3 Dekabr - Beynəlxalq Əlilliyi olan Şəxslər Günü ilə əlaqədar Qarabağ “DOST Evi” tərəfindən ilk dəfə olaraq səyyar xidmət təşkil olunub.
"Unikal" xəbər verir ki, xidmət Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzi ilə birgə təşkilatçılıq çərçivəsində Qarabağ Regional Mədəniyyət İdarəsinin Ağdam rayon Heydər Əliyev Mərkəzində həyata keçirilib. Tədbirdə iştirak edən Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov inklüzivliyin bölgədə təşviqi və əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası üçün belə layihələrin davamlı keçirilməsinin vacib olduğunu vurğulayıb.
Layihə çərçivəsində Qarabağ “DOST Evi”nin fəaliyyəti və xidmət istiqamətləri barədə geniş təqdimatlar edilib. Qarabağ "DOST Evi”nin təlimçiləri və əməkdaşları tərəfindən əliliyi olan şəxslər üçün müxtəlif yaradıcılıq istiqamətləri üzrə master-klas keçirilib, onların valideynləri və ya qəyyumları ilə maarifləndirici söhbətlər aparılıb. Tədbirin təşkilində məqsəd şöbənin xidmət istiqamətləri ilə bağlı vətəndaşların məlumatlılığının artırılması, əlilliyi olan şəxslərin sosial adaptasiyasına dəstək göstərməkdir.