Dünən Güney Azərbaycanın ən böyük şəhərlərindən biri olan Təbrizdə kütləvi etiraz aksiyası keçirilib.
Şəhərin müxtəlif ərazilərində toplaşan yüzlərlə, bəzi məlumatlara görə isə minlərlə sakin mövcud vəziyyətə etiraz edərək küçələrə çıxıb.
Aksiya zamanı etirazçılar sosial, siyasi və milli narazılıqlarını açıq şəkildə ifadə ediblər. Nümayişçilər tərəfindən “Azərbaycan şərəfdir, Pəhləvi bişərəfdir!” şüarları səsləndirilib. Bu şüarlar aksiyanın təkcə sosial-iqtisadi deyil, eyni zamanda milli və siyasi məzmun daşıdığını göstərib.
Sosial şəbəkələrdə yayılan video və fotomateriallarda aksiyanın geniş miqyas aldığı, şəhərin müxtəlif nöqtələrində insanların bir araya gəldiyi görünür. Kadrlarda etirazçıların ardıcıl şəkildə şüarlar səsləndirdiyi, bəzi ərazilərdə isə təhlükəsizlik qüvvələrinin hərəkətə keçdiyi diqqət çəkir. Lakin rəsmi Tehran tərəfindən aksiyanın miqyası və mümkün saxlanmalarla bağlı hələlik açıqlama verilməyib.
Müşahidəçilər bildirirlər ki, Təbrizdə baş verən bu aksiya İranda son günlərdə müxtəlif şəhərləri əhatə edən etiraz dalğasının tərkib hissəsidir. Xüsusilə Güney Azərbaycanda milli kimlik, sosial ədalətsizlik və mərkəzi hakimiyyətin siyasətinə qarşı narazılıqların daha açıq formada səsləndirilməsi son dövrlərdə diqqətçəkən tendensiyaya çevrilib.
Qeyd edək ki, son günlər İranın bir sıra şəhərlərində, o cümlədən Tehran, Məşhəd, İsfahan və Təbrizdə etiraz aksiyaları qeydə alınıb. Etirazların fonunda hakimiyyətin təhlükəsizlik tədbirlərini sərtləşdirdiyi, bəzi bölgələrdə isə internet və rabitə məhdudiyyətlərinə əl atıldığı bildirilir.
Təbrizdə baş verən bu kütləvi etirazların səbəbləri, sosial-iqtisadi, siyasi və milli motivləri necə qiymətləndirilə bilər, bu dalğa Güney Azərbaycanda milli kimlik və sosial ədalət məsələlərinə dair mövcud narazılıqları hansı səviyyədə əks etdirir və İran mərkəzi hakimiyyətinin potensial reaksiyası, həmçinin bölgədə gərginliyin uzunmüddətli təsirləri barədə hansı proqnozları vermək olar?

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışanan siyasi şərhçi Samir Əsədli qeyd edib ki, Urmuda səslənən “Azərbaycan şərəfdir, Pəhləvi bişərəfdir” şüarı təsadüfi deyil:
“Bu ifadə nə təkcə mövcud molla rejiminə yönəlmiş etirazdır, nə də keçmiş monarxiya dövrünə dair emosional yanaşmadır. Bu şüar Güney Azərbaycanın illərdir formalaşan siyasi və milli mövqeyinin açıq ifadəsidir.
İranda son günlər sosial və iqtisadi narazılıqlar fonunda etiraz aksiyaları genişlənməkdədir. Uzun müddət bu proseslərə ehtiyatla yanaşan Azərbaycan bölgəsində Urmuda keçirilən aksiya və səslənən şüar xüsusi diqqət cəlb edib. Bu, təsadüfi reaksiya deyil, dərin tarixi təcrübəyə əsaslanan mövqedir. Xalq küçələrdə ağır təzyiqlərlə üz-üzə qaldığı bir zamanda, ölkədən kənarda yaşayan Pəhləvi sülaləsinin varisinin hakimiyyət iddiaları ilə gündəmə gəlməsi cəmiyyətdə ciddi narazılıq doğurub. Bu iddialara cavab məhz küçələrdən gəlib. Güney Azərbaycan susmur və öz iradəsini açıq şəkildə ifadə edir.
Etirazların intensivləşdiyi günlərdə Cənubi Azərbaycanın mərkəzi şəhəri Təbrizdə də aksiyalar keçirilib. Axşam saatlarından etibarən Təbrizin tarixi qapalı bazarının və ətraf ticarət mərkəzlərinin fəaliyyətini dayandırması etirazlara dəstək kimi qiymətləndirilir. Bu addım yalnız simvolik deyil, eyni zamanda rejimin iqtisadi dayaqlarına yönəlmiş açıq mesajdır”.
Şərhçinin sözlərinə görə, yayılan məlumatlara görə, yanvarın 10-u üçün Təbriz, Urmiya, Ərdəbil və Zəncan daxil olmaqla bir sıra iri şəhərlərdə mərkəzi meydanlara çıxmaq çağırışları edilib:
“Bu çağırışlar etirazların daha geniş coğrafiyanı əhatə edəcəyini göstərir. Təbriz və Ərdəbildə keçirilən aksiyalarda “Azadlıq, Ədalət, Milli Hökumət” şüarlarının səsləndirilməsi diqqət çəkib. Aksiyalarda həm İslam Respublikası rejiminə, həm də Pəhləvi tərəfdarlarına qarşı etiraz ifadələri yer alıb. Bu fakt Güney Azərbaycanın təkcə mövcud rejimə deyil, bütövlükdə fars-mərkəzçi idarəetmə modelinə qarşı olduğunu göstərir. Güney Azərbaycan molla rejiminin Pəhləvi sülaləsi ilə əvəz olunmasını qəbul etmir. Təbrizdə, Ərdəbildə və digər şəhərlərdə səslənən “Azərbaycan şərəfdir, Pəhləvi bişərəfdir” şüarı bu mövqenin xalq səviyyəsində formalaşdığını sübut edir. Bu reallıq Qərbin, xüsusilə ABŞ-nin siyasi və ekspert dairələri tərəfindən də düzgün dəyərləndirilməlidir. Tarixi təcrübə göstərir ki, Pəhləvi rejimi İranda yaşayan qeyri-fars xalqlara indiki molla rejimindən az zülm etməyib. Qərbdə molla rejiminə alternativ kimi Rza Pəhləvinin təqdim edilməsi Güney Azərbaycan cəmiyyətində qəbul olunmur. İranda yaşayan milyonlarla azərbaycanlı üçün molla rejimi ilə Pəhləvi monarxiyası arasında mahiyyət etibarilə fərq yoxdur. Hər iki sistem türklərin milli, siyasi və mədəni hüquqlarını sistemli şəkildə inkar edib”.
Samir Əsədli bildirib ki, Rza Pəhləvinin hakimiyyətə gəldiyi təqdirdə demokratik seçkilər keçirəcəyi ilə bağlı açıqlamaları Azərbaycan türkləri tərəfindən inandırıcı hesab edilmir:
“Pəhləvi sülaləsinin tarixi demokratik idarəçiliklə deyil, zorakı mərkəzləşmə, assimilyasiya və farslaşdırma siyasəti ilə yadda qalıb. Bu sülalənin geri dönüşü İranda mərkəzdənqaçma meyllərini daha da gücləndirə, vətəndaş qarşıdurması riskini artıra bilər. Regionda İraq və Suriyada baş vermiş proseslərin təkrarlanması ehtimalı ciddi təhlükə kimi qiymətləndirilir. 1925-ci ildən hakimiyyətə gəlmiş Pəhləvi rejimi fars şah rejimi olmuş, 1979-cu ildə onu devirən molla rejimi isə fars molla idarəçiliyini davam etdirmişdir. Hər iki rejim türklərə və digər qeyri-fars xalqlara azadlıq və bərabərlik gətirməyib. Əksinə, etnik ayrı-seçkilik və milli sıxışdırma ardıcıl şəkildə davam edib. Türk dili təhsildən kənarlaşdırılıb, ana dilində məktəblərin açılmasına icazə verilməyib, türk kimliyi sistemli şəkildə sıxışdırılıb. Bu gün Güney Azərbaycanda səslənən şüarlar aydın mesaj verir. Bu mesaj nə şahçılığın, nə də mollakratiyanın qəbul edildiyini göstərir. Güney Azərbaycan öz milli iradəsini, öz gələcəyini və öz idarəetmə haqqını tələb edir. İranda Azərbaycan türkləri var və onlar bu coğrafiyanın susdurula bilməyən əsas siyasi və milli güclərindən biridir”.