BAKI, 3 yanvar. TELEQRAF
Türkiyə Xarici İşlər Nazirliyi Venesuelada yaranmış böhranın beynəlxalq hüquq çərçivəsində nizamlanmasına töhfə verməyə hazır olduğunu bəyan edib və tərəfləri təmkinli olmağa çağırıb.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə XİN-in yaydığı rəsmi bəyanatda qeyd olunub.
Bəyanatda bildirilib ki, Ankara Venesuelada baş verən son hadisələri diqqətlə izləyir və ölkənin sabitliyinə, eləcə də xalqının sülh və rifahına böyük önəm verir.
“Hazırkı vəziyyətin regional və beynəlxalq təhlükəsizlik üçün mənfi nəticələr doğurmaması üçün bütün tərəfləri təmkin nümayiş etdirməyə çağırırıq. Türkiyə beynəlxalq hüquq çərçivəsində Venesueladakı böhranın həllinə hər cür konstruktiv töhfə verməyə hazırdır”, - deyə sənəddə vurğulanıb.
Nazirlik həmçinin Türkiyənin Karakasdakı səfirliyinin Venesuelada olan Türkiyə vətəndaşları ilə daimi əlaqə və koordinasiyanı davam etdirdiyini bildirib.