AZ

Belemdə COP31 sammitinə ev sahibliyi məsələsi hələ də açıq qalır

Braziliyanın Belem şəhərində keçirilən COP30 iqlim konfransında diqqət mərkəzində olan əsas mövzulardan biri növbəti konfrans – COP31-ə hansı ölkənin ev sahibliyi edəcəyi ilə bağlı qərardır. Müzakirələr göstərir ki, proses hazırda dalana dirənib və yekun seçim hələ razılaşdırılmayıb.

AZƏRTAC xəbər verir ki, COP31-ə ev sahibliyi üçün uzun müddət əsas namizəd hesab olunan Avstraliya sammiti Sakit okean adaları ilə birgə təşkil etməklə iqlim dəyişikliyinə qarşı fəaliyyətini və regionda diplomatik mövqeyini gücləndirməyi hədəfləyir. Ölkə hazırda kömür və qazdan asılılığını azaltmaq, bərpa olunan enerji, yaşıl polad və batareya texnologiyalarına sərmayəni artırmaq üzərində çalışır.

Yeni Cənubi Uels Universitetinin iqlim üzrə eksperti Uesli Morqan Reuters agentliyinə bildirib ki, COP-a ev sahibliyi etmək Avstraliya üçün iqtisadi baxımdan mühüm əhəmiyyət daşıyır.

Son həftələrdə isə Türkiyə prosesdə aktivliyini artıraraq alternativ namizəd kimi irəli çıxıb. Ankara sammitin inkişaf etməkdə olan ölkələrin iqlim maliyyələşməsinə diqqəti artırmalı olduğunu və 2053-cü ilə qədər “sıfır emissiya” məqsədinə nail olmaq üçün öz səylərini təqdim etməyə hazır olduğunu bildirir. Türkiyə rəsmilərinə görə, Aralıq dənizi hövzəsində belə bir tədbirin keçirilməsi həm ekoloji, həm də logistika baxımından səmərəli ola bilər.

Nəticədə, COP30-da iki ölkə arasında diplomatik durğunluq yaranıb.

Müşahidəçilər kompromis variantı kimi sammitin müxtəlif mərhələlərinin iki ölkə arasında bölüşdürülməsi təkliflərini də gündəmə gətiriblər. Lakin heç bir rəsmi qərar yoxdur və tərəflər arasında razılıq əldə olunmayıb.

Qeyd edək ki, BMT-nin qaydalarına əsasən, ev sahibliyi edəcək regiondakı ölkələrin hamısı yekdil qərar qəbul etməlidir. Əgər Avstraliya və Türkiyə arasında kompromis əldə olunmasa, tədbir avtomatik olaraq BMT-nin İqlim Katibliyinin yerləşdiyi Almaniyanın Bonn şəhərində keçiriləcək. Almaniya “zərurət olarsa ev sahibliyi edə bilərik, amma bunu istəmirik” bəyanatı verib.

Belemdə COP30 zamanı Avstraliya və Türkiyə pavilyonlarının yan-yana yerləşməsinə baxmayaraq, danışıqlarda hələlik yaxınlaşma qeydə alınmayıb. Mütəxəssislərin fikrincə, COP31-in ev sahibi barədə veriləcək qərar yalnız təşkilati məsələ deyil, həm də qlobal iqlim diplomatiyasının növbəti mərhələsinə təsir göstərəcək strateji addımdır.

Seçilən
1
4
azerbaijan-news.az

5Mənbələr