AZ

Zelenski enerji üzrə atəşkəsin başladığını açıqlayıb

Ukrayna prezidenti enerji obyektlərinə zərbələrin dayandırılmasının bu gecə qüvvəyə minəcəyini bildirib...

Poliqon xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenski axşam müraciətində enerji üzrə atəşkəsin bu gecə başlayacağına işarə edib. Ukrayna liderinin müraciəti onun Telegram kanalında dərc olunub.

Zelenski enerji infrastrukturuna zərbələrin dayandırılması istiqamətində göstərilən səylərə görə ABŞ-yə təşəkkür edib və Vaşinqtonun enerji üzrə atəşkəsin təmin olunmasına nail olacağına ümid etdiyini bildirib. Onun sözlərinə görə, real vəziyyət gecə saatlarında və yaxın günlərdə Ukraynanın enerji obyektlərində, eləcə də şəhərlərdə müşahidə olunacaq durumla aydınlaşacaq.

“Hazırda gecə vaxtı və bu günlərdə energetika obyektlərimizdə, şəhərlərimizdə real vəziyyət bunun nə dərəcədə işlək olduğunu göstərəcək”, deyə Zelenski vurğulayıb.

Ukrayna prezidenti sosial şəbəkə X-də paylaşımında ABŞ prezidenti Donald Trampın “qışın sərt soyuqları dövründə Kiyevin və Ukraynanın digər şəhərlərinin Rusiya zərbələrindən müvəqqəti qorunması imkanına” dair bəyanatını mühüm adlandırıb. Zelenski eyni zamanda təsdiqləyib ki, Birləşmiş Ərəb Əmirliklərində aparılan danışıqlarda Rusiya və Ukrayna enerji üzrə atəşkəs barədə razılığa gəliblər. Lakin o, bu razılaşmaların konkret olaraq hansı öhdəlikləri əhatə etdiyini açıqlamayıb.

Rusiya rəsmiləri isə hələlik enerji üzrə atəşkəsə hazır olduqlarını rəsmi şəkildə təsdiqləməyiblər.

Xatırladaq ki, yanvarın 29-da ABŞ prezidenti Donald Tramp bəyan edib ki, şaxtalarla əlaqədar olaraq bir həftə ərzində Kiyevə və Ukraynanın digər şəhərlərinə zərbələr endirilməməsi xahişi ilə şəxsən Rusiya prezidenti Vladimir Putinə müraciət edib. Ağ Ev rəhbərinin sözlərinə görə, Putin bu xahişlə razılaşıb və Tramp bunu “xoş sürpriz” kimi qiymətləndirib.

Poliqon.info

Seçilən
40
16
poliqon.info

10Mənbələr