AZ

2022-2025-ci illərdə 1280 nəfərin IELTS imtahanı üzrə xərcləri Təhsilin İnkişafı Fondu tərəfindən qarşılanıb



Təhsilin İnkişafı Fondu və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin birgə əməkdaşlığı çərçivəsində icra olunan “Universitetlərin elmi-pedaqoji heyət üzvləri və təhsilalanlarının IELTS imtahanına təşviq edilməsi” layihəsi 2022-ci ildən etibarən sistemli şəkildə həyata keçirilir. Layihə ali təhsil müəssisələrində təhsilalanların və akademik heyətin xarici dil üzrə bilik və bacarıqlarının gücləndirilməsini, eyni zamanda onların beynəlxalq təhsil və akademik imkanlara çıxışının genişləndirilməsi məqsədi daşıyır.

Newscenter.az xəbər verir ki, layihə çərçivəsində indiyədək 15 ali təhsil müəssisəsi ilə əməkdaşlıq müqaviləsi imzalanıb. Son olaraq, Azərbaycan-Fransız Universitetinin (UFAZ) bu təşəbbüsə qoşulması ilə tərəfdaşlıq şəbəkəsi daha da genişləndirilib.

2025-ci il üzrə statistik göstəricilərə əsasən, 634 nəfər müraciət edib. Müraciətçilərin 370 nəfəri kişi, 264 nəfəri qadın olub. Təhsil pillələri üzrə bölgüdə bakalavriat səviyyəsində təhsil alanlar (573 nəfər) üstünlük təşkil edir. Bununla yanaşı, 30 magistrant, 4 doktorant və 27 nəfər elmi-pedaqoji heyət üzvü tərəfindən müraciət daxil olub.

2026-cı ildən etibarən layihədə iştirak üçün namizədlərin IELTS imtahanından minimum 7.0 və daha yüksək bal əldə etmələri əsas şərt kimi müəyyən olunub.

Layihənin icrasına başlanıldığı 2022-ci ildən bu günədək ümumilikdə 1280 nəfərin IELTS imtahanı üzrə xərcləri Təhsilin İnkişafı Fondu tərəfindən qarşılanıb. Bu nəticə layihənin ali təhsil sistemində beynəlxalq standartlara uyğun xarici dil kompetensiyalarının gücləndirilməsinə töhfə verdiyini nümayiş etdirir.

Layihənin növbəti illərdə də universitetlərin elmi-pedaqoji heyətinin və təhsilalanların akademik və beynəlxalq imkanlarının genişləndirilməsi istiqamətində davam etdirilməsi nəzərdə tutulur.

Süleyman
Seçilən
14
41
newscenter.az

10Mənbələr