Bakı, 9 dekabr, Göyçək Mahmudlu, Səfiyar Məcnun, AZƏRTAC
2023-2026-cı illər üzrə təsdiq edilmiş “e-Culture” rəqəmsal inkişaf strategiyası çərçivəsində bir sıra mühüm fəaliyyətlər icra olunub. Strategiyanın əsas istiqamətlərinə uyğun olaraq, data əsaslı yeni modellərin yaradılması, elektron xidmətlərin formalaşdırılması və daxili sistemlərin tam elektronlaşdırılması təmin edilib.
AZƏRTAC xəbər verir ki, bunu Mədəniyyət Nazirliyinin Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri Fuad Maqsudov jurnalistlərə müsahibəsində deyib.
Onun sözlərinə görə, nazirliyin 7 elektron xidməti istifadəyə verilib və tam funksional şəkildə fəaliyyətə başlayıb: "Həmin xidmətlərdən əlavə olaraq my.culture vahid şəxsi kabineti, Təhsil Müəssisələrinin Analitik İdarəetmə Sistemi (TMAİS), Vahid Mədəniyyət Reyestri və Uşaq İncəsənət Festivalı platformaları da yaradılıb. Təhlükəsizlik tədbirləri nəzərə alınaraq sistemlərə giriş "ASAN Bridge" üzərindən həyata keçirilir. Eyni zamanda, müxtəlif dövlət qurumları ilə inteqrasiyalar təmin edilib".