AZ

“YA BİR NEÇƏ HƏFTƏYƏ OLACAQ, YA DA HEÇ VAXT...” Tramp Putini, Zelenski Trampı təriflədi, sülh isə yenə yoxdur

Azpolitika.az saytından alınan məlumata görə, ain.az bildirir.

“Görüş yaxşı keçdi, Putin Ukraynanın uğur qazanmasını istəyir…”

"Görüşümüz əla keçdi. Bəziləri deyərdi ki, 95 faiz - bilmirəm nə qədər, amma bu müharibəyə son qoymaq üçün böyük irəliləyiş əldə etdik".

“AzPolitika” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Volodimir Zelenski ilə keçirdiyi görüşdən sonra mətbuat konfransında deyib.

Onun dediyinə görə, Zelenski ilə danışıqlarda 95% irəliləyiş əldə ediblər: "Möhtəşəm görüş keçirdik... Biz məqsədə yaxınıq, bəlkə də hətta çox yaxınıq. Bu müharibəyə son qoymaq üçün böyük irəliləyiş əldə etdik, bu, şübhəsiz ki, İkinci Dünya Müharibəsindən bəri ən ölümcül müharibədir, yəqin ki, İkinci Dünya Müharibəsindən bəri ən böyük müharibədir".

Donald Tramp sülhün "ya bir neçə həftəyə” əldə ediləcəyini, “ya da heç vaxt" olmayacağını bildirib. O, danışıqların uzanmasının ərazi və insan itkilərinə səbəb olacağını əlavə edib.

Zelenski isə cavabında Tramp qədər optimist görünməyib. O, əvvəlki kimi sülh planının 90 faiz razılaşdırıldığını bildirib. Onun dediyinə görə, Ukrayna üçün təhlükəsizlik zəmanətləri 100 faiz razılaşdırılıb və Ukraynanın bərpası planı hazırlanmaqdadır.

Zelenski qeyd edib ki, Ukrayna və Amerika nümayəndə heyətləri yaxın günlərdə qalan bütün məsələləri müzakirə etmək üçün yenidən görüşəcəklər. Həmçinin, yanvar ayında Vaşinqtonda ABŞ, Ukrayna və AB ölkələri liderlərinin iştirakı ilə yeni görüş keçirilə bilər.

Zelenskinin sözlərinə görə, Ukrayna sülh danışıqlarını referendum və ya parlamentin təsdiqi ilə həll etməlidir. O, Ukrayna xalqının sülh istədiyini vurğulayıb və həm mətbuat konfransının əvvəlində, həm də sonunda Trampa minnətdarlıq edib, onun səylərini yüksək qiymətləndirib.

Zelenski arada həm də Stiv Uitkoffla Cared Kuşnerə təşəkkür edib. Qərb mediasının yazdığına görə, bunu Zelenski ilə görüşündə Tramp ona “məsləhət görüb”…

Tramp Zelenskiyə bir neçə xoş söz də deyib.

"Bu centlmen çox çalışıb, çox cəsurdur və xalqı da çox cəsurdur", - deyə Tramp bildirib.

Lakin ABŞ Prezidenti mətbuat konfransında demək olar, Zelenskidən daha çox Putini tərifləyib. Əlbəttə, Trampın bəzən Kreml təbliğatçılarının belə həsəd aparacağı dərəcədə Putinə “reveranslar etməsi” Zelenskini hiddətləndirməyə bilməzdi. Lakin Ukrayna Prezidenti bu dəfə Oval Kabinetdəki məlum reaksiyasını təkrarlamayıb…

Tramp Putinin işğal etdiyi Zaporojye Atom Elektrik Stansiyası ilə bağlı “əlaçıqlığını” yüksək qiymətləndirib. O, 28 dekabrda Rusiya başçısı ilə telefon danışığında bu barədə ətraflı müzakirə apardığını bildirib.

"Prezident Putin əslində Ukrayna ilə onun(AES-in-red.) açılması üçün işləyir. O, bu baxımdan özünü çox yaxşı aparır. O, stansiyanı açıq olmasını istəyir", - deyə Tramp bildirib.

Tramp həmçinin Putini "AES-i raketlərlə vurmadığı üçün” tərifləyib: "Onun həmin stansiyanı bombalamaması böyük bir addımdır".

Xatırladaq ki, bu AES zatən Rusiya tərəfindən işğal edilib, orada işğalçı hərbi qüvvələr var. Onun vurulması ilk növbədə Rusiyanın özünə lazım deyil.

Tramp həmçinin Putinin hələ də sülhə ciddi yanaşdığına inandığını söyləyib. ABŞ Prezidenti Marko Rubio, Pit Heqset, Stiven Uitkoff, Cared Kuşner və general Keynin daxil olacağı Ukrayna üzrə işçi qrupunun yaradıldığını elan edib. O, qrupun həm Ukrayna, həm də Rusiya ilə işləyəcəyini bildirib. Tramp həmçinin Avropanın Ukraynanın təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayacağını və ABŞ-nin ona tam dəstək verəcəyini bildirib.

O, Rusiyanı Ukraynanın bərpasında iştirak etməyə və elektrik enerjisi təchizatını asanlaşdırmağa hazır olduğunu belə iddia edib: "Rusiya Ukraynanın uğur qazanmasını istəyir. Rusiya Ukraynanın aşağı qiymətlərlə enerji təchizatını təmin etməyə hazırdır". Qeyd edək ki, Trampın xüsusilə bu açıqlaması Ukraynada, eləcə də bir çox Qərb media orqanlarında hiddətlə qarşılanıb. Çünki “Ukraynanın uğur qazanmasını istəyən Putin” təkcə Tramp-Zelenski görüşü ərəfəsində Kiyevi 9 saat ardıcıl olaraq raket və PUA-larla bombalayıb, yaşayış binalarını vurub, insan tələfatına səbəb olub. Yəqin, Kreml Ukraynanın “uğurunu” bu cür görür və onun üçün “uğur” Ukraynanın qalan ərazilərini də Donbasın işğal edildiyi ərazilər kimi viran qoymaqdır…

Donbass barədə danışan Tramp deyib: "Bu torpaqların bir hissəsi artıq ələ keçirilib. Bu torpaqların qalan hissəsi də ələ keçirilə bilər, amma bu, bir neçə ay ərzində baş verə bilər. Bəs indi razılaşmaq həqiqətən daha yaxşı deyilmi?".

Qeyd edək ki, bütün bunlarla Kreml təbliğatının narrativlərini təkrarlayan Trampın sözləri Qərb mediasında ABŞ Prezidentinin Rusiya qarşısında özünü alçaltması kimi təqdim olunur.

Ancaq Tramp özünün bütün optimist ritorikasına rəğmən, ərazi məsələsinin həll olunmadığını etiraf edib. O, əlavə edib ki, tərəflər təmas xəttində razılığa yaxınlaşırlar və bu, hələ də çətin bir işdir, amma "düşünürəm ki, bu, həll olunacaq". Trampın sözlərinə görə, sülh sazişinin bağlanması üçün "bir və ya iki çox çətin məsələ" həll olunmalıdır.

Zelenski qeyd edib ki, Ukraynanın Donbasla bağlı mövqeyi məlumdur. O, Trampla razılaşıb ki, ərazi məsələsi "çox çətin" olaraq qalır.

Əslində, bu o deməkdir ki, əsas məsələlər həll olunmamış qalır. Çünki diplomatların da dediyi kimi, hər hansı müqavilə ilə bağlı tam razılıq yoxdursa, deməli heç bir razılıq yoxdur. Bu isə Tramp-Zelenski görüşünün və Trampın Putinlə telefon danışıqlarının ABŞ Prezidentinin növbəti “PR kampaniyası”ndan başqa heç nəyə yaramadığna dair təsəvvür yaradır…

Tramp həmçinin ABŞ və Ukraynanın referendum üçün atəşkəs barədə müzakirə aparmadığını bildirib. O, bu məsələnin atəşkəsin asanlıqla pozulduğu üçün qaldırılmadığını deyib.

Kreml isə öz növbəsində tələbləri yerinə yetirilənə və tam sülh müqaviləsi bağlanana qədər atəşkəslə bağlı hər hansı bir söhbəti rədd edir.

Putinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, Trampın Putinlə telefon danışığı zamanı hər iki lider müvəqqəti atəşkəsin Ukraynadakı münaqişəni yalnız uzadacağı ilə bağlı razılaşıblar. Tramp da bunu çıxışında dolayısı ilə təsdiqləyib. Hansı ki, prezidentliynin ilk dövrlərində Tramp “əvvəl atəşkəs, sonra sülh müqaviləsi” prinsipindən çıxış edirdi. Bu, daha real və rasional yanaşma idi.

Rusiya bununla razılaşmadı və nahayətdə, Tramp da Rusiyanın mövqeyini dəstəkləyərək, eyni prinsipdən çıxış etməyə başladı. Əslində, müharibənin uzanmasının əsas səbəblərindən biri də məhz Trampın Kremlin çaldığı havalara bu cür oynamasıdır…

C.Məmmədli

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
50
azpolitika.info

10Mənbələr