AZ

Moldova səfiri: Azərbaycanın postmünaqişə dövründə bərpa-quruculuq işləri bizim üçün maraq doğurur - MÜSAHİBƏ

Moldovanın Azərbaycandakı səfiri Aleksandr Esaulenkonun APA-ya müsahibəsi

İkitərəfli münasibətlər və regional məsələlər

- Moldova və Azərbaycan arasında əməkdaşlığın hazırkı vəziyyətini necə xarakterizə edərdiniz?

- Moldova Respublikası ilə Azərbaycan Respublikası arasındakı münasibətləri dinamik, ardıcıl inkişaf edən tərəfdaşlıq kimi səciyyələndirərdim. Son illər ikitərəfli gündəliyin bütün istiqamətləri üzrə – siyasi dialoqdan və iqtisadi əməkdaşlıqdan tutmuş enerji, mədəniyyət və insanlararası təmaslara qədər – sabit artım müşahidə edirik.

Ən yüksək səviyyədə Moldovanın Prezidenti Maya Sandu ilə Azərbaycanın Prezidenti İlham Əliyev arasında Kopenhagendə keçirilən Avropa Siyasi Cəmiyyəti Sammiti çərçivəsində görüş baş tutub. Liderlər əməkdaşlığın dərinləşdirilməsinə marağı təsdiqləyib, enerji təhlükəsizliyi və nəqliyyat bağlantılarının inkişafı məsələlərinə xüsusi diqqət ayıraraq regional vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.

Bundan başqa, Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Moldovanın Baş nazirinin müavini, xarici işlər naziri Mixay Popşa ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında mühüm görüş keçirilib. Tərəflər Moldova–Azərbaycan əməkdaşlığının dinamikasını müzakirə edərək müntəzəm siyasi məsləhətləşmələrin və ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın fəal işinin əhəmiyyətini xüsusi vurğulayıblar.

İlin əsas hadisəsi Bakıda keçirilmiş Moldova–Azərbaycan iqtisadi əməkdaşlıq üzrə altıncı hökumətlərarası komissiyasının iclası və ona paralel təşkil olunan biznes forum oldu. Moldova Baş nazirinin müavini, infrastruktur və regional inkişaf nazir Vladimir Bolea Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov, həmçinin energetika, iqtisadiyyat, kənd təsərrüfatı, rəqəmsal inkişaf və nəqliyyat nazirləri ilə əhatəli danışıqlar aparıb.

Xüsusi əhəmiyyət kəsb edən sahə isə energetikadır. Moldova Cənub Qaz Dəhlizinin XI Nazirlər Toplantısında, “Yaşıl enerji” üzrə III Nazirlər Şurasında, eləcə də 30-cu Bakı Enerji Həftəsində energetika naziri və dövlət katibi səviyyəsində təmsil olunub. Bu görüşlər təchizatların şaxələndirilməsi, enerji sistemlərinin dayanıqlığı və ölkəmizin regional layihələrdə iştirakı məsələlərində dialoqu daha da irəli aparmağa imkan verib.

Humanitar əlaqələr də fəal şəkildə inkişaf edir: mədəni layihələr həyata keçirilir, diasporun iştirakı ilə tədbirlər keçirilir, moldovalı caz qrupları Baku Jazz Festival-da çıxış edir, Moldova klassik ədəbiyyatının nümunələri Azərbaycan dilinə nəşr olunur. Bütün bunlar münasibətlərə canlı, insani ölçü əlavə edir.

- İkitərəfli münasibətlərin möhkəmləndirilməsi üçün hansı istiqamətləri prioritet hesab edirsiniz?

- Bir neçə aydın prioritet istiqamətlər görürəm. Birincisi energetika və enerji təhlükəsizliyidir. Bu, Moldova üçün strateji məsələdir: biz tədricən bir təchizatçıdan asılılığı azaldırıq və xarici təzyiqlərə qarşı dayanıqlığımızı möhkəmləndiririk. Azərbaycan Cənub Qaz Dəhlizinin əsas iştirakçısı və “yaşıl enerji” təşəbbüslərinin təşəbbüskarı kimi bu sahədə xüsusi əhəmiyyət daşıyır.

İkincisi aqrar-sənaye kompleksidir. Moldovanın şərabçılıq, bağçılıq, qoz, qurudulmuş meyvələr və bitkilərin ekoloji mühafizə vasitələri kimi sahələrdə ciddi ixrac potensialı var. Azərbaycan isə böyük aqroparkları və müasir logistika imkanları ilə seçilir. Artıq bir sıra layihələr reallaşır – moldovalı şirkətlərin Caspian Agro sərgisində iştirakı, bitkilərin mühafizəsi üzrə layihələr, Şamaxıda Moldova sortu üzüm bağlarının salınması və s.

Üçüncüsü nəqliyyat və logistikadır. Azərbaycan Şərq–Qərb Orta Dəhlizinin, eləcə də “Şimal–Cənub” marşrutunun əsas həlqəsidir. Moldovanın bu zəncirlərə qoşulması bizim tranzit rolumuzu artırır və biznes üçün yeni imkanlar açır. Bakı–Kişinyov birbaşa aviareyslərinin gündəlik həyata keçirilməsi də bu əlaqələri gücləndirir.

Dördüncüsü rəqəmsal transformasiya və innovasiyalar – elektron hökumət, İT-parklar və rəqəmsal iqtisadiyyat sahəsində təcrübə mübadiləsidir.

Sonda isə mədəniyyət, təhsil və diasporla iş – xalqlarımız arasında etimadın uzunmüddətli əsasını təşkil edən sahələrdir.

Əməkdaşlıq perspektivləri

- Yaxın gələcəkdə iqtisadiyyat, energetika, nəqliyyat və mədəniyyət sahələrində hansı yeni layihələrin həyata keçirilməsi planlaşdırılır?

- Bir neçə prioritet istiqamət var. Əvvəla, rotasiya prinsipinə uyğun olaraq 2026-cı ildə Kişinyovda keçiriləcək hökumətlərarası komissiyanın növbəti iclasına hazırlaşırıq. Bu toplantının təkcə siyasi xarakter daşımamasını, həm də energetika, kənd təsərrüfatı, nəqliyyat və rəqəmsal iqtisadiyyat üzrə sektorial panelləri olan geniş biznes forum şəklində təşkil olunmasını istəyirik.

Energetika sahəsində əsas prioritet iki ölkənin aidiyyəti qurumları arasında imzalanmış bərpaolunan enerji üzrə əməkdaşlıq memorandumu çərçivəsində layihələrin icrasıdır. Moldovada günəş və külək enerjisi layihələrinə, şəbəkələrin modernləşdirilməsinə və “yaşıl enerji”nin regional ixrac təşəbbüslərinə Azərbaycan şirkətlərinin cəlb olunmasında maraqlıyıq.

Aqrar sahədə Moldova şərablarının, qozun, qurudulmuş meyvələrin, konservlərin və bitkilərin ekoloji mühafizə vasitələrinin Azərbaycan bazarına çıxışını genişləndirməyi planlaşdırırıq. Eyni zamanda, moldovalı istehsalçılar Azərbaycan aqroparkları və suvarma sistemlərinin təcrübəsi ilə maraqlanır – burada birgə müəssisələr və texnologiya mübadiləsi mümkündür.

Nəqliyyat sahəsində Bakı–Kişinyov birbaşa avia reyslərindən daha geniş istifadə, avtomobil yükdaşımalarının liberallaşdırılması və multimodal marşrutların inkişafı müzakirə olunur.

Mədəni-humanitar sahədə moldovalı kollektivlərin Bakı festivallarında iştirakı, ədəbi tərcümə layihələri və gənclər, akademik mübadilə proqramlarının genişləndirilməsi nəzərdə tutulur.

Biznes və diasporanın rolu

- İkitərəfli münasibətlərin inkişafında biznes və diasporanın rolunu necə qiymətləndirirsiniz?

- Biznes və diasporanın rolu həlledicidir. Diplomatik xidmətlər siyasi-hüquqi çərçivə yaradır, lakin bu çərçivəni real məzmunla dolduran məhz sahibkarlar, universitetlər, yaradıcı kollektivlər və vətəndaşlardır.

Azərbaycan­dakı Moldova diasporu sayca çox olmasa da, olduqca fəaldır. Həmvətənlərimiz xeyriyyə yarmarkalarında iştirak edir, Moldova mətbəxini və şərablarını təqdim edir, milli məhsullarımızın Azərbaycan bazarında tanıdılmasına kömək edir, Müstəqillik Günü, Rumın dili Günü, Pasxa kimi tədbirlərdə fəal iştirak edirlər.

Azərbaycan biznesinin Moldovaya marağı da artmaqdadır, əsasən də aqrar sektor, logistika, energetika, İT sahələri üzrə. Səfirliyin vəzifəsi bu maraqları Moldova imkanları ilə uzlaşdırmaq, layihələrə dəstək vermək və biznesin etibarlı tərəfdaşlar tapmasına yardım etməkdir.

Azərbaycan çoxmillətli və çoxkonfessiyalı bir ölkə kimi müxtəlif icmaların dinc yanaşı yaşaması sahəsində zəngin təcrübəyə malikdir. Bu təcrübə Moldovanın regionların inkişafı, iş yerlərinin yaradılması, mədəniyyət və təhsilin dəstəklənməsi yolu ilə milli azlıqların inteqrasiyasını gücləndirmək baxımından xüsusilə dəyərlidir.

Kənd təsərrüfatı, logistika, energetika sahələrində birgə layihələr, diasporların mədəni və xeyriyyə tədbirlərində iştirakı, gənclər mübadiləsi etnik azlıqların sıx yaşadığı regionlar üçün də yeni imkanlar yaradır.

Regionların inkişafı, Avropa təşəbbüslərinə çıxış və tərəfdaşlarla əməkdaşlıq perspektivləri onların radikal və antidemokratik təsirlərə açıq sahələrini azaldır. Bu mənada Moldova–Azərbaycan əməkdaşlığı ölkəmizin daxili sabitliyinə obyektiv şəkildə töhfə verir.

Siyasi dialoq və beynəlxalq əməkdaşlıq

- Moldova və Azərbaycan BMT, ATƏT və GUAM kimi beynəlxalq platformalarda əməkdaşlıq edir…

- Beynəlxalq platformalardakı əməkdaşlığımız ümumi prinsiplərə əsaslanır: dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət, sərhədlərin güc yolu ilə dəyişdirilməsinin yolverilməzliyi və beynəlxalq hüququn üstünlüyü.

BMT, ATƏT və Avropa Şurasında Moldova və Azərbaycan məcburi köçkünlərin hüquqlarından tutmuş münaqişələrin sülh yolu ilə həllinə, enerji təhlükəsizliyinə və dayanıqlı inkişaf məsələlərinə qədər bir çox mövzuda bir-birini dəstəkləyir.

GUAM xüsusi rol oynayır. Gürcüstan və Ukrayna ilə birlikdə regional təhlükəsizlik, nəqliyyat və enerji bağlantıları, rəqəmsallaşma və iqtisadi inkişaf gündəliyini irəli aparırıq. Bu formatda separatizm və xarici müdaxilə ilə bağlı çağırışlar açıq şəkildə müzakirə olunur və birgə həll yolları axtarılır.

- Ümumi regional sabitlik kontekstində Moldova üçün Azərbaycanla siyasi dialoq nə dərəcədə vacibdir?

- Azərbaycanla siyasi dialoq Moldova üçün strateji əhəmiyyət kəsb edir. Birincisi, biz Avropa İttifaqı ilə Qara dəniz–Xəzər regionu arasında eyni geosiyasi məkanda yerləşirik. Ukraynadakı müharibənin nəticələri, enerji və nəqliyyat marşrutlarının dəyişməsi, yeni dəhlizlərin formalaşması həm Moldovaya, həm də Azərbaycana birbaşa təsir göstərir. Müntəzəm dialoq bizə öz maraqlarımızı daha yaxşı qorumağa və ümumi sabitliyə töhfə verməyə imkan verir.

İkincisi, hər iki ölkə müxtəlif dövrlərdə ərazi bütövlüyünün pozulması problemi ilə üzləşib. Yanaşmalar fərqli olsa da, əsas prinsip dəyişməzdir, bu beynəlxalq səviyyədə tanınmış sərhədlərə hörmətdir. Bu məsələdə qarşılıqlı dəstək həm ikitərəfli münasibətlər, həm də regional təhlükəsizlik arxitekturası üçün mühümdür.

Energetika

- Azərbaycanın enerji potensialını nəzərə alaraq, Moldova bu sahədə əməkdaşlığın dərinləşdirilməsini nəzərdən keçirirmi?

- Bəli, energetika əməkdaşlığımızın ən vacib və perspektivli sahələrindən biridir. Rusiya Federasiyasının Ukraynaya qarşı genişmiqyaslı təcavüzündən sonra Moldova qaz və elektrik enerjisi mənbələrini sürətlə şaxələndirib. ENTSO-E Avropa enerji sistemi ilə sinxronlaşmışıq, Rumıniya üzərindən tədarük həcmini artırmışıq, Avropa qaz bazarından və qonşu ölkələrin infrastrukturundan daha geniş istifadə edirik.

Bu fonda Azərbaycan həm təbii qaz təchizatı, həm də “yaşıl enerji” sahəsində mühüm potensial partnyor kimi nəzərdən keçirilir.

Hazırda Moldova bir neçə təchizatçıdan, o cümlədən Azərbaycandan qaz alınmasını nəzərdə tutan regional təşəbbüslərdə iştirak imkanlarını müzakirə edir. Eyni zamanda, Azərbaycan–Gürcüstan–Rumıniya–Aİ xətti üzrə “yaşıl” elektrik enerjisi ixracı layihəsinə qoşulmaq perspektivi də araşdırılır.

Bundan əlavə, Moldova qaz anbarlarından və interkonnektorlardan daha geniş regional enerji təhlükəsizliyi memarlığının bir hissəsi kimi istifadə imkanlarını nəzərdən keçirir. Məqsədimiz yalnız enerji resursları almaq deyil, həm də Azərbaycan kimi əsas aktorun oynadığı möhkəm və şaxələndirilmiş enerji sisteminə inteqrasiya olunmaqdır.

Dnestryanı münaqişə və Azərbaycanın təcrübəsi

- Moldova Dnestryanı münaqişə ilə üzləşməkdə davam edir. Azərbaycanın torpaqlarını işğaldan azad etməsi ilə bağlı təcrübəsi Moldova üçün faydalı ola bilərmi?

- Hər bir münaqişənin öz xüsusiyyətləri var və Moldova Dnestryanı problemi yalnız sülh, siyasi və diplomatik yolla həll etməkdə israrlıdır. Bununla belə, Azərbaycanın öz əraziləri üzərində nəzarəti bərpa etməsi və sonrakı postmünaqişə dövründə apardığı bərpa fəaliyyəti bizim üçün şübhəsiz ki, maraq doğurur.

Azərbaycanın azad olunmuş ərazilərdə infrastrukturun bərpası, minalardan təmizlənmə, məcburi köçkünlərin qayıdışı, həyat və inkişaf üçün şərait yaradılması kimi layihələri diqqətlə izləyirik. Xüsusilə investisiyaların cəlbi, iş yerlərinin yaradılması, təhlükəsizlik və sosial inteqrasiya mexanizmləri bizim üçün önəmlidir.

Ərazi bütövlüyü məsələlərində təcrübə və qarşılıqlı dəstək siyasi baxımdan da vacibdir. Moldova və Azərbaycan bir-birinin suverenliyini və ərazi bütövlüyünü ardıcıl şəkildə dəstəkləyir, separatçı qurumların legitimləşdirilməsinə və qəbul edən dövlətin razılığı olmadan xarici qoşunların yerləşdirilməsinə qarşı çıxır. Bu, regionda təhlükəsizlik rejiminin möhkəmləndirilməsinə birgə töhfəmizdir.


Qaqauziya və Moldovanın daxili məsələləri

- Qaqauziyada vəziyyəti və bu bölgənin Moldova siyasi və sosial həyatındakı rolunu necə qiymətləndirirsiniz?

- Qaqauziya Moldova Respublikasının ayrılmaz hissəsidir — qanunla təsbit olunmuş və bütün əsas siyasi qüvvələr tərəfindən tanınan xüsusi statusa malik bir muxtariyyətdir. Qaqauz əhalisi Moldovanın iqtisadi, mədəni və sosial inkişafına sanballı töhfə verib və verməkdə davam edir.

Eyni zamanda, Moldova Prezidenti, parlament və hökumət rəhbərliyi dəfələrlə qeyd edib ki, ölkəmiz Rusiya tərəfindən həyata keçirilən dezinformasiya, daxili proseslərə müdaxilə, siyasi layihələrin qanunsuz maliyyələşdirilməsi kimi ciddi hibrid təhdidlərlə üzləşir. Qaqauziyada bəzi siyasi fiqurlar və strukturlar qaçaq oliqarxlar və xarici təsir mərkəzləri ilə koordinasiya olunaraq bu sxemlərə cəlb ediliblər.

Kişinyovun rəsmi mövqeyi ondan ibarətdir ki, Qaqauziya sakinlərinin hüquq və maraqları mərkəzi hakimiyyətlə konstruktiv dialoq, regionun infrastrukturu və iqtisadiyyatının inkişafı, keyfiyyətli təhsil və səhiyyəyə çıxış və milli, Avropa proqramlarında iştirak vasitəsilə qorunmalıdır. Biz muxtariyyətin xarici müdaxilə alətinə çevrilməsinin və ya Moldova dövlətçiliyini sarsıtmaq üçün istifadə olunmasının qəti əleyhinəyik.

Moldovadakı seçkilər

- Moldovada keçirilən son seçkilərlə bağlı hansı əsas məqamları qeyd edərdiniz?

- 28 sentyabr parlament seçkiləri Moldova üçün misilsiz xarici təzyiq şəraitində demokratik institutların dayanıqlığını sınağa çəkən mühüm bir imtahan oldu.

Birinci əsas məqam — Rusiyanın genişmiqyaslı hibrid müdaxiləsi idi. Moldova Prezidenti Maya Sandu, parlament və hökumət rəhbərliyi, Ali Təhlükəsizlik Şurası dəfələrlə bəyan edib ki, ölkəmizə qarşı dezinformasiya, media manipulyasiyası, siyasi qüvvələrin qanunsuz maliyyələşdirilməsi, seçicilərin satın alınması cəhdləri, pullu etiraz aksiyaları və dövlət institutlarına inamı sarsıtmağa yönəlmiş fəaliyyətlərlə paralel şəkildə hibrid müharibə aparılır.

İkinci məqam — bütün bu təzyiqlərə baxmayaraq, Moldova vətəndaşlarının demokratik və Avropa yönümlü seçimi təsdiqləməsidir. Beynəlxalq müşahidəçilər seçkiləri rəqabətli hesab edib, aşkar olunan pozuntuların ümumi nəticəyə təsir etmədiyini bildirib.

Üçüncü məqam — cəmiyyətdə nəticələrə dair aydın gözləntidir. Moldova vətəndaşları hakimiyyətdən yalnız geosiyasi kursun təsdiqini deyil, korrupsiyaya qarşı mübarizə, təhlükəsizliyin möhkəmləndirilməsi, yaşayış səviyyəsinin yüksəldilməsi, iqtisadiyyatın və infrastrukturun modernləşdirilməsi sahəsində real nəticələr gözləyir.

Seçkilər Moldovanın Avropa inteqrasiyasını dərinləşdirmək, demokratik institutları möhkəmləndirmək və hibrid təhdidlərə qarşı dayanıqlığı artırmaq istiqamətində strateji kursunu təsdiq etdi. Bu, vətəndaşlarımızın şüurlu seçimidir.

Xarici siyasətdə bu, proqnozlaşdırıla bilənlik və davamlılıq deməkdir: Avropa İttifaqı və üzv dövlətlərlə münasibətləri möhkəmləndirəcəyik; Rumıniya ilə strateji tərəfdaşlığı və Ukrayna ilə dost münasibətləri inkişaf etdirəcəyik; və əlbəttə, enerji, ticarət, nəqliyyat, regional təhlükəsizlik və humanitar sahələrdə etibarlı tərəfdaş olan Azərbaycanla əməkdaşlığı daha da dərinləşdirməyə davam edəcəyik.

Bakı üçün seçkilərin nəticələri Moldovanın sabit və proqnozlaşdırıla bilən tərəfdaş olduğunu, uzunmüddətli layihələri planlaşdırmağın mümkünlüyünü göstərən mühüm siqnaldır.

Ukraynadakı müharibə və onun Moldovaya təsiri

- Ukraynada müharibənin Moldova üçün iqtisadi, siyasi və sosial təsirini necə qiymətləndirirsiniz?

- Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı təcavüzü Moldovanın müstəqillik tarixində qarşılaşdığı ən ciddi sınaqlardan biridir.

İqtisadi baxımdan ənənəvi logistika zəncirlərinin qırılması, enerji şoku, qaz və elektrik enerjisi qiymətlərinin kəskin artması, inflyasiya təzyiqi ilə üzləşdik. Avropa İttifaqı, Rumıniya, Ukrayna və digər tərəfdaşların dəstəyi ilə Moldova tədarükün şaxələndirilməsi, maliyyə dayanıqlığının gücləndirilməsi, ixrac-idxal axınlarının yenidən qurulması istiqamətində uyğunlaşa bildi.

Siyasi baxımdan müharibə Avropa kursumuzu sürətləndirdi. Moldova Aİ-yə namizəd statusu aldı, danışıqlara başladı, ədliyyə, təhlükəsizlik və korrupsiya ilə mübarizə sahəsində islahatları genişləndirdi. Eyni zamanda, dezinformasiya və hibrid təhdidlərə qarşı mübarizə institutları gücləndirildi.

Sosial baxımdan Moldova əhəmiyyətli sayda ukraynalı qaçqını qəbul edərək onlara təhsil, tibbi xidmət və əmək bazarına çıxış imkanı təmin etdi. Resursları məhdud olan kiçik bir ölkə üçün bu böyük sınaq olsa da, cəmiyyətimizin həmrəyliyinin və humanizminin təzahürü oldu.

Kişinyovun mövqeyi aydındır və dəyişməzdir: Moldova Rusiyanın Ukraynaya qarşı təcavüzünü pisləyir, Ukraynanın suverenliyinin və ərazi bütövlüyünün bərpasını dəstəkləyir və ölkəmizin təhlükəsizliyi ilə davamlı inkişafının bu müharibənin nəticəsindən birbaşa asılı olduğunu qəbul edir.


- Moldova və Azərbaycan qonşu ərazidə davam edən müharibə şəraitində regional təhlükəsizliyi və sabitliyi təmin etmək üçün necə əməkdaşlıq edə bilər?

- Bir neçə istiqamət var ki, bu sahələrdə həm artıq əməkdaşlıq edirik, həm də bundan sonra daha da gücləndirə bilərik. Birincisi, beynəlxalq platformalarda siyasi koordinasiya və qarşılıqlı dəstək – BMT, ATƏT, GUAM və digər formatlarda biz birlikdə beynəlxalq hüququn, suverenliyin və ərazi bütövlüyünün, qanunsuz ilhaqların yolverilməzliyinin müdafiəçisi kimi çıxış edirik.

İkincisi, Avropa və regionun enerji təhlükəsizliyinin möhkəmləndirilməsi. Azərbaycanın enerji resurslarının rolunun artması və “yaşıl enerji” layihələrinin inkişafı enerji şantajının imkanlarını azaldır, ölkələrimizi və tərəfdaşlarımızı xarici təzyiqlərə qarşı daha dayanıqlı edir.

Üçüncüsü, nəqliyyat və ticarət dəhlizlərinin inkişafı – bu, təchizat marşrutlarını şaxələndirməyə və münaqişə zonalarının ətrafından keçməyə imkan verir. Şərq–Qərb Orta Dəhlizi, “Şimal–Cənub” marşrutu, liman, dəmir yolu və avtomobil infrastrukturunun inkişafı Moldovanın, Azərbaycanın və Ukraynanın iqtisadi dayanıqlığını artırır.

Dördüncüsü, hibrid təhdidlərə qarşı mübarizədə əməkdaşlıq: kritik infrastrukturun mühafizəsi, kibertəhlükəsizlik, dezinformasiya və siyasi fəaliyyətin qanunsuz maliyyələşdirilməsinə qarşı mübarizə təcrübəsinin mübadiləsi. Həm Moldova, həm də Azərbaycan xarici təsirin daxili proseslərə müdaxilə cəhdləri ilə qarşılaşır və bu sahədə birgə səylər təbiidir və zəruridir.

Əminəm ki, energetikadan və nəqliyyatdan tutmuş hibrid təhlükələrə və humanitar əməkdaşlığa qədər uzanan belə kompleks gündəmlə ölkələrimiz ümumi regionumuzun təhlükəsizliyinə və sabitliyinə ciddi töhfə verə bilər.

Seçilən
13
3
apa.az

4Mənbələr