Dekabrın 8-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin təşkilatçılığı ilə “İqlim dəyişikliyi ilə mübarizədə süni intellektin rolu” mövzusunda elmi-praktik konfrans keçirilib.
Newscenter.az xəbər verir ki, təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov iclası açaraq, iqlim dəyişmələrinə enerji istehsalının, nəqliyyatın, sənayenin, kənd təsərrüfatının və digər amillərin təsirindən bəhs edib. Bu problemin təsirini azaltmaq üçün süni intellektin güclü bir vasitə olduğunu qeyd edib, süni intellektin iqlim dəyişikliyinə təsirinin araşdırılmasından, onun tətbiqinin üstünlüklərindən və gələcək perspektivlərindən söhbət açıb.
Komitə sədri ölkəmizdə süni intellektin inkişafının dövlət səviyyəsində prioritet məsələlərdən olduğunu söyləyib. “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nın tətbiqinin önəmindən danışıb. Ölkə Prezidentinin elmin, innovasiyaların, yüksək texnologiyaların, o cümlədən süni intellektin Azərbaycanın gələcək modernizasiyasında aparıcı mövqeyini hər zaman qeyd etdiyini vurğulayıb. O, süni intellekt strategiyasının Azərbaycanda bu sahədə tədqiqatların aparılması, informasiya texnologiyalarının və onların idarə edilməsi mexanizmlərinin təkmilləşdirilməsi, infrastrukturun əlçatanlığının təmin edilməsi, habelə ixtisaslı kadr potensialının hazırlanması baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib.
Sadiq Qurbanov mövzunun aktuallığını nəzərə alaraq, bugünkü elmi-praktik konfransın keçirilməsinə şərait yaratdığına görə parlamentin sədri Sahibə Qafarovaya təşəkkürünü bildirib. Komitə sədri Süni İntellekt Strategiyasının həyata keçirilməsində Milli Məclisin rolu və qanunvericilik təşəbbüsləri ilə bağlı fikirlərini açıqlayıb. O, qeyd edib ki, Milli Məclis bu gün cəmiyyətin institusional inkişafında, dövlət siyasətinin strategiyasının müəyyənləşdirilməsində, innovativ idarəetmə modelinin formalaşmasında önəmli rol oynayır. Bildirib ki, qlobal rəqabət, iqlim çağırışları, rəqəmsal transformasiya dövründə qanunvericilik sisteminin çevikliyi və yenilənməsi xüsusi əhəmiyyət kəsb edir.
Komitə sədri nəzərə çatdırıb ki, süni intellekt sahəsində həyata keçirilən islahatların, o cümlədən 2025-2028-ci illər üçün süni intellekt Strategiyasının səmərəli icrası, eyni zamanda qanunverici hakimiyyətdən ardıcıl və məqsədyönlü yanaşma tələb edir. O, bu baxımdan süni intellektin tətbiqini, məlumatların idarə olunmasını, etik standartları, kibertəhlükəsizliyi, ekologiya və iqlim üzrə tənzimləyici vəzifələrin təkmilləşdirilməsini nəzərdə tutan müasir qanunvericilik bazasının formalaşdırılmasının vacibliyini qeyd edib.
İclasda Milli Məclisin komitə sədrləri Zahid Oruc, Arzu Nağıyev, deputatlar Nigar Arpadarai, Rəşad Mahmudov, Nigar Məmmədova, Asif Əsgərov, Azər Allahverənov, habelə energetika nazirinin müavini Elnur Sultanov, rabitə və yüksək texnologiyalar nazirinin müavini Saməddin Əsədov, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova, ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, akademik, AMEA-nın vitse-prezidenti Arif Həşimov, akademik Adil Qəribov, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müavini Ceyhun Salmanov, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Süni intellekt layihəsinin rəhbəri Surxay Novruzov çıxış ediblər.
Çıxışlarda süni intellekt texnologiyalarının son illərdə sürətlə inkişaf etdiyi və iqlim dəyişikliklərinə qarşı mübarizədə böyük potensiala malik olduğu bildirilib. Süni intellekt vasitəsilə iqlim dəyişikliklərinin təsirlərinin qabaqcadan təhlili, təbii fəlakət risklərinin azaldılması və ekosistemlərin qorunması sahələrində yeniliklərin əldə edilməsindən söhbət açılıb. Ətraf mühitin qorunması və karbon emissiyalarının azaldılması istiqamətində süni intellektin mühüm töhfələr verdiyi qeyd olunub. Süni intellektin iqlim dəyişikliyi ilə mübarizədə enerji səmərəliliyinin artırılması, proqnozlaşdırma, dayanıqlı kənd təsərrüfatı kimi sahələrdə əsas alətə çevrildiyi vurğulanıb. Həmçinin, süni intellektin sənayelərin transformasiyasına və iqlim tədbirlərinin həyata keçirilməsinə verdiyi töhfələr qeyd edilib. Bu texnologiyaların enerji və su səmərəliliyinin artırılmasında, hava şəraitinin proqnozlaşdırılmasında və çirklənmənin azaldılmasında oynadığı roldan danışılıb.
Müzakirələrdə süni intellektin tətbiqi sahəsində dünya təcrübəsindən bəhs edilib, ölkəmizdə Süni İntellekt Akademiyasının yaradılmasının vacibliyi qeyd olunub, süni intellekt sahəsində data və infrastrukturun formalaşdırılması, insan amilinin təsiri, məlumatların idarə edilməsi, infrastrukturun təkmilləşdirilməsi, süni intellekt modellərinin tətbiqi sayəsində əldə ediləcək nəticələr barədə fikirlər açıqlanıb.
Çıxışlarda, habelə Süni intellekt Strategiyasının əhəmiyyəti vurğulanıb. Strategiya çərçivəsində maarifləndirmə, ictimaiyyətin məlumatlandırılması, o cümlədən süni intellektin potensialı və riskləri haqqında təşviqat işinin aparılmasının rolundan danışılıb.
Tədbirdə Milli Məclisin deputatları, parlament Aparatının təmsilçiləri, aidiyyəti qurumların nümayəndələri iştirak ediblər.
Süleyman