Vətəndaşlara əlilliklə bağlı pensiya düzəltmək adı ilə külli-miqdarda dələduzluq etməkdə təqsirləndirilən Samirə Mirzəyevayanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
"Cebheinfo.az" APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkənlər mülki iddia verib.
Zərərçəkənlər ayrı-ayrılıqda 50 min, 20 min və 33 min 500 manat, ümumilikdə 100 min manatlıq mülki iddia qaldırıb. Samirə Mirzəyeva mülki iddanı qəbul etməyib.
Daha sonra prosesdə tərəflərin vəsatəti ilə əlavə şahid qismində dəvət olunan, təqsirləndirilənin həyat yoldaşı Rasim Mirzəyev ifadə verib. Hərbçi olduğunu bildirən R. Mirzəyev deyib ki, həyat yoldaşının daha öncəki 3 cinayət işindən yalnız birindən xəbəri olub.
Zərərçəkənlərin bir qismi iddia edib ki, R.Mirzəyevin olanlardan xəbəri olub. Hətta pulu onun gözünün qarşısında arvadına veriblər: "Samirə Mirzəyeva deyirdi ki, əri polkovnik-leytenantdır. İstədiyi yerin qapısını aça bilir".
Samirə Mirzəyeva isə deyilənləri inkar edib. Daha sonra prosesdə əlavə şahid kimi tanınan Müdafiə Nazirliyi üzrə Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Mərkəzi Tibbi Arxivi və həmin Nazirliyin Tibbi Sənədlər Arxivinin sabiq rəisi, hazırda həbsdə olan Ruhin Tağıyev ifadə verib. O, bildirib ki, S.Mirzəyevanı bacısı, zərərçəkən qismində tanınan Mahirə Tağıyeva vasitəsi ilə tanıyıb: "Bacım onunla telefonda danışırdı.
Demişdilər ki, əlilliklə bağlı məsələləri Samirə həll edə bilir, elə bir şey olarsa, ona yönləndirim. İndi o, həbsdədir deyə rahat danışa bilirəm. Bacım, onun oğlu Nicat Samirə ilə olan işlərini məndən gizlədiblər. Artıq iş-işdən keçəndən sonra bilmişəm. Onlara çox dedim ki, eləməyin. Mən heç Samirə Mirzəyevanı tanımırdım. Nicatı hazırda zərərçəkən qismində tanınan şəxslərlə mən tanış eləmişəm. Onların arasından həkimlərimizi, hərbçi dostlarımızı şəxsən tanıyırdım. Onlara demişdim ki, bacım oğludur, inana bilərsiniz. Nicat onlarla Samirəni tanış edib. Mənim hazırda təqsirləndirildiyim işin isə Samirə ilə heç bir əlaqəsi yoxdur. O başqa işdir".
Prosesdə ifadə verən Nicat da dayısının dediklərini təsdiq edib.
Məhkəmə istintaqı yekublaşıb. Dövlət ittihamçısı çıxış üçün vaxt istəyib.
Növbəti proses fevralın 13-nə təyin edilib.
Qeyd edək ki, Samirə Mirzəyeva sosial təminat məsələlərinə köməklik göstərilməsi adı altında vətəndaşların pulunu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilir. O, əlillik dərəcəsinin təyini, bərpası və güzəştli sosial mənzillərin verilməsinə köməklik göstərilməsi ilə bağlı vədlər verib.
O, daha öncə digər 13 zərərçəkən şəxsə qarşı 700 min manatdan artıq dələduzluq etməkdə təqsirləndirilib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilib. S. Mirzəyevanın digər epizod üzrə təqsirləndirilməsinə dair cinayət işi hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində davam etdirilir.
Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmə), 310-cu (Vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma)maddələri ilə ittiham irəli sürülüb.
"Cebheinfo.az"