən tərpədə bilmirdi. Onlar öz namuslu, fədakar əməyi ilə kəndin əvvəlki istiliyini özünə qaytarmaq üçün çalışırdılar.

Ömrün-günün sərt çağlarında da kənd-kəsək saflığını özündə saxlayanlar ata-babalarının yandırdığı odun-ocağın qədrini bildilər. Kəndin hər əziyyətinə qatlaşdılar, dədə-baba torpaqlarını əkib becərdilər.

Amma qapısı bağlı, üzü günə qalan evləri içiboş, daşında, divarında yaş görənlər deyirdilər daha o kənd sən görən deyil. Evlər insan nəfəsilə isinməyəndə sanki ulularımızın ruhları ağlayır.

Faxralı kəndi bir çoxları kimi, mənim də həyat yoluma romantik fikirlər, qanadlı arzular çırağı kimi işıq saçıb. Altmış il bundan əvvəl o kənddə məktəbə getdiyim ilk gün də yadımdadır. Kəndimiz ucsuz-bucaqsız meşələrlə, zirvəli dağlarla, gen dərələrlə əhatə olunub. O dağlar, o qayalar, o qalalar qızılquş yuvası, tərlan qalasıdır.

Mən kəndimizin gözəl təbiətinə orada yaşadığım uşaqlıq illərimdən vurğun olmuşam. Çox diyarlar gəzib, çox yerlər görsəm də, öz kəndimiz, öz elimiz məni çəkir. Uzun illərdən bəri Bakıda yaşasam da, ata yurdunda ev tikdirdim. Evimiz Hasanlının yalı deyilən hündür yerində qərarlaşıb. Həyətimizdən bütün kənd ovuc içi kimi görünür. Evimizin panoramı Gözəl dağına baxır. Üzüm tənəkləri, meyvə ağacları, kirəmitli evlərin eyvanlarına sarmaşan qızıl güllər kəndimizin torpağından pöhrələnib, bağçaların ilkin yazından xəbər verəndə elə bilirdim ki, arzularım gül açıb.

Bir müddət ata yurdumdakı evimizin qapısı bağlı qalmışdı. İllər sonra gedəndə kənd evimizdə elə şirin yuxu yatırdım ki... Orada gecələr kəndə keşik çəkən itlərin hürüşməsi ilə uzanır, səhərlər xoruzların banı ilə açılır. Kəndin payız toylarında sazın, qara zurnanın iliyə, qana işləyən səsi heyrətamiz nəğməyə dönür.

Kəndimizdə çoxlu zəhmətkeş ailələr var. Alnının təri üzünə axan halal və qoçaq zəhmət adamları doğma kəndə çox bağlıdır. Əllərindən hər iş gəlir. Kəndin yeganə ümidi, dayağı da onlardır. Çünki yaz, yay, payız və qış aylarında kənddə qalırlar. Qışda ocaqlarını gur yandırmaq üçün ilin qalan fəsillərində torpağa qulluq edir, məhsul əkib becərir, mal-qara, toyuq-cücə saxlayır, əllərinin zəhməti, ürəklərinin hərarəti ilə doğma elin istiliyini artırırlar.

Son illər kəndin ab-havası yaxşılığa doğru xeyli dəyişib. Odun sobasının ətrinə, hərarətinə, istiliyinə istilik çatmaz. Üstəlik, on il bundan əvvəl kəndə qaz çəkildi. Evlərin istiliyinə yeni istilik qatdılar. Eldən gedənlər istiliyə bürünə-bürünə yenidən döndülər doğma yuvaya. Daş üstünə daş qoydular. Hər tikilən yeni ev məhəbbət və heyrət abidəsinə döndü. Həyət-bacalar gül qoxumağa başladı. İndi yaza-yaza o ilahi gözəlliyə yaraşan söz gəzirəm.

Nə müddətdi qoynundan köçüb yad yerlərə gedənlərə kənd gəl-gəl deyir. Onların elə dönmək meyli, yurd mehri kəndin ömrünə ömür calayar. Eldən gedib yaxşı ad alanlar da kəndin özü üçün bir şöhrətdir. Amma kənd onlardan bəzilərinin üzünə həsrətdir. Gərək onlar da hərdənbir dürlü-dürlü nura, işığa, aydınlığa çıxmış doğma kəndin görüşünə gəlsinlər.

Burada hər bulaq, hər çeşmə şairin ilham mənbəyidir. Başı dumanlı dağların döşündən qaynayıb daşan bulaqların saf suyundan içməkdən gözəl nə var?! Biz uşaq olanda böyüklərimiz deyirdilər ki, Qoşa bulağın, Təhməz bulağın və dağların qoynunda göz yaşı kimi dupduru axan bulaqların suyu şəfa qaynağıdır – yaxşı sudur, yüngül sudur. Saf sular mamırlı daşlardan süzülüb axır. Kəndin özündə isə illərdən bəri su qıtlığı yaşanırdı. Qız-gəlinlər sənəklə su gətirəndə bulaq başında uzun növbə yaranırdı.

Kəndin icra nümayəndəsi Novruz Ayvazov ədəb-ərkanla könüllərdə sevinc doğuran işlərdən böyük məhəbbətlə söhbət açır: – Nəhayət, gözlədiyimiz gün gəlib çatdı. Kəndimizdə içməli suyun çəkilməsi işi yekunlaşdı. İndi kəndimizdə hər ev gün ərzində fasiləsiz içməli su ilə təmin olunur. Su aydınlıqdır, saflıqdır, paklıqdır. Su qədər ömrünüz olsun! Dağ çeşmələrinin suyundan kəndimizdə min-min adam su içir, ürəklər sərinləyir, hamı “oxqay” deyir. Qazı, işığı, suyu bol olan kəndimiz həm də gözəlliklər məskənidir. İndi kəndarası yollara da işıq dirəklərindən nur süzülür. Sanki yollar Tanrı nuruna bələnib...

Həzi HƏSƏNLİ,şair-publisist

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
72
50
xalqqazeti.az

10Mənbələr