AZ

Sağlam, vətənpərvər Azərbaycan gəncliyinin formalaşması gələcək uğurların əsasını təşkil edir ŞƏRH

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bakı, 29 dekabr, AZƏRTAC

Bu günlərdə ölkə ictimaiyyətinin, xüsusilə idmançılarımızın, idman mütəxəssislərimizin, bütövlükdə idmansevərlərin diqqəti 26 dekabr 2025-ci il tarixində ilin idman yekunlarına həsr olunan idman mərasiminə yönəlmişdi. Ölkəmizin idman tarixində artıq ənənə halını almış bu tədbirdə həm il ərzində əldə olunan nailiyyətlər, qarşıya qoyulmuş hədəflər müzakirə edilir, eyni zamanda, idmançılarımız, idman mütəxəssislərimiz mükafatlandırılırlar.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Məzahir Əfəndiyev bildirib.

Onun sözlərinə görə, dünyada çoxəsrlik tarixə malik idman sahəsi öz həyəcanı ilə hər zaman sülh və dostluq rəmzi olaraq insanların qəlbində dərin iz buraxıb.

“Müstəqilliyini əldə etdikdən sonra Azərbaycanda da idman sahəsi dövlət səviyyəsində, xüsusilə olimpiya hərəkatı çərçivəsində çətin və şərəfli inkişaf yolu keçib. Ölkəmizdə Milli Olimpiya Komitəsinin 1992-ci ildən fəaliyyət göstərməsinə baxmayaraq, yalnız 1997-ci ildən etibarən bu sahədə əhəmiyyətli inkişafa nail olundu.

Belə ki, həmin il Azərbaycanda Milli Olimpiya Komitəsinin yenidən təşkil olunması, İlham Əliyevin yekdilliklə Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin Prezidenti seçilməsi Azərbaycanın idman siyasətinin və Olimpiya hərəkatının yeni müstəvidə müstəqil inkişafında mühüm rol oynadı. O zaman məhz İlham Əliyev idmanın və Olimpiya hərəkatının inkişafına yönəlmiş təşəbbüsləri ilə ölkənin beynəlxalq idman arenasında daha da tanınmasına və uğurlar əldə etməsinə əhəmiyyətli töhfələr verdi. 2000-ci ildə Avstraliyanın Sidney şəhərində keçirilən Olimpiya oyunları ölkəmizin idman tarixində ən böyük uğurlardan oldu. O zaman Ulu Öndər Heydər Əliyevin Sidney Olimpiya Oyunlarına Azərbaycan idmançılarını şəxsən yola salarkən göstərdiyi diqqət və dəstək, idmanın inkişafı üçün yeni bir dövrün başlanğıcını qoydu. Sidney Olimpiyadasında Azərbaycan idmançıları 2 qızıl, 1 bürünc medal qazandı. Azərbaycan komanda hesabına 199 ölkə arasında 34-cü, Avropa ölkələri arasında isə 23-cü oldu”, - deyə M.Əfəndiyev əlavə edib.

Deputat diqqətə çatdırıb ki, Ümummilli Liderin rəhbərliyi ilə formalaşdırılan dövlət idman siyasəti son illərdə yeni bir mərhələyə yüksəlib, gənclərə vətənpərvərlik və sevgi hisslərinin aşılanması ilə yanaşı, idmanın hərtərəfli inkişafı üçün geniş imkanlar yaradılıb. Bu gün regionlarımızda fəaliyyət göstərən Olimpiya İdman Komplekslərinin sayı 46-ya çatıb. Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları da daxil olmaqla, demək olar ki, bütün bölgələrdə müxtəlif idman növlərinin inkişafı üçün zəruri infrastruktur qurulub, xüsusilə idman turizminin inkişafına xüsusi diqqət yetirilir.

“Azərbaycanın bu günə qədər İlk Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, Avropa Gənclər Olimpiya Festivalı, III MDB Oyunları, eləcə də Formula 1 Azərbaycan Qran Prisi kimi mötəbər beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi gənclərin idmana marağını daha da artırıb. Bu yanaşma idmançılarımızın beynəlxalq arenada yüksək nəticələr əldə etməsinə və Azərbaycan idmanının dünyada tanınmasına ciddi töhfə verib. 2025-ci ildə idmançılarımız tərəfindən qazanılan medalların sayının rekord həddə – 2000-dən çox, o cümlədən 600-dən artıq qızıl medal olması dövlət başçısının birbaşa nəzarəti ilə həyata keçirilən idman siyasətinin real nəticəsidir. Təsadüfi deyil ki, Bakı şəhəri 2026-cı ildə “Dünyanın İdman Paytaxtı” elan edilib.

Bütün bunlar - idmançılarımızın beynəlxalq yarışlarda qazandıqları qələbələr, Dövlət Bayrağımızın ucaldılması və Azərbaycan himninin səsləndirilməsi gənc nəsil üçün nümunə olmaqla onların vətənpərvərlik hisslərini daha da gücləndirir. Bu gün fiziki və mənəvi cəhətdən sağlam, vətənpərvər Azərbaycan gəncliyinin formalaşması gələcəkdə bütün sahələrdə əldə olunacaq uğurların əsasını təşkil edir. Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin bu ilin idman yekunlarına həsr olunmuş mərasimdə qeyd etdiyi kimi, “Gənclərin fiziki hazırlığı, mənəvi saflığı vəhdət təşkil etməlidir. Məhz o halda ölkə uğurla inkişaf edə bilər. İdmanın isə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsində çox böyük önəmi var.”, - deyə o vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
30
50
azertag.az

10Mənbələr