Payız–qış mövsümündə kəskin respirator virus infeksiyaları, xüsusilə də qrip xəstəliyi əhali arasında geniş yayılaraq həm uşaqlar, həm də böyüklər üçün sağlamlıq riski yaradır. Qrip virusu barədə cəmiyyətin düzgün və vaxtında məlumatlandırılması xüsusi əhəmiyyət daşıyır. Qripin əlamətləri, hansı yaş qruplarının daha çox risk altında olması, xəstəlikdən qorunma yolları, peyvəndlənmənin rolu və həkim məsləhəti olmadan dərman qəbulunun fəsadları ilə bağlı suallarımızı Səhiyyə Nazirliyi V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun infeksionisti Arzu Pənahova cavablandırıb.
Redaktor.az müsahibəni təqdim edir:
- Arzu xanım, qrip virusu nədir, əlamətləri və simptomlarına nələr daxildir?
- Qrip virusu, tibb dilində influenza virusu — əsasən yuxarı və aşağı tənəffüs yollarını zədələyən, yüksək yoluxduruculuğa malik kəskin virus infeksiyasıdır. Bu viruslar “Orthomyxoviridae” ailəsinə aiddir və əsasən A, B və C tiplərinə bölünür. İnsanlarda mövsümi epidemiyalara səbəb olan əsas törədicilər A və B tipli qrip viruslarıdır. Qrip virusunun ən diqqətçəkən xüsusiyyəti isə tez-tez mutasiyaya uğramasıdır. Məhz bu dəyişkənlik səbəbindən hər il payız–qış mövsümündə qrip yenidən yayılır və əvvəlki immunitet xəstəliyin tam qarşısını ala bilmir.
Qrip virusu əsasən hava-damcı yolu ilə yayılır. Yoluxmuş şəxs öskürərkən, asqırarkən və ya danışarkən virusu ətrafa yayır. Bundan əlavə, virusla çirklənmiş səthlərə təmas sonrası əllə burun, ağız və ya gözlərə toxunmaq da yoluxmaya səbəb ola bilər. Xəstəliyin inkubasiya dövrü adətən 1–4 gün təşkil edir. Xəstə, əlamətlər başlamazdan bir gün əvvəl yoluxdurucu ola bilər. Yoluxduruculuq adətən 5-7 gün davam edir. Uşaqlarda və immun sistemi zəif olanlarda bu müddət daha uzun ola bilər.
Qripin əlamətləri adətən kəskin və qəfil başlanğıcla özünü göstərir. Xəstəliyin ən xarakterik əlaməti yüksək hərarətdir. Bədən temperaturu tez-tez 38–40°C-yə qədər yüksələ bilər. Hərarətlə yanaşı ümumi halsızlıq, güclü yorğunluq hissi xəstələr tərəfindən ən çox şikayət edilən əlamətlərdəndir. Əzələ və oynaqlarda ağrılar qrip üçün çox tipikdir və bəzən gündəlik hərəkətləri belə çətinləşdirir.
Qrip zamanı baş ağrısı adətən güclü və davamlı olur, xüsusilə alın və göz arxası nahiyəsində hiss edilir. Tənəffüs yollarına aid əlamətlərə quru və tutmaşəkilli öskürək, boğazda yanma və ağrı, burun axıntısı və ya tutulması daxildir. Xəstələrdə tez-tez üşütmə, titrəmə və soyuqluq hissi müşahidə olunur.
Bəzi hallarda qrip yalnız tənəffüs yolları ilə məhdudlaşmır. İştahasızlıq, ürəkbulanma, qusma və qarın ağrısı kimi əlamətlər, xüsusilə uşaqlarda daha çox rast gəlinir. Həmçinin, gözlərdə qızartı, sulanma və işığa həssaslıq, nadir hallarda isə səs batması müşahidə olunur. Xəstəlik dövründə diqqət və yaddaş zəifləməsi, yuxululuq yarana bilər.
Qripin əsas fərqləndirici cəhəti ondan ibarətdir ki, o, adi soyuqdəymə ilə müqayisədə daha ağır keçir, əlamətlər qəfil başlayır və ümumi vəziyyəti ciddi şəkildə pisləşdirir. Xüsusilə uşaqlarda, yaşlılarda, hamilə qadınlarda və xroniki xəstəlikləri olan şəxslərdə qrip daha ağır gedişata və ciddi ağırlaşmalara səbəb ola bilər.
Bu səbəbdən qrip əlamətləri başladıqda vaxtında həkimə müraciət, özünü təcrid etmək və düzgün müalicə tədbirlərinə başlamaq, xəstəliyin yayılmasının və ağırlaşmaların qarşısının alınmasında mühüm rol oynayır.
- Hansı yaş qrupunda qripə yoluxma hallarına daha çox rast gəlinir?
- Qrip elə bir infeksiyadır ki, yalnız müəyyən yaş qrupuna məxsus deyil və həyatın istənilən dövründə rast gəlinə bilər. Bununla belə, epidemioloji müşahidələr göstərir ki, bütün yaş qrupları arasında yoluxma tezliyi eyni deyil və bəzi qruplar həm daha tez yoluxur, xəstəliyi daha ağır keçirir.
Ən yüksək yoluxma göstəriciləri adətən uşaqlar arasında, xüsusilə məktəbəqədər yaş dövründə (0–5 yaş) və məktəb yaşlı uşaqlarda (6–17 yaş) qeydə alınır. Bunun əsas səbəbi isə uşaqların kollektiv mühitdə o cümlədən, uşaq bağçalarında və məktəblərdə sıx təmasda olmaları, gigiyenik qaydalara riayət edə bilməmələri və immun sistemlərinin hələ tam formalaşmamasıdır. Uşaqlar qrip virusuna daha asanlıqla yoluxur və eyni zamanda virusun cəmiyyətdə yayılmasında əsas “ötürücü zəncir” rolunu oynayırlar.
Yaşlı insanlar, xüsusilə 65 yaşdan yuxarı şəxslər, qripə yoluxma baxımından deyil, daha çox ağır gediş və fəsadlar riski baxımından ön plandadır. Bu yaş qrupunda qripin daha ağır keçməsinin səbəbi immun sisteminin zəifləməsi, xroniki ürək-damar, ağciyər, şəkərli diabet və digər yanaşı xəstəliklərin mövcudluğu ilə əlaqədardır. Yaşlılarda qrip pnevmoniya, xroniki xəstəliklərin kəskinləşməsi, ürək və tənəffüs çatışmazlığı kimi ciddi ağırlaşmalarla müşayiət oluna bilər.
Hamilə qadınlar ayrıca risk qrupuna daxildir. Hamiləlik dövründə immun sistemində baş verən fizioloji dəyişikliklər qadınların infeksiyalara qarşı həssaslığını artırır. Bu səbəbdən hamilə qadınlarda qrip həm ana, həm də döl üçün təhlükəli ola bilər və daha ciddi nəzarət tələb edir.
Gənclər və orta yaşlı insanlar adətən qripi daha yüngül keçirirlər, lakin onların yoluxma riski həyat tərzi ilə birbaşa əlaqəlidir. Xüsusilə. ictimai nəqliyyatdan tez-tez istifadə edənlər, ofis və kollektiv mühitdə çalışanlar, təhsil, səhiyyə, xidmət sektorunda işləyən şəxslər virusla daha çox təmasda olduqları üçün yoluxma ehtimalı yüksək olur.
Bundan əlavə, istənilən yaşda olan, lakin xroniki xəstəlikləri və ya immun çatışmazlığı olan şəxslər qripə daha tez yoluxa və xəstəliyi daha ağır keçirə bilərlər. Buraya astma, xroniki ağciyər, ürək, böyrək və qaraciyər xəstəlikləri, şəkərli diabet və immunosupressiv müalicə alan şəxslər daxildir.
Bu səbəbdən risk qruplarının qorunması, xüsusilə də vaxtında peyvənd olunması və profilaktik tədbirlərə əməl edilməsi qripin yayılmasının qarşısını almaqda əsas rol oynayır.
- Qripdən qorunmaq üçün insanlar daha çox nəyə diqqət etməlidirlər?
- Qripdən qorunma təkcə fərdi məsuliyyət deyil, eyni zamanda ictimai sağlamlığın qorunması deməkdir. Qrip hava-damcı yolu ilə çox sürətlə yayıldığı üçün insanlar gündəlik həyatlarında bir sıra sadə, lakin effektiv qaydalara diqqət etməlidirlər.
Ən vacib qoruyucu tədbirlərdən biri vaxtında peyvənd olunmaqdır. Qrip virusu tez-tez dəyişdiyi üçün hər il mövsümə uyğun yenilənmiş peyvəndlər hazırlanır. Xüsusilə uşaqlar, yaşlılar, hamilə qadınlar, xroniki xəstəliyi və immun sistemi zəif olan şəxslər üçün peyvənd qripin ağır keçməsinin və fəsadların qarşısının alınmasında əsas rol oynayır.
Gündəlik gigiyena qaydalarına riayət etmək qripdən qorunmada mühüm əhəmiyyət daşıyır. Əllərin sabunla tez-tez yuyulması, xüsusilə ictimai yerlərdən sonra, virusun orqanizmə daxil olmasının qarşısını alır. Əllər yuyulmadıqda gözlərə, buruna və ağıza toxunmaqdan çəkinmək lazımdır. Bu, virusun bədənə keçməsinin ən geniş yayılmış yollarından biridir.
Qripin yayılmasının qarşısını almaq üçün maskadan düzgün istifadə xüsusilə, əlamətləri olan şəxslər üçün vacibdir. Öskürək və asqırma zamanı ağız və burnun salfetlə və ya dirsəklə örtülməsi respirator gigiyenanın əsas qaydalarındandır. İstifadə olunmuş salfetlər dərhal atılmalı və əllər təmizlənməlidir.
İnsanların kütləvi toplaşdığı, qapalı və havalandırılması zəif olan məkanlardan mümkün qədər uzaq durmaq tövsiyə olunur. Xüsusilə, payız–qış mövsümündə ictimai nəqliyyatda, ticarət mərkəzlərində və tədbirlərdə uzun müddət qalmaq yoluxma riskini artırır. Mümkün olduqda sosial məsafənin qorunması önəmlidir.
Qrip əlamətləri olan şəxslərin evdə qalması və özünü təcrid etməsi həm onların tez sağalması, həm də virusun başqalarına ötürülməsinin qarşısının alınması baxımından vacibdir. Hərarət, boğaz ağrısı, öskürək və halsızlıq kimi əlamətlər olduqda ictimai yerlərə getmək məsləhət görülmür.
Orqanizmin ümumi müqavimətini gücləndirmək də qorunmada mühüm rol oynayır. Düzgün və balanslı qidalanma, kifayət qədər maye qəbulu, vitamin və minerallarla zəngin qidalar, normal yuxu rejimi və fiziki aktivlik immun sisteminin güclənməsinə kömək edir. Xroniki stress və yuxusuzluq isə immun müdafiəni zəiflədir və yoluxma riskini artırır.
Nəticə olaraq, qripdən qorunmanın əsas prinsipi peyvənd, gigiyena, məsuliyyətli davranış və sağlam həyat tərzinin birgə tətbiqidir. Bu tədbirlərə əməl etməklə həm öz sağlamlığımızı, həm də ətrafımızdakı insanların sağlamlığını qorumaq mümkündür.
- Həkim məsləhəti olmadan qəbul edilən dərman və antibiotiklərin sağlamlığa hansı mənfi təsirləri var?
- Həkim məsləhəti olmadan dərman, xüsusilə də antibiotik qəbul etmək ilk baxışdan “zərərsiz”bir addım kimi görünə bilər. Amma tibbi baxımdan bu davranış sağlamlıq üçün ciddi və bəzən geri dönməz fəsadlara yol aça bilər. Burada əsas problem ondan ibarətdir ki, dərmanlar “ümumi təsirli” deyil, konkret diaqnoz, doza və müddət tələb edən vasitələrdir.
Ən böyük risklərdən biri antibiotiklərə qarşı davamlılığın (rezistentliyin) yaranmasıdır. Antibiotik həkim göstərişi olmadan və ya düzgün dozada qəbul edilmədikdə bakteriyaları tam məhv etmir, əksinə onlara uyğunlaşır. Nəticədə gələcəkdə eyni infeksiya zamanı həmin antibiotik artıq təsir etmir. Bu, təkcə bir insan üçün deyil, cəmiyyət üçün də təhlükəlidir, çünki davamlı bakteriyalar yayılır və müalicəsi daha çətin infeksiyalar meydana çıxır.
Antibiotiklərin başqa bir mühüm mənfi təsiri orqanizmin normal mikroflorasını pozmasıdır. İnsan bədənində, xüsusilə bağırsaqlarda, immun sisteminin düzgün işləməsi üçün vacib olan “faydalı bakteriyalar” yaşayır. Antibiotiklər isə zərərli və faydalı bakteriyalar arasında fərq qoymur. Nəticədə ishal, qarın ağrısı, köp, göbələk infeksiyaları və immun zəiflik yarana bilər. Uzunmüddətli və nəzarətsiz antibiotik qəbulu bağırsaq mikrobiotasını ciddi şəkildə zədələyir.
Həkim məsləhəti olmadan qəbul edilən dərmanlar qaraciyər və böyrəklərə toksik təsir göstərə bilər. Bir çox dərmanlar məhz bu orqanlar vasitəsilə parçalanır və orqanizmdən xaric olunur. Dozanın düzgün seçilməməsi və ya lazımsız dərman qəbulu qaraciyər fermentlərinin yüksəlməsinə, böyrək funksiyasının pozulmasına və hətta dərman mənşəli hepatitə səbəb ola bilər.
Digər mühüm risk yan təsirlər və allergik reaksiyalardır. Bəzi insanlar müəyyən dərmanlara qarşı həssas ola bilər. Həkim nəzarəti olmadan qəbul edilən dərmanlar dəri səpgisi, qaşınma, şişkinlik, tənəffüs çətinliyi və ağır hallarda anafilaktik şok kimi həyati təhlükəli vəziyyətlər yarada bilər. Xüsusilə antibiotiklər və ağrıkəsicilər bu baxımdan risklidir.
Özbaşına dərman qəbulu xəstəliyin əlamətlərini müvəqqəti gizlədə, lakin əsas səbəbi aradan qaldırmaya bilər. Bu isə düzgün diaqnozun gecikməsinə, xəstəliyin ağırlaşmasına və daha mürəkkəb müalicəyə ehtiyac yaranmasına səbəb olur.
Xüsusilə vurğulanmalı məqamlardan biri də odur ki, virus xəstəliklərində antibiotiklərin heç bir təsiri yoxdur. Qrip, soyuqdəymə və digər respirator virus infeksiyalarında antibiotik qəbulu nəinki faydasızdır, hətta zərərlidir. Bu, həm immun sistemi zəiflədir, həm də gələcəkdə həqiqətən antibiotikə ehtiyac olduqda onun təsirsiz qalmasına səbəb olur.
Uşaqlarda, yaşlılarda, hamilə qadınlarda və xroniki xəstəlikləri olan şəxslərdə özbaşına dərman qəbulu xüsusilə təhlükəlidir. Bu qruplarda dərmanların təsiri daha fərqli ola bilər və ağır fəsadlar riski daha yüksəkdir.
Nəticə olaraq, dərman və antibiotiklər “özbaşına istifadə edilən vasitə” deyil, müalicə alətidir və yalnız həkim tərəfindən düzgün qiymətləndirmədən sonra təyin olunmalıdır. Sağlamlığın qorunmasının ən düzgün yolu simptomlara əsasən deyil, elmi əsaslı tibbi məsləhətə əsaslanaraq hərəkət etməkdir.
- Mövsümi qripdən qorunmaq üçün nələri məsləhət görərdiniz?
- Mövsümi qripdən qorunmaq üçün profilaktik tədbirlər gündəlik həyat tərzindən başlayaraq, səhhəti daha davamlı qoruyan strateji addımlara qədər uzanır. Bu tədbirlər arasında qripə qarşı vaxtında peyvənd olunmaq yer alır ki, Səhiyyə Nazirliyi bu mövzuya xüsusi diqqət verir.
Bu mövsüm üçün Səhiyyə Nazirliyi təhlükəsiz və yüksək keyfiyyətli qrip əleyhinə vaksinləri Azərbaycana gətirib və vaksinasiya kampaniyasına ötən ilin oktyabr ayından etibarən başlanılıb. Bu vaksinlər Fransada istehsal olunub və yüksək standartlara cavab verən preparatlardır. Məqsəd qrip virusunun payız–qış mövsümündə yayılmasını azaltmaq və cəmiyyətin sağlamlığını qorumaqdır.
Peyvənd, xüsusilə aşağıdakı qruplar üçün əsas qoruyucu tədbir sayılır: səhiyyə işçiləri, hamilə qadınlar, 65 yaş və yuxarı yaş həddi xroniki xəstəlikləri olan şəxslər. Bu qruplarda qrip daha ağır gedişata səbəb ola biləcəyindən, vaxtında peyvənd olunmaq infeksiyanın qarşısının alınmasında çox vacibdir.
Peyvənd bədənin immun sistemini qrip virusuna qarşı hazırlayır və xəstəliyə yoluxma ehtimalını azaldır. Təcrübədə peyvənd olunmuş şəxslərdə qripin ağırlaşma riski, xəstəxanaya düşmə və komplikasiyalar xeyli aşağı olur. Təkrar mutasiya edən qrip virusuna qarşı hər il yenilənmiş peyvəndlərin tətbiqi immuniteti mövsümə uyğunlaşdırır və qorunmanı gücləndirir. Bu, qrip virusunun dəyişkən təbiətinə qarşı ən effektiv müdafiədir.
Vaksinasiya bütün dövlət tibb müəssisələrində, yaşayış və ya iş yeri üzrə ambulator-poliklinik xidmət göstərən müəssisələrdə pulsuz aparılır. Bu, peyvəndlənmənin əlçatan olması və geniş əhali seqmentinin qorunması üçün vacib bir addımdır.
Qripdən qorunmaq yalnız peyvəndlə məhdudlaşmır. Əllərin tez-tez yuyulması, oxşar virus infeksiyalarında maska istifadəsi, sosial məsafəni qoruma və xəstə insanlarla yaxın təmasdan çəkinmək kimi gündəlik gigiyena qaydaları da infeksiyanın yayılmasını azaldır. Peyvəndlənmə bu tədbirlərlə birlikdə tətbiq olunduqda qripdən qorunmanın təsiri daha yüksək olur.
Qrip mövsümündə peyvənd strategiyası yalnız fərdi sağlamlığın deyil, ümumi ictimai sağlamlığın da qorunmasına xidmət edən ilk və əsas addımdır.