Ötən illərdən bağlı qalmış cinayət işlərinin üstünün açılması, o cümlədən itkin düşmüş şəxslərlə bağlı faktların araşdırılması məqsədilə prokurorluq orqanları tərəfindən aidiyyəti dövlət qurumları ilə birgə kompleks tədbirlər həyata keçirilir. Həyata keçirilən tədbirlərin davamı olaraq, Xaçmaz Rayon Prokurorluğu və rayon polis şöbəsi əməkdaşlarının birgə fəaliyyəti nəticəsində 2023-cü ilin yanvar ayında itkin düşmüş Xaçmaz rayonu sakini, 1987-ci il təvəllüdlü Əmirəddin Əkbərovun qəsdən öldürülməsi müəyyən edilib.
Bu barədə Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin yaydığı birgə məlumatda bildirilib.
Vurğulanıb ki, istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində 1975-ci il təvəllüdlü Surəddin Həsənalıyevin aralarında yaranmış mübahisə zamanı Əmirəddin Əkbərovu odlu silahdan atəş açaraq qəsdən öldürməsi və cinayətin izlərini itirmək üçün meyiti basdırmasına əsaslı şübhələr müəyyən edilib. Ə.Əkbərovun meyitinin basdırıldığı yer müəyyən olunaraq prokuror-kriminalistin və ekspertin iştirakı ilə çıxarılıb, aidiyyəti üzrə müayinənin aparılması üçün ekspertizaya təqdim edilib.
Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb. S.Həsənalıyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.
Hazırda iş üzrə istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.