"Bizim üçün vacib idi ki, aramızda müəyyən qarşılıqlı anlaşma da zirvəyə çatsın. Əgər İrəvan görüşü zamanı biz bir-birimizi başa düşəcəyimizə əmin idiksə, Bakıya səfərimizdə də əmin olduq ki, nə desək, verilən reaksiyadan asılı olmayaraq, öz məqsədinə çatır".
"Unikal" xəbər verir ki, bunu Bakıdan qayıtdıqdan sonra təşkil olunan mətbuat konfransında Ermənistan vətəndaş cəmiyyətinin nümayəndəsi, Yerevan Mətbuat Klubunun prezidenti Boris Navasardyan deyib.
O, qarşılıqlı anlaşmaya nail olunan istiqamətləri qeyd edib: "Birincisi, bu nizamlanma prosesinə həm Azərbaycanda, həm də Ermənistanda ekspert birliyində mövcud olan resurslar cəlb olunacaq. Yəni müxtəlif formatlar, müxtəlif tədbirlər olacaq ki, burada müstəqil ekspertlər, o cümlədən müxtəlif rəyi olanlar cəlb olunacaq, öz təklif və ideyalarını təqdim etmək imkanı olacaq. İkincisi, media sahəsidir. Bizim üçün lazımdır ki, həm Azərbaycanda, həm də Ermənistanda media imkan daxilində nizamlanma prosesinə töhfə versin. Bu o demək deyil ki, onlar hər hansı problemdən qaçmalıdırlar. Xeyr. Bütün problemlər mümkün qədər intensiv şəkildə təqdim edilməlidir, lakin reallığın təhrif edilməməsi vacibdir.
Bununla bağlı biz təbii ki, bunu necə edə biləcəyimizi müzakirə etmişik və bu, mütləq həyata keçiriləcək və media ilə fəal işləyəcəyik".
Ağarza Elçinoğlu