Misli Premyer Liqasında XII tur davam edir.
Fanat.Az xəbər verir ki, dünən start götürən tur çərçivəsində bu gün daha 2 oyun keçiriləcək.
Turun mərkəzi qarşılaşmasında "Turan Tovuz" ilə "Araz-Naxçıvan" üz-üzə gələcəklər. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək görüş qərb təmsilçisi üçün liderin ən yaxın izləyicisi statusunu qorumaq baxımından əhəmiyyətlidirsə, naxçıvanlılar ilk "üçlüy"ə dönmək əzmindədir.
Günün digər görüşündə isə "Zirə" evdə "Qəbələ" ilə münasibətlərinə aydınlıq gətirəcək. Dünənki nəticələrdən sonra Kaxaber Tsxadadzenin baş məşqçisi olduğu "qırmızı-qaralar" "zirzəmi"yə bir pillə də yaxınlaşıblar və bu üzdən "Zirə"dən xal almağa can atacaq. Rəşad Sadıqovlu "qartallar" isə ilk dövrədə 2:1 yendiyi rəqibini yenə xalsız yola salmağa çalışacaq. Belədə hazırda 5-ci yerdə qərarlaşan qəsəbə təmsilçisi mövqeyini azı bir pillə yaxşılaşdıracaq.
Qeyd edək ki, turun dünən keçirilən açılış oyunlarında “Karvan-Yevlax” evdə “Kəpəz”ə 1:2, “Sumqayıt” isə “Qarabağ”a 2:4 hesabı ilə uduzub.
Misli Premyer Liqası
XII tur
22 noyabr
15:00. “Araz-Naxçıvan” – “Turan Tovuz”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Gülnurə Əkbərzadə, Emin Əliyev.
VAR: Rəşad Əhmədov, Vüqar Həsənli.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Eldar Məmmədov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.
17:30. “Zirə” – “Qəbələ”
Hakimlər: Elvin Bayramov, Rahil Ramazanov, Şirmamed Mamedov, Əli Əliyev.
VAR: Nicat İsmayıllı, Vüsal Məmmədov.
Hakim-inspektor: Anar Salmanov .
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Zirə İdman Kompleksinin stadionu.