Azərbaycanı basketbol üzrə FIBA Avropa Kubokunda təmsil edən “Abşeron Lions” bu gün sözügedən turnirdə növbəti oyununa çıxıb.
Arena.az xəbər verir ki, I qrupunda yer almış paytaxt klubu qrup mərhələsinin 5-ci turu çərçivəsində Polşanın “Trefl” komandası ilə üz-üzə gəlib.
Qdansk şəhərindəki “Erqo Arena”da baş tutmuş görüş Azərbaycan təmsilçisi üçün uğursuz alınıb. Oyun meydan sahiblərinin 98:78 hesablı qələbəsi ilə başa çatıb.
Xatırladaq ki, bu qrupun bir qədər əvvəl başa çatmış oyununda Azərbaycan digər təmsilçisi “Neftçi” Estoniyada “Kalev”ə 82:88 hesabı ilə uduzmuşdu.
Beləliklə, 5 turdan sonra “Trefl” 9 xalla I qrupunda liderdir. “Neftçi” 8 xalla ikinci pillədə qərarlaşıb. “Kalev” 7 xalla üçüncü, 6 xalı olan “Abşeron Lions” isə sonuncudur.
Abşeronlular qrupdakı son oyunda Azərbaycanın digər təmsilçisi “Neftçi” ilə üz-üzə gələcəklər. Sözügedən qarşılaşma noyabrın 19-da baş tutacaq.

