İlin başa çatmasına 2 gün qalır. Abonentləri təbii olaraq qaz limitlərinin nə zaman yenilənəcəyi maraqlandırır.
Ölkə.az xəbər verir ki, "Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev Bakıvaxt.az-a açıqlamasında hər il olduğu kimi bu il də "smart-kart" tipli sayğacların dekabrın 31-dən yanvarın 1-nə keçən gecə avtomatik olaraq yenilənəcəyini bildirib.
“Mexaniki sayğaclarda isə bu proses bir neçə gün davam edə bilər”, - qurum rəsmisi əlavə edib.
E.Vəliyev qeyd edib ki, bu, sıfırlanma deyil, bunun adı limitlərin yenilənməsidir:
“Abonentlər elə bilirlər ki, yanvarın ilk günlərində sayğaclarında olan rəqəmlər sıfırlanacaq. Yəni bu sıfırlanma deyil, yenilənmədir”.
O, qeyd edib ki, yanvarın 6-7-dən sonra abonentlər alacaqları qazı 1200 kubmertlik limitlə əldə edəcəklər:
“Bu isə 12,5 qəpik deməkdir. Abonentlər hər istifadə etdikləri qazın bir kubmetrinə görə 12,5 qəpik ödəyirlər. Limit keçildikdən sonra isə 2500 kuba qədər istifadə olunan qazın hər kubmetrinə görə abonent 22 qəpik ödəyir. 2500 kubmetr keçdikdən sonra isə 30 qəpikdən hesablanır".