AZ

DYP sürücülərə müraciət etdi: Nasaz nəqliyyat vasitələri yollarda süni tıxac yaradır

DYP
Son dövrlərdə şəhər və magistral yollarda hərəkətin intensiv olduğu saatlarda nəqliyyat axınının qəfil dayanmasına səbəb olan əsas amillərdən biri sürücülərin texniki-təhlükəsizlik baxımından yararsız və ya vaxtında texniki qulluq göstərilməyən avtomobillərlə yola çıxmasıdır. 1news.az xəbər verir ki, məlumat Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən yayılıb.
Qeyd olunub ki, bu cür nəqliyyat vasitələrinin yolun hərəkət hissəsində dayanması nəticəsində zolaqlardan birinin tutulması baş verir ki, bu da xüsusilə şəhər yollarında uzunmüddətli tıxaclara, sürücülərin haqlı narazılığına və yol hərəkəti təhlükəsizliyinin pozulmasına səbəb olur. Məlumata əsasən, bəzi sürücülər avtomobillərində mövcud olan texniki nasazlıqlardan xəbərdar olduqları halda belə, bunun doğura biləcəyi fəsadları nəzərə almadan hərəkətə başlayırlar. Nəticədə yolun ortasında qalan bir avtomobil yüzlərlə digər nəqliyyat vasitəsinin hərəkətinə maneə yaradır, vaxt itkisinə və qəza riskinin artmasına gətirib çıxarır. “Yol hərəkəti haqqında” Qanuna əsasən texniki nasazlığı olan nəqliyyat vasitələrinin istismarı qadağandır. İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsinə uyğun olaraq bu hallara görə 50 manat məbləğində cərimə nəzərdə tutulur.

Baş Dövlət Yol Polisi İdarəsi sürücüləri nəqliyyat vasitələrinin texniki sazlığına daim nəzarət etməyə, nasazlıq aşkar edildiyi halda avtomobillə yola çıxmamağa və məsuliyyətli davranmağa çağırıb.

Seçilən
9
50
1news.az

10Mənbələr