Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Quba, 29 dekabr, AZƏRTAC
“Bölgələrdən AZƏRTAC üçün yazırlar”: ADPU-nun Quba filialının direktor müavini, pedaqogika üzrə fəlsəfə doktoru Aysel Şeydayevanın Prezident İlham Əliyevin Sərəncamı ilə 2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan olunmasının əhəmiyyətindən bəhs edən “Azərbaycanın şəhərsalma modeli: Təcrübədən qlobal etimada doğru” sərlövhəli məqaləsini təqdim edirik.
2025-ci il Zəfərimizin 5-ci ildönümü də daxil olmaqla, saysız-hesabsız mötəbər tədbirlərlə yadda qalıb. Azərbaycanlı kimi hər dəfə bu tədbirlərdə dövlət başçısının çıxışını izləmək və cənab İlham Əliyevin nitqində gələcəyin strateji yol xəritəsinin müəyyən istiqamətlərini görmək olduqca əhəmiyyətlidir. Bu çıxışlar ölkəmizin gələcəyi naminə bütün fəaliyyət istiqamətlərini əhatə edir desək, heç də yanılmarıq. Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri və Böyük Qayıdış prosesi ölkə vətəndaşları tərəfindən qürurla izlənilir. Xalq öz liderinə inanır və bu, özlüyündə yenilməz bir gücə çevrilir. Həmin güc isə bu gün ökəmizin inkişafına, abadlaşdırılmasına, qurulmasına və dünyada qüdrətinin artmasına xidmət edir.
Prezident İlham Əliyev Xankəndi şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci Zirvə görüşü çıxışı zamanı diqqəti xüsusilə Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa və quruculuq işlərinə yönəldərək bildirmişdi: “İşğaldan azad edilmiş bütün Qarabağ və Şərqi Zəngəzurda hazırda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır.” Bu fikir azad edilmiş torpaqların həyat üçün yenidən qurulması, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı və regionun iqtisadi, sosial, ekoloji dirçəlişini aydın şəkildə ifadə edir. İşğaldan azad edilmiş ərazilərdə qarşıya qoyulan əsas vəzifə sadəcə evləri, yaşayışı bərpa etmək deyil. Burada yeni şəhərsalma yanaşması formalaşır. Bu yanaşma “ağıllı şəhər” konsepsiyası, ekoloji tarazlıq, milli memarlıq ənənələri və müasir texnologiyaların sintezinə əsaslanır. Qarabağda salınan şəhər və kəndlər gələcəyin Azərbaycanının modeli kimi nəzərdə tutulur. Bu gün Zəngilan, Füzuli, Laçın kimi yaşayış məntəqələrində aparılan tikinti işləri artıq klassik şəhərsalma çərçivəsindən kənara çıxır. Burada enerji səmərəliliyi, alternativ enerji mənbələri, “yaşıl zonalar”, müasir yol infrastrukturu və sosial obyektlər kompleks şəkildə planlaşdırılır.

Bu gün qayıdış və quruculuq işləri böyük sevgi və coşqu ilə, bayram abu-havası ilə qarşılanır. Prezident İlham Əliyevin dekabrın 24-də öz doğum gününü Ağdamda qeyd etməsi də təsadüfi deyildi. Bu onu göstərir ki, bərpa-quruculuq işləri bundan sonra da ölkə rəhbərinin diqqətində olacaq, yeni şəhərsalma modeli davam etdiriləcək. Məhz bu uğurluq qayıdış və quruculuq işlərinin dünyada əks-səda doğurması Azərbaycan üçün yeni beynəlxalq bir tədbirin qapısını açmış oldu desək, yanılmarıq. Belə ki, 2026-cı ilin 17–22 may tarixlərində Bakı daha bir mühüm qlobal platformaya – Ümumdünya Şəhər Forumuna (WUF) ev sahibliyi edəcək. Qeyd etmək olar ki, Azərbaycanın son illər iri beynəlxalq tədbirlərə ev sahibliyi etməsi ölkəyə olan yüksək beynəlxalq etimadın bariz göstəricisi hesab edilə bilər. WUF-un keçirilməsi də Azərbaycanın yalnız logistika və təşkilatçılıq baxımından deyil, eyni zamanda şəhərsalma, dayanıqlı inkişaf və innovativ yanaşmalar sahəsində də dünya ölkələri üçün etibarlı tərəfdaş kimi qəbul edildiyini təsdiqləyir. Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi haqqında Prezidentin müvafiq Sərəncamı da bir daha sübut etdi ki, 2026-cı il Azərbaycan üçün növbəti mühüm mərhələ olacaq. Çünki Azərbaycan Respublikasında “Şəhərsalma və Memarlıq İli” çərçivəsində görüləcək işlər yalnız 2026-cı illə məhdudlaşmayacaq, gələcək onilliklər üçün dayanıqlı şəhər inkişafı strategiyalarının formalaşdırılmasına töhfələr verəcək. Əminik ki, "Şəhərsalma və Memarlıq İli" çərçivəsində keçiriləcək istər beynəlxalq, istərsə də respublika səviyyəli tədbirlər Azərbaycanın beynəlxalq təqdimatına növbəti yeniliklər əlavə edəcək.
Ümumilikdə Azərbaycan Respublikası Prezidentinin 2026-cı ili “Şəhərsalma və Memarlıq İli” elan etməsi bu proseslərin təsadüfi olmadığını, düşünülmüş və strateji yanaşmanın nəticəsi olduğunu bir daha təsdiqləyir. Bu qərar ölkədə müasir şəhər mühitinin formalaşdırılması, tarixi-mədəni irsin qorunması və innovativ memarlıq həllərinin tətbiqi istiqamətində atılan addımların yeni mərhələyə keçdiyini göstərir. Bu platformalar bizlər üçün yalnız beynəlxalq səviyyəli tədbirlərin izləyicisi olmaq deyil, eyni zamanda, qlobal proseslərin birbaşa iştirakçısına çevrilmək imkanı yaradır. Belə forumlar cəmiyyətin müxtəlif təbəqələrini dünya miqyasında gedən müzakirələrə yaxınlaşdırır, yeni biliklərin əldə olunmasına, müasir yanaşmaların mənimsənilməsinə və ictimai fəallığın artmasına stimul verir. Biz qədim tarixə və zəngin maddi-mənəvi irsə sahib olan ölkənin vətəndaşları kimi bu tarixi anlara şahidlik etməklə yanaşı, həm də mühüm platformalarda son dərəcə yaxından iştirak etməyə çalışmalıyıq. Bu baxımdan, 2026-cı il ölkəmiz üçün sadəcə bir təqvim ili deyil, həm də milli memarlıq ənənələrimizi müasir qlobal trendlərlə birləşdirərək gələcək nəsillərə daha yaşıl və dayanıqlı şəhərlər miras qoymaq adına böyük bir imkandır. Hər birimizin fəal iştirakı və dövlətin bu uzaqgörən siyasətinə verəcəyimiz dəstək Azərbaycanın müasir simasının dünyada daha parlaq şəkildə tanınmasını təmin edəcək.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.