AZ

İranda xaos dərinləşir: proseslər Azərbaycan üçün hansı riskləri yaradır?

İranda davam edən kütləvi etirazlar və artan daxili gərginlik təkcə bu ölkənin daxili siyasi sabitliyi üçün deyil, bütövlükdə regionun təhlükəsizlik arxitekturası baxımından ciddi narahatlıq doğurur. Yaxın Şərqdə və Cənubi Qafqazda onsuz da mürəkkəb olan geosiyasi mənzərənin fonunda İranda baş verən proseslərin uzanması qonşu dövlətlər, o cümlədən Azərbaycan üçün potensial risklər yarada bilər. Rəsmi Bakının əsas marağı bölgədə sabitliyin qorunması və mümkün təhlükələrin qabaqlanmasıdır.

Politoloq Elçin Xalidbəyli mövzu ilə bağlı Editor.az-a açıqlamasında bildirib ki, İranda yaşanan hadisələr yalnız bu ölkənin daxili problemi kimi qiymətləndirilə bilməz və region ölkələrinə də mənfi təsir göstərir:

 

“İrandakı kütləvi etiraz dalğasının yaratdığı vəziyyət bütövlükdə Yaxın Şərqdə gedən proseslərə, eləcə də Cənubi Qafqazdakı situasiyaya neqativ təsir edən amildir. Bu səbəbdən İranla həmsərhəd olan bütün ölkələr baş verənləri çox diqqətlə izləyir və mümkün xoşagəlməz ssenarilərə qarşı əvvəlcədən hazırlıq görməyə çalışırlar”.

Politoloqun sözlərinə görə, Azərbaycan da İranın qonşusu kimi mövcud vəziyyətdən narahatdır və proseslərin mümkün qədər tez stabilləşməsində maraqlıdır:

“Azərbaycan üçün əsas məqamlardan biri İranla mövcud olan iqtisadi və ticari əlaqələrdir. Kütləvi etirazların uzanması bu münasibətlərə müəyyən problemlər yarada bilər. Əgər ölkə daxilində vəziyyət nəzarətdən çıxarsa, bu zaman iki ölkə arasında iqtisadi-ticari əlaqələr daha ciddi zərbə ala bilər”.

Elçin Xalidbəyli İranda mümkün xaosun humanitar risklər doğura biləcəyini də istisna etmir:

“Vəziyyətin nəzarətdən çıxması halında İran ərazisindən Türkiyə, Azərbaycan və digər qonşu müsəlman ölkələri istiqamətində kütləvi qaçqın axını ehtimalı yarana bilər. Bu isə istənilən ölkə üçün ciddi problemdir. Müasir dünyada heç bir dövlət böyük miqyaslı qaçqın axını ilə üzləşməkdə maraqlı deyil”.

Politoloq vurğulayıb ki, hazırkı mərhələdə proseslər kritik həddə çatmayıb və ən mənfi ssenarilər yalnız İran hakimiyyətinin vəziyyətə nəzarəti itirəcəyi halda baş verə bilər:

“Hazırda neqativ ssenarilər qaçılmaz deyil. Lakin siyasi rejim ölkəyə nəzarəti itirərsə və ya vətəndaş qarşıdurması dərinləşərsə, bu, region üçün ciddi təhlükələr yarada bilər”.

//Gülnarə Abasova, Editor.az

Seçilən
25
50
editor.az

10Mənbələr