Dövlətə xəyanət ittihamı ilə istintaqa cəlb olunmuş Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin illər ərzində formalaşdırdığı kadr şəbəkəsi də saf-çürük edilir.
Xəbər verilir ki, Prezident İlham Əliyevin sərəncamı ilə Elxan Oqtay oğlu İbrahimovun Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi bu prosesin ən son nümunələrindən biri kimi dəyərləndirilir. Maraqlıdır ki, Elxan İbrahimov bu vəzifəyə noyabrın 12-də təyin edilmişdi. Yəni onun Nəsimi rayonundakı fəaliyyəti 2 ay belə çəkmədi.
Bu qədər qısa müddətdə vəzifədən azadetmə istər-istəməz suallar doğurur: Nə baş verdi?
Məlumata görə, Elxan İbrahimov Nəsimiyə təyin olunmazdan əvvəl Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. Bu məqam onun Ramiz Mehdiyev dönəmində formalaşmış kadrlar sırasında yer aldığını deməyə əsas verir. İndi isə görünür, həmin keçmiş bağlantılar artıq onun üçün üstünlük deyil, əksinə, ciddi risk faktoruna çevrilib.
Eyni prosesin Astara Rayon İcra Hakimiyyətində də baş verdiyi bildirilir. Gununsesi.info-nun məlumatlı mənbələrə istinadən yaydığı xəbərə görə, Qəzənfər Ağayevin vəzifədən azad olunması ilə bağlı Prezident Administrasiyası rəhbərliyində artıq ümumi rəy formalaşıb.
Mənbələr bildirir ki, bu qərarın əsas motivi Qəzənfər Ağayevin Ramiz Mehdiyevin “köhnə və sadiq kadrlarından” biri olmasıdır. Yəni söhbət təkcə idarəetmə problemlərindən yox, daha geniş sistemli təmizləmə prosesindən gedir.
Baş verənlər onu göstərir ki, ölkənin icra strukturlarında artıq yalnız formal deyil, mahiyyət etibarilə də yenilənmə mərhələsi başlayıb. Bu mərhələdə əsas meyar əvvəlki dövrlərdə kimə yaxın olmaq yox, indiki idarəetmə fəlsəfəsinə uyğunluqdur.
Ramiz Mehdiyev dönəminin “toxunulmaz” sayılan kadrları bir-bir icea strukturlarından kənarlaşdırılır. Nəsimi və Astara nümunələri isə göstərir ki, proses ardıcıl və planlı şəkildə həyata keçirilir.
"Növbədə kimlər var" sualına çox güman ki, yaxın vaxtlarda cavab veriləcək.
E.MƏMMƏDƏLİYEV,