AZ

İşğaldan azad edilən ərazilərdəki vergi və gömrük güzəştləri Naxçıvana da tətbiq ediləcək

BAKI,TurkicWorld

Bu gündən işğaldan azad edilmiş ərazilərdə tətbiq edilən vergitutmanın xüsusiyyətləri və vergidən azadolmalar Naxçıvan Muxtar Respublikasına münasibətdə də şamil ediləcək.

TurkicWorld-in məlumatına görə, bu məsələ Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb.

Qanuna əsasən, Naxçıvan Muxtar Respublikasının rezidenti dedikdə Naxçıvan Muxtar Respublikasında və ya mərkəzləşdirilmiş qaydada vergi uçotuna alınan və bilavasitə Naxçıvan Muxtar Respublikasının ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslər başa düşülür.

Naxçıvan Muxtar Respublikasının rezidentləri 2026-cı il yanvarın 1-dən etibarən 10 il müddətinə mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergidən azad edilib.

Naxçıvan Muxtar Respublikasının rezidenti olan hüquqi şəxslərin səhmdarlarının (payçılarının) dividend gəlirləri 2026-cı il yanvarın 1-dən etibarən 10 il müddətinə vergidən azad edilib.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığı və Naxçıvan Muxtar Respublikasının ərazisində yerləşən sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında istehsal, elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin görülməsi məqsədilə xammal və materialların idxalı 2026-cı il yanvarın 1-dən etibarən 10 il müddətinə ƏDV-dən azad edilib.

İnvestisiya təşviqi sənədini almış Naxçıvan Muxtar Respublikasının rezidenti olan hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında istehsal və xidmətlərin göstərilməsi (işlərin görülməsi) məqsədilə xammal və materialların idxalı 2026-cı il yanvarın 1-dən etibarən 10 il müddətinə ƏDV-dən azad edilib.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığı və Naxçıvan Muxtar Respublikasının ərazisində yerləşən sənaye məhəllələrinin rezidenti olan hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında istehsal məqsədilə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların idxalı 2026-cı il yanvarın 1-dən etibarən 10 il müddətinə ƏDV-dən azad edilib.

ƏDV-nin məqsədləri üçün qeydiyyatda olan Naxçıvan Muxtar Respublikasının rezidentləri tərəfindən siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların idxalı ƏDV-dən azad edilməyib.

"Gömrük tarifi haqqında" Qanunda dəyişiklik edilməsi barədə Qanun

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığı və Naxçıvan Muxtar Respublikasının ərazisində yerləşən sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında istehsal, elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin görülməsi məqsədilə xammal və materialların idxalı 2026-cı il yanvarın 1-dən 10 il müddətinə gömrük rüsumlarından azad edilib.

İnvestisiya təşviqi sənədini almış Naxçıvan Muxtar Respublikasının rezidenti olan hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında istehsal və xidmətlərin göstərilməsi (işlərin görülməsi) məqsədilə xammal və materialların idxalı 2026-cı il yanvarın 1-dən 10 il müddətinə gömrük rüsumlarından azad edilib.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığı və Naxçıvan Muxtar Respublikasının ərazisində yerləşən sənaye məhəllələrinin rezidenti olan hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında istehsal məqsədilə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların idxalı 2026-cı il yanvarın 1-dən 10 il müddətinə gömrük rüsumlarından azad edilib.

Qeyd edək ki, dəyişikliklər 2026-cı il 1 yanvar tarixindən qüvvəyə minib.

Seçilən
55
14
turkic.world

10Mənbələr