"Fransada kokain istifadəsi gizli vərdişdən kütləvi sosial problemə çevrilir..."
Fransada kokain istifaidəçilərinin sayı sürətlə artır və bu, artıq yalnız şou-biznes və ya varlı təbəqələrə aid olan problem deyil. Narkotik həm küçədə yaşayanlara, həm də imkanlı ailələrə eyni dərəcədə çatır və çox az adam mütəxəssislərin köməyi ilə bu asılılıqdan qurtula bilir.
Moderator.az xəbər verir ki, bu barədə "Le Monde" nəşri yazıb.
İstifadənin "adi hala çevrilməsi"
Məqaləyə görə, rəsmi açıqlamalarda kokainin "mərkəzi rayonlarda yaşayan burjuaziyanın vərdişi" kimi təqdim edilməsi reallığı əks etdirmir. Son illər kokain restoran və otel sektoru, tikinti, balıqçılıq, idman və digər sahələrdə çalışan insanlar arasında da yayılıb. Xüsusilə qeyri-sabit iş qrafiki olanlarda narkotik "tempə dözmək" üçün istifadə olunur.
Statistikaya əsasən, hər 10 fransızdan biri həyatında ən az bir dəfə kokain istifadə edib. 2017-2023 aralığında bu rəqəm 5,6 faizdən 9,4 faizə yüksəlib. Müntəzəm (son 12 ayda) istifadə edənlərin sayı da iki dəfə artıb. Mütəxəssislər bildirir ki, bu maddə çox vaxt "göz önündə" istifadə olunmadığından real rəqəmlər daha yüksək ola bilər.
Sosial qatlar arasında fərqlər
Sosioloqlar qeyd edir ki, artıq kokain istifadəçisi dedikdə yalnız "küçə narkomanı" təsəvvürü düzgün deyil.
Bu gün ofis işçiləri, sürücülər, xidmət sektoru işçiləri, adi ailə həyatına sahib, işləyən insanlar, hətta idmanla məşğul olanlar - hamısı risk qrupuna daxildir.
Var-dövlət də asılılıqdan qorumaq üçün amil deyil. Sadəcə, imkanlı insanlar müalicə və nəzarət imkanlarına daha asan çıxış tapır, kasıb təbəqə isə dərhal riskli zona düşür. Xüsusilə diqqət çəkən məqam: qadın istifadəçilərin əksəriyyəti xəstəxanalara müraciət etmir. Onlar damğalanmaqdan, övladlarını itirməkdən qorxduqları üçün problemini gizlədir.
Artan asılılıq və dolanmayan xəstəxanalar
Fransadakı narkoloji mərkəzlərdə kokainə görə müraciətlər rekord həddə çatıb: detoksifikasiya üçün xəstəxanaya yerləşdirilmə halları artır, gözləmə siyahıları uzanır. Həkimlər bildirir ki, artıq pasiyentlərin çoxu "sıravi insanlar" - ailəsi, işi olan, lakin maddəni idarə etdiyini zənn edən istifadəçilərdir.
"Psychoactif" platformasında kokain mövzusu ən çox müzakirə olunan bölməyə çevrilib. İnsanlar əsasən "necə dayandırım?", "nəzarəti necə bərpa edim?" kimi suallar ünvanlayır. Həkimlərin fikrincə, bu narkotik bəzən tək deyil: çoxları kokaini alkoqol və digər maddələrlə birgə istifadə edir ki, bu da asılılığı daha da gücləndirir.
Kokain artıq "elit zövq" deyil
Mütəxəssislər xəbərdarlıq edir: kokain artıq "elit zövq" deyil, adi fransızın gündəlik həyatına daxil olan təhlükəli maddədir. Yaş səviyyəsi 40-45-ə qədər yüksəlib, istifadəçilərin sosial profili isə indiyə qədər görünməmiş dərəcədə genişlənib. Bu səbəbdən Fransada narkomaniya ilə mübarizə tək küçə alverinə qarşı yox, həm də "gözə görünməyən" geniş sosial problemlə mübarizə kimi qiymətləndirilir.