Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Elxan Oqtay oğlu İbrahimov Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Cəmi 48 gün icra başçısı qalan Elxan İbrahimovun dosyesini təqdim edirik:
43 yaşlı sabiq icra başçısı 2003-cü ildə Azərbaycan Kooperasiya Universitetinin “Maliyyə və kredit” ixtisası üzrə bakalavr, 2005-ci ildə eyni ixtisas üzrə magistratura səviyyəsini başa vurub, daha sonra Stokholm İqtisadiyyat Məktəbində təhsil alıb.
2025-ci ildə Prezident yanında Dövlət İdarəçilik Akademiyasında “Dövlət və bələdiyyə idarəetməsi” ixtisası üzrə təhsilini başa vurub.
Əmək fəaliyyətinə 2006-cı ildə Kooperasiya Universitetində müəllim kimi başlayıb. Sonralar “Holiday Inn Baku Airport” hoteldə, “Baker Tilly” audit şirkətində, “Embawood” şirkətlər qrupunda və digər holdinqlərdə maliyyə sahəsi üzrə rəhbər vəzifələrdə çalışıb.
2020-ci ilin aprel ayından Şamaxı Rayon İcra Hakimiyyəti Başçısı Aparatında Başçının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində işləyib.
E.İbrahimov Nəsimi rayonundan əvvəl Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı olub.
Yeni Azərbaycan Partiyasının üzvüdür. İngilis və rus dillərini bilir.