AZ

48 gündən sonra işdən çıxarılan icra başçısı – Köməkçi MÜƏMMASI

“Yeni Sabah”ın əldə etdiyi xəbərə görə, işdən çıxarılması E.İbrahimov üçün gözlənilməz olub.

Belə ki, o, bu gün iş başında olub, vətəndaş qəbulu keçirib, şikayətləri dinləyib. Qəbul başa çatandan bir qədər sonra icra başçısına işdən çıxarılması barədə məlumat verilib.

Amma E.İbrahimovun vəzifədən azad olunması təkcə onun üçün deyil, çoxları üçün də gözlənilməz haldır. Çünki ölkədə son illərdə yüksək vəzifəli məmurun belə qısa müddətdən sonra işdən çıxarılması faktı olmayıb.

E.İbrahimov bu vəzifəyə noyabrın 12-də təyinat almışdı və Nəsimi rayonuna cəmi 48 gün rəhbərlik edib.

O, bu müddət ərzində İcra Hakimiyyətində bir sıra kadr dəyişiklikləri etmişdi.

E.İbrahimov əvvəlcə icra başçının köməkçisi Elbrus Məmmədovu işdən çıxarıb. Yerinə isə Kürdəmir Rayon İcra Hakimiyyətində köməkçisi olmuş Ceyhun İsmayılovu gətirib. Bununla bağlı rəsmi əmr imzalanmaqla yanaşı dəyişiklilər Nəsimi Rayon İcra Hakimiyyətinin saytında da əksini tapıb. Köməkçi bölməsində Elbrus Məmmədovun adı silinib, yerinə Ceyhun İsmayılovun adı əlavə olunub.

Amma bir neçə gündən sonra E.İbrahimov C.İsmayılovu da işdən çıxarıb. Keçmiş köməkçinin adı İcra Hakimiyyətinin rəsmi saytından da silinib. Amma keçmiş icra başçısının köməkçisini qısa müddətdən sonra işdən çıxarmasının səbəbi məlum deyil.

E.İbrahimovun ən diqqətçəkən dəyişikliklərindən bir də icra başçısının müavini Ramiz Quliyevi vəzifəsindən azad etməsi idi. R.Quliyev dekabrın 14-də işdən çıxarılıb. O, 4 il bu vəzifədə çalışıb.

Qeyd edək ki, Elxan İbrahimov 1982-ci ildə Bakı şəhərində anadan olub. 2003-cü ildə Azərbaycan Kooperasiya Universitetinin “Maliyyə və kredit” ixtisası üzrə bakalavr, 2005-ci ildə eyni ixtisas üzrə magistratura səviyyəsini başa vurub,  daha sonra Stokholm İqtisadiyyat Məktəbində təhsil almışdır. 2025-ci ildə Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Dövlət və bələdiyyə idarəetməsi” ixtisası üzrə təhsilini başa vurub.

Əmək fəaliyyətinə 2006-cı ildə Azərbaycan Kooperasiya Universitetində müəllim kimi başlayıb. Sonralar  “Holiday Inn Baku Airport” otelində, “Baker Tilly” audit şirkətində, “Embawood”  şirkətlər  qrupunda  və  digər  holdinqlərdə maliyyə sahəsi üzrə rəhbər vəzifələrdə çalışıb. 2020-ci ilin aprel ayından Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini, 18 fevral 2022-ci il tarixdən Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib.

Yeni Azərbaycan Partiyasının üzvüdür. Evlidir, 3 övladı var.

Seçilən
14
12
editor.az

10Mənbələr