Dünya bir azacıq nağıllanaydı,
Işıqlar yerdə yox, göydə yanaydı…
Bütün şeirlərində bir nağıl danışan, nisgil, həsrət, sevgi dolu sətirləri ilə yaratdığı səmimi münasibətin fonunda adətən ədalət axtarışında olan xalqın şairi Nəriman Həsənzadə ömrünün 94-cü ilində heç cür ipə-sapa yatmayan dünyaya bir ustad dərsi keçdi. 94 yaşında xəstəxanadan çıxar-çıxmaz qədimlə yenini bir araya gətirərək yazı makinasında yeni əsər yazmağa başlayıb. Şairin makinada özündən xəbərsiz çəkilmiş 15 saniyəlik görüntüsü “gündəm” yaratdı. Bu gündəm bir ölkənin başqa bir dövlətin rəhbərini qaçıraraq güc nümayişi göstərdiyi bir qarışıq xaos dönəmi ilə hər nə qədər təzad təşkil etsə də, sözün dünyanı xilas edəcəyinə az da olsa, ümidləndirdi hər kəsi. Dünyanın nağıl ola biləcəyinə, müharibə, terror, aclıq, susuzluq, xəstəlik dövrünün başa çataraq göydən üç almanın düşəcəyi günə inandırdı bizi:
“Biz yerdə itəydik . . . ruhu, fikri şən,
Eh, göydən üç alma düşür deyəsən”.
Dünyanın qan çanağına döndüyü, insanların bir-birini aldatmağa, incitməyə, məhv etməyə susadığı bir zamanda makinasına bərk-bərk sarılaraq sözün gücündən ilhamlanan birinin var olduğunu bilmək, düzü, insanı ağ qoçun hələ də var olduğuna inandırır. Gündən-günə artan, qarşısıalınmaz mal-mülk, var-dövlət, sərvət hərisliyinin baş alıb getdiyi bir dönəmdə sözə sığınan, sözlə yaşayan birini görmək, kim bilir, şairin nə qədər sentimental oxucusunu sevindirdi.
Yayılan görüntülərə cəmiyyətin birmənalı olaraq müsbət yanaşması təkcə şairin bu yaşında yazıb-yaratmaq eşqinə hörmət əlaməti deyil, problemlər və qayğılarla yüklənmiş bir toplumun hələ də sözün sehrinə, gücünə inamını itirmədiyini göstərir. Bəzi dəyərlər var ki, toxunulmazdır. Həmin dəyərlərin unudulmaması, o dəyərlərlə var olub yaşamaq, o dəyərlərin dünyanı dəyişmək gücünə malik olduğuna hələ də inanmaq – inandırmaq şairin ötürdüyü ən gözəl mesaj oldu.
Nəriman Həsənzadə, fransızların təbirincə desək, metrdir– milli dəyərlərə söykənən ustad.
Kim bilir, yazı makinasında dünyaya daha bir mesaj ötürəcək hansı şah əsər yaranır?!
Nəriman Həsənzadə öz dünyası, söz dünyası ilə elə dünyanın özü boyda dünyadır. Bu dünyada hər kəs rahatlıq tapır…
Nuranə Abbasova