Prezident İlham Əliyev "Dövlət rüsumu haqqında" qanuna dəyişiklikləri təsdiq edib. Bəs həmin dəyişikliklərdə hansı yeniliklər var? Yenilik.az bu sualla hüquqşünas Xanlar Sətullayevə müraciət edib. Hüquqşünas bildirib ki, “Bütün digər qanunlarda edilən dəyişikliklər kimi sözügedən qanundakı dəyişikliklər də vətəndaşların, xüsusilə cəmiyyətin həssas təbəqəsinin vəziyyətinin daha da yaxşılaşdırılmasına yönəlib. Belə ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanunun 6-cı və "Dövlət rüsumu haqqında" qanunun 26-cı maddələrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsinə, daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınması ilə bağlı reyestrdən çıxarışın, texniki sənədlərin (pasport və plan ölçü) verilməsi, torpaq sahələri üzərində hüquqların qeydiyyatı üçün mərzçəkmə işlərinin görülməsi, daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsi; ipotekanın dövlət qeydiyyatına alınması, eləcə də daşınmaz əmlaka dair digər hüquqi hərəkətlərə görə tutulan dövlət rüsumunun dərəcələri müəyyən edilib.”
Hüquqşünas vurğulayıb ki, dəyişikliyin ən mühüm cəhəti budur ki, bu dəyişikliyə əsasən sosial cəhətdən həssas təbəqə olan müharibə, 20 Yanvar hadisələri, həmçinin hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar (o cümlədən Çernobıl AES-də hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar) əlilliyi müəyyən edilmiş şəxslərin, habelə şəhid ailəsi statusu almış şəxslərin həmin xidmətlərə və hüquqi hərəkətlərə görə dövlət rüsumundan azad olunur.