AZ

Prezident İlham Əliyev “Bakı Ağ Şəhər”də olub – FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva dekabrın 29-da “Bakı Ağ Şəhər”də olublar.

AZƏRTAC xəbər verir ki, “Bakı Ağ Şəhər” layihəsinin icraçı direktoru Ruslan Sadıxov dövlətimizin başçısına və birinci xanıma burada icra olunmuş və hazırda həyata keçirilən işlər barədə məlumat verdi.

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları əvvəlcə “Qarabağ atları” heykəltaraşlıq kompleksi ilə tanış oldular. Vətən müharibəsindəki Qələbəmizə həsr edilmiş və milli irsimizin rəmzi olan bu kompleks “Qarabağ atları” meydanında ucaldılıb. Kompleksdə “Soltan”, “Ürək”, “Sereyin”, “Aypara”, “Şöhrət”, “Ötqəm” və “İldırım” adlı ümumilikdə 7 Qarabağ atının heykəli var.

Bu kompleksin təməlini 2022-ci ilin dekabrında Prezident İlham Əliyev qoyub. Kompozisiya amerikalı heykəltaraş Robert Sammers tərəfindən yaradılıb. Onun Dallas şəhərində “Mal-qara sürülməsi”, Kaliforniya hava limanında “Con Ueyn” və digər əsərləri dünyaca məşhurdur.

Sonra dövlətimizin başçısı, birinci xanım və qızları “Bakı Ağ Şəhər”də Babək kvartalında həyata keçirilən işlərlə tanış oldular. Hazırda bu layihənin icrası istiqamətində işlər uğurla davam edir. Ərazisi 31 hektar olan kvartalda yeni park, məktəb binası, metronun bənövşəyi xəttində yeni stansiya, sərnişinlərin rahat hərəkəti üçün böyük nəqliyyat qovşağı, həmçinin çoxfunksiyalı qeyri-yaşayış, ictimai və yaşayış binalarının inşası planlaşdırılır. Ərazidə kafelər, uşaq oyun meydançası və digər sosial infrastruktur yaradılacaq. Bundan başqa, yaxınlıqda 2, 3, 6, 8 və 20 mərtəbəli binalar tikiləcək.

Kvartal Bakının mühüm nəqliyyat arteriyası olan Babək prospekti, “Ağ Şəhər” çərçivəsində salınmış, üç böyük prospektlə kəsişən, eni 45 metr olan Xaqani Rüstəmov küçəsi ilə əhatə olunub. Kvartalın cənub hissəsində yerləşən, metronun “Xətai” stansiyasından keçən Süleyman Vəzirov küçəsi də Babək prospekti ilə birləşir. Bu küçədəki dairədən Babək prospektinə qədər eni 34 metr, uzunluğu isə 1 kilometrdən çox olan dördzolaqlı yol yenidən qurulub. Hazırda Süleyman Vəzirov küçəsini Babək prospekti ilə birləşdirən, eni 32 metr olan iki əlavə yol qovşağının tikintisi üzrə işlər davam etdirilir. Bu küçə boyunca piyadaların rahat hərəkəti üçün eni 7 metr olan geniş səkilər salınıb, ağac və gül kolları əkilib, yerüstü piyada keçidləri, elektrik avtomobilləri üçün enerjidoldurma məntəqəsi, yanacaqdoldurma məntəqəsi və digər zəruri infrastruktur yaradılıb. Avtomobillərin rahat hərəkəti və sıxlığın qarşısının alınması üçün zəruri yerlərdə dönmə və geriyə çevrilmə zolaqları nəzərdə tutulub. Layihə çərçivəsində məktəbin qarşısında piyadaların parka və Bakı Avropa Liseyinə rahat hərəkətini təmin etmək məqsədilə piyada körpüsü quraşdırılıb.

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Palıd meydanı parkında ilk palıd ağacını əkdilər.

Qeyd edək ki, parkda çox sayda palıd, çinar, zeytun, ağcaqayın, maqnoliya, palma və digər mövsümi ağacların əkilməsi planlaşdırılır.

Dövlətimizin başçısı, birinci xanım və qızları “Bakı Ağ Şəhər”də Zaman meydanı və buradakı piyada körpüsünün açılışında da iştirak etdilər

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya görülmüş işlər barədə məlumat verdi.

Uzunluğu 234, eni isə 7-13 metr arasında dəyişən körpü “Bakı Ağ Şəhər”də piyadaların rahatlığının təmin edilməsində mühüm rol oynayacaq. Piyadalar onun vasitəsilə 8 Noyabr prospektində yerləşən Zaman meydanına, Babək prospektindən Mərkəzi Park rayonuna, Fəvvarələr meydanından isə Ağ Şəhər Bulvarına rahat gedə biləcəklər. Körpüdə quraşdırılan eskalator və liftlər metronun yeni “Ağ Şəhər” stansiyasına keçidi təmin edəcək.

8 Noyabr küçəsində yerləşən və 8 min kvadratmetrə yaxın ərazini əhatə edən Zaman meydanı gözəl landşaft və fəvvarələr kompleksi ilə əhatə olunub. Bura incəsənət və mədəniyyət həvəskarlarının məkanına çevrilib. Belə ki, meydanda bir çox yerli və xarici məşhur sənətkarların əsərləri nümayiş olunur. Meydan dünyada məşhur rəssam Konstantin Krik tərəfindən məhz “Bakı Ağ Şəhər” layihəsi üçün hazırlanmış 7 saatdan ibarət “Seven Public Clocks” kompozisiyası ilə bəzədilib. Konstantin Krikin 1999-cu ildə yaratdığı “Six Public Clocks” adlı eyni sənət instalyasiyası hazırda Londonda yerləşir və məşhur rəmzlərdən birinə çevrilib.

Meydanda yerləşən Cozef Klibanskinin “Buludların üstündə” adlı bürünc kompozisiyası da maraqla qarşılanır. Ağ Şəhərin mərkəzi yollarından biri olan Bulvar küçəsində müasir britaniyalı heykəltaraş Saymon Qadcenin “Nur axtarışında” heykəli də quraşdırılıb. Bu heykəl dünyanın müxtəlif ictimai yerlərində, o cümlədən Londondakı “Riverside Walk Garden” və “Hyde Park” komplekslərində qoyulub. Saymon Qadcenin xüsusi olaraq “Bakı Ağ Şəhər” üçün hazırladığı “Flaminqo” əsəri də tezliklə buradakı Dağdağan parkını bəzəyəcək.

Qeyd edək ki, bu ərazi 150 ildən çox neft sənayesi tullantıları ilə həddindən artıq çirkləndiyi və burada çoxsaylı neft gölməçələri yarandığı üçün bir vaxtlar “Qaraşəhər” kimi tanınırdı. Azərbaycan Prezidentinin təşəbbüsü ilə bu ərazi dünya miqyasında nadir ekoloji layihəyə, müasir yaşayış massivinə çevrilib. “Bakı Ağ Şəhər” layihəsi dünyada müasir şəhərsalma konsepsiyanın ən parlaq nümunələrindən biridir. Layihənin icrasına Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə 2011-ci il dekabrın 24-də başlanılıb. Layihə ekoloji cəhətdən təmiz, dayanıqlı və “ağıllı şəhər” prinsipləri əsasında işlənib hazırlanıb. Yaşayış binalarının əksəriyyəti MDB ölkələri arasında ilk dəfə olaraq BREEAM – beynəlxalq ekoloji sertifikatlaşdırma standartına və CRREM – karbon risklərinin qiymətləndirilməsi tələblərinə uyğun layihələndirilib. Geniş daxili küçələri, yaşıllıq sahələri, müasir beynəlxalq heykəltaraşlıq əsərləri ilə bəzədilmiş və şəhərsalmanın son yenilikləri nəzərə alınmaqla layihələndirilmiş “Bakı Ağ Şəhər” paytaxtın iş, yaşayış və istirahət üçün ən müasir məkanına çevrilir.

Bütün dünyanın diqqət mərkəzində olan COP29-un mənzil-qərargahının məhz “Bakı Ağ Şəhər”də olması da rəmzi məna daşıyırdı. Bu, beynəlxalq iqlim gündəliyinə mühüm töhfələr verən Azərbaycanda ekoloji, o cümlədən yaşıllaşdırma məsələlərinin həlli ilə bağlı görülən işlərin nümayişi baxımından da mühüm əhəmiyyət daşıyırdı.

DOĞRU.AZ

image-17670133882002253739_1200x630 image-17670133883306618484_1200x630 image-1767013388362344929_1200x630 image-17670133882664445619_1200x630 image-17670133882359013197_1200x630 image-17670133883228348623_1200x630 image-17670133882408958913_1200x630 image-1767013388681844881_1200x630 image-17670133885435613915_1200x630 image-17670133883127157299_1200x630 image-17670133884070732271_1200x630 image-17670133882394252619_1200x630 image-1767013388471941834_1200x630 image-17670133882463012560_1200x630 image-17670133883052245440_1200x630 image-1767013388738847366_1200x630 image-1767013388194097576_1200x630 image-17670133881480322037_1200x630 image-17670133884761233369_1200x630 image-17670133885873359798_1200x630 image-176701338816739388_1200x630 image-17670133884574552794_1200x630 image-17670133881585663423_1200x630 image-17670133881110710159_1200x630 image-17670133882047823840_1200x630 image-17670133883435927501_1200x630 image-17670133882277119233_1200x630 image-17670133885455630900_1200x630 image-17670133884536714195_1200x630 image-1767013388465957826_1200x630 image-17670133886525556137_1200x630 image-17670133882150948231_1200x630 image-17670133883923042204_1200x630 image-17670133882261417599_1200x630 image-17670133885870331485_1200x630 image-17670133884312649827_1200x630 image-17670133882337243247_1200x630 image-1767013388246225304_1200x630 image-17670133881939710377_1200x630 image-1767013388188195818_1200x630 image-17670133882533060771_1200x630 image-1767013388361668291_1200x630 image-1767013388986233220_1200x630 image-17670133883268649439_1200x630 image-1767013388879314488_1200x630 image-17670133884028226361_1200x630 image-17670133884488529623_1200x630 image-17670133885890562004_1200x630

Seçilən
21
50
dogru.az

10Mənbələr