“İranda baş verən prosesləri analiz və təhlil etmək üçün mövzunu bir neçə əsas müstəvidə dəyərləndirmək zəruridir. İlk növbədə İran ilə Venesuela arasındakı fundamental fərqləri düzgün müəyyənləşdirmək lazımdır”.
Bunu Hafta.az-a siyasi şərhçi Azər Hüseynov İranda mövcud durumu dəyərləndirərkən deyib. O, vurğulayıb ki, İran tarixi, siyasi və coğrafi baxımdan köklü bir mövcudiyyətə malikdir.
Ekspert qeyd edib ki, bu ölkə minilliklər boyunca formalaşmış dövlətçilik ənənəsinə, davamlı siyasi kimliyə və oturuşmuş demoqrafik resursa sahibdir. Onun sözlərinə görə, İran, ərəb-İslam hakimiyyəti dövrü istisna olmaqla, müxtəlif mərhələlərdə türk sülalələrinin idarəsi altında olsa belə, “İran” olaraq tarixi-siyasi mövcudiyyətini qoruyub saxlayıb:
“Azərbaycan cəmiyyətində geniş yayılmış yanlış anlayışlardan biri də “İran” anlayışının yalnız farsların dövləti kimi təqdim edilməsidir. Halbuki İran, həm türk xalqlarının, həm də İran dilli xalqların birgə formalaşdırdığı mürəkkəb və çoxqatlı siyasi reallıqdır. Bu məsələyə obyektiv yanaşmaq istəyənlər üçün Məhəmməd Əmin Rəsulzadənin “Əsrimizin Səyavuşu” əsəri mühüm intellektual mənbədir. Rəsulzadə burada Səyavuş obrazını İran və türk xalqlarının ortaq mədəni-siyasi simvolu kimi təqdim edir.
Venesuela isə tarixi baxımdan dərin dövlətçilik ənənəsinə malik olmayan, daha çox müstəmləkəçilik sonrası proseslərin nəticəsi olaraq formalaşmış bir dövlətdir. Venesuela cəmiyyəti vahid və formalaşmış demoqrafik-siyasi resurs deyil; bu ölkənin siyasi reallığı tarixi köklərdən çox, keçici proseslərin məhsuludur.
Bu kontekstdə Maduro ilə Xamenei arasındakı fərqləri müqayisə etmək daha aydın nəticələr verir. Maduro ideoloji baxımdan sosialist şüarlarla hakimiyyətə gəlmiş, müəyyən siyasi ənənənin davamçısı kimi çıxış etmişdir. Lakin beynəlxalq siyasi-iqtisadi sistem daxilində bu ideyaları praktik müstəvidə reallaşdıra bilməmiş, eyni zamanda xalqın böyük bir hissəsi ilə dərin ideoloji və mənəvi bağ qura bilməmişdir. Məhz bu səbəbdən onun hakimiyyətdən uzaqlaşdırılması ehtimalına Venesuela cəmiyyətində ciddi və kütləvi reaksiya müşahidə olunmamışdır.
Xamenei isə sırf siyasi lider deyil, eyni zamanda dini-ideoloji liderdir. Hətta bütün iranlılar üçün olmasa belə, şiə teokratik sistemində xüsusi mövqeyə malikdir və ideoloji, dini, ruhani baxımdan ona bağlı olan geniş kütlələr mövcuddur. Bu bağlılıq əsasən iqtisadi maraqlardan deyil, siyasi-əqidəvi və ideoloji faktorlar üzərindən formalaşır.
Digər mühüm məqam ondan ibarətdir ki, İran cəmiyyətinin müəyyən hissəsi üçün Xamenei sadəcə dini lider yox, həm də milli-siyasi fiqurdur. 12 günlük İsrail-İran qarşıdurması zamanı bunu aydın şəkildə müşahidə etdik: xarici təhlükə fonunda, hətta sekulyar təbəqələrin bir hissəsi belə ölkənin parçalanmaması naminə mövcud hakimiyyətin ətrafında birləşdi”.
Ekspert bildirib ki, İranın yerləşdiyi coğrafiya da xüsusi əhəmiyyət daşıyır. Yaxın Şərq bölgəsi qlobal logistik, enerji və iqtisadi layihələrin kəsişmə nöqtəsidir. Bu regionda demək olar ki, bütün aktorlar silahlıdır və təhlükəsizlik son dərəcə kövrəkdir. İranda mümkün rejim dəyişikliyi yalnız daxili siyasi transformasiya deyil, uzunmüddətli regional destabilizasiya, münaqişələr, müharibələr, qaçqın axını və idarəolunmaz xaos riski deməkdir. Bu baxımdan ekspert hesab edir ki, İranın Venesuela ilə eyniləşdirilməsi elmi və siyasi baxımdan yanlışdır:
“Bütün rejimlər kimi, İran teokratik sistemi də əbədi deyil və onun ciddi problemləri mövcuddur. Bu problemlərdən biri də hakimiyyət daxilində siyasi baxış fərqlərinin olması və cəmiyyətin müəyyən hissəsi ilə ideoloji bağların zəifləməsidir. Xüsusilə vurğulamaq lazımdır ki, İran cəmiyyəti kifayət qədər rəngarəngdir və təxminən yarısı sekulyar dünyagörüşünə yaxındır. Bu isə o deməkdir ki, rejimin cəmiyyətin bütün təbəqələri ilə ideoloji əlaqəsi yoxdur. Lakin digər yarısı ilə kifayət qədər güclü və dərin bağlılıq mövcuddur. İranın əsas iqtisadi problemlərinin kökündə onun beynəlxalq iqtisadi sistemə tam şəkildə inteqrasiya edə bilməməsi dayanır. Sanksiyalar, siyasi izolyasiya və struktur problemlər bu prosesi daha da dərinləşdirir”.
Tahirə Qafarlı