Bakı, 22 dekabr, AZƏRTAC
Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınır. Bunu dünya ölkələrinin, nüfuzlu beynəlxalq təşkilatların Azərbaycanla əməkdaşlıqda maraqlı olmaları da təsdiqləyir. Prezident İlham Əliyevin xarici ölkələrə, həmçinin dünya ölkələrinin liderlərinin isə Azərbaycana səfərləri dövlətimizin beynəlxalq əlaqələrinin genişlənməsinə töhfəsini verməkdədir. Son illər Azərbaycanın Avropa, Türk dünyası ölkələri ilə olduğu kimi, ərəb dövlətləri ilə də münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu mənada Birləşmiş Ərəb Əmirlikləri ilə münasibətlər xüsusi əhəmiyyətə malikdir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Samir Vəliyev söyləyib.
O bildirib ki, bir neçə gün əvvəl Prezident İlham Əliyevin bu ölkəyə işgüzar səfəri qarşılıqlı əlaqələrin yüksək səviyyədə olduğunu bir daha təsdiqləyir. Səfər zamanı BƏƏ-nin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Əbu-Dabidə keçirilən “Gələcəyin oyunları 2025” adlı illik qlobal idman turnirinin açılış mərasimində iştirak etdiyinə görə dövlətimizin başçısına minnətdarlığını bildirib. Dövlət başçılarının görüşü zamanı strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-BƏƏ ikitərəfli əlaqələrinin bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi, enerji, həmçinin bərpaolunan enerji, mədəni, humanitar və digər istiqamətlərdə uğurla inkişaf etdiyi vurğulanıb.
Deputatın sözlərinə görə, ümumilikdə dövlətimizin başçısının BƏƏ-yə, BƏƏ Prezidentinin isə Azərbaycana səfərləri, eləcə də müxtəlif səviyyələrdə həyata keçirilən digər qarşılıqlı səfərlər münasibətlərimizin inkişafında vacib rol oynayır: "Bütün bunlar Azərbaycan və BƏƏ arasında dostluq və tərəfdaşlıq münasibətlərini daha da dərinləşdirir. İki ölkə arasında imzalanmış sənədlər isə siyasi, iqtisadi-ticari əlaqələrin şaxələndirilməsinə, innovasiya və texnologiya sahəsində əməkdaşlığın gücləndirilməsinə, eləcə də sosial və humanitar sahələrdə birgə təşəbbüslərin inkişafına şərait yaradır. Nəticədə iki ölkə arasında əlaqələr yalnız kəmiyyət baxımından deyil, keyfiyyətcə də daha yüksək səviyyəyə çatır, bu isə regionda davamlı sabitlik və inkişaf üçün mühüm amil kimi çıxış edir.
Azərbaycan Prezidentinin Birləşmiş Ərəb Əmirliklərinə budəfəki işgüzar səfəri həm də 2025-ci il iyulun 9-da imzalanmış “Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi”nin həyata keçirilməsini sürətləndirir. Bu Saziş ticarət həcmlərinin artırılması, investisiya axınlarının şaxələndirilməsi, innovasiya və yaşıl texnologiyalar sahələrində əməkdaşlığı genişləndirir. Eyni zamanda, biznes dairələri arasında əlaqələrin möhkəmlənməsinə dəstək olur və ikitərəfli iqtisadi münasibətlərin dərinləşməsini təmin edir.
Ümumilikdə bu günədək Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında siyasi, iqtisadi, enerji, humanitar və mədəni sahələri əhatə edən 50-dən çox ikitərəfli sənəd imzalanıb ki, bu da münasibətlərin institusional əsaslar üzərində inkişaf etdiyini göstərir. Parlamentlərarası əlaqələr də dinamik xarakter daşıyır və qarşılıqlı siyasi dialoqun mühüm tərkib hissəsi kimi çıxış edir".
S.Vəliyev qeyd edib ki, 2025-ci ildə hər iki ölkənin parlament sədrlərinin qarşılıqlı səfərləri qanunverici orqanlar arasında əməkdaşlığın dərinləşdirilməsinə və qarşılıqlı təcrübə mübadiləsinə geniş imkanlar yaradıb. Bu əlaqələr siyasi etimadın möhkəmlənməsinə, iqtisadi və mədəni sahələrdə əməkdaşlığın daha da genişlənməsinə xidmət edir.
Bundan əlavə, beynəlxalq platformalarda da əməkdaşlıq məmnunluq doğurur. Belə ki, Azərbaycan və BƏƏ Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı da daxil olmaqla beynəlxalq platformalar çərçivəsində uğurla əməkdaşlıq edirlər. Xüsusilə Azərbaycanın BMT Təhlükəsizlik Şurasında qeyri-daimi üzv olduğu 2012-2013-cü illərdə BƏƏ-nin ölkəmizə göstərdiyi siyasi dəstək yüksək qiymətləndirilir. Bu əməkdaşlıq tərəflərin beynəlxalq hüquqa və çoxtərəfli diplomatiyaya verdiyi önəmi nümayiş etdirməklə yanaşı, regional və qlobal səviyyədə sülhün, təhlükəsizliyin və siyasi sabitliyin möhkəmləndirilməsinə mühüm töhfə verir.
Deputat diqqətə çatdırıb ki, ölkələrimiz ticarət, investisiya və yaşıl enerji sahəsində də geniş əlaqələrə sahibdir.
Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında iqtisadi sahədə əməkdaşlıq son illərdə dinamik şəkildə inkişaf edir və konkret rəqəmlərdə öz təsdiqini tapır. Belə ki, cari ilin yanvar-oktyabr aylarında iki ölkə arasında ticarət dövriyyəsi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 80 faizdən çox artaraq 147,49 milyon ABŞ dollarına çatıb. Bu artım qarşılıqlı iqtisadi maraqların genişləndiyini, eyni zamanda, imzalanmış sazişlərin real nəticələr verdiyini göstərir.
“Şübhəsiz ki, Prezident İlham Əliyevin budəfəki səfəri iki ölkə arasında münasibətləri daha da gücləndirəcək", - deyə deputat vurğulayıb.