Bizimyol saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Paytaxtın Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında 3 nəfərin ölümü ilə nəticələnən yanğınla əlaqədar vəzifəli şəxs həbs olunub.
Bizimyol.info xəbər verir ki, yanğınla əlaqədar cinayət məsuliyyətinə cəlb olunan şəxs binanın zirzəmi qatı və birinci mərtəbəsində yerləşən qeyri-yaşayış obyektini icarəyə götürmüş “TAXES GROUP” MMC-nin (“Loft Klinika”) qanuni təmsilçisi - direktoru Bəhruz Paşayevdir. Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, noyabrın 21-də baş vermiş yanğınla əlaqədar Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
İstintaq zamanı aidiyyəti dövlət qurumları, o cümlədən Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və müvafiq ekspertlərin iştirakı ilə hadisə yerinə baxış keçirilib, maddi sübutlar götürülüb, çoxsaylı istintaq hərəkətləri icra edilib.
Keçirilmiş tədbirlərilə müəyyən edilib ki, binanın zirzəmisində başlamış yanğın nəticəsində 3 sakin – Arzu Qəmbərli, Samir Məmmədov və Könül Hümbətova vəfat edib, 25 nəfər tüstüdən zəhərlənib, habelə müxtəlif şəxslərə məxsus əmlaka ziyan dəyib.
Baş Prokurorluğun məlumatında həmçinin qeyd olunur ki, binanın zirzəmi qatı və birinci mərtəbəsində yerləşən qeyri-yaşayış obyektini icarəyə götürmüş “Loft Klinika”nın direktoru Bəhruz Paşayevin üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs kimi, bu qaydaları pozub ehtiyatsızlıqdan 3 nəfərin ölümünə və digər ağır nəticələrə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.
Noyabrın 23-də Bəhruz Paşayev şübhəli şəxs qismində tutulub, noyabrın 24-də isə Cinayət Məcəlləsinin 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.
Prokurorun təqdimatı əsasında Bəhruz Paşayevin barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir və baş vermiş hadisədə təqsirli olan bütün şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Aytən, Bizimyol.info
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.