ain.az, Avtosfer portalına istinadən məlumat yayır.
Bakının Binəqədi rayonunda qardaşını qətlə yetirməkdə təqsirləndirilən Amin Nurinin cinayət işi üzrə məhkəmə baxışı keçirilib.
Avtosfer.az-ın Oxu.az-a istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakimi Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənin vəkili müvəkkilinin hal-hazırda hər hansı bir psixi xəstəliyinin olub-olmaması barədə təkrar psixoloji ekspertizanın təyin olunması ilə bağlı vəsatətlə çıxış edib.
Prokuror vəsatəti əsassız sayaraq, təmin olunmamasını istəyib. Müşavirədən sonra vəsatət sənədlərin tədqiqi mərhələsinədək baxılmamış saxlanılıb.
Prosesin növbəti mərhələsində prokuror Eldar Həmzə təqsirləndirilənə ittiham aktını elan edib.
Amin Nuri qardaşının qətli ilə bağlı özünü qismən təqsirli hesab edib. Hakim onun ittiham olunduğu maddələrin sübuta yetiriləcəyi təqdirdə 20 ilədək azadlıqdan məhrum edilə biləcəyini təqsirləndirilənə xatırladıb.
Qətlə yetirilən Aslan Nurinin hüquqi varisi olan həyat yoldaşı şahid kimi ifadə verərkən onun müəyyən ifadələri təqsirləndirilən Amin Nurinin etirazına səbəb olub. Amin Nuri qardaşını mülkə görə yox, onun narkotik maddə aludəçisi və digər zərərli vərdişlərinə görə yaranmış narazılıqlar zəminində qətlə yetirdiyini deyib. O, qardaşının həyat yoldaşına onu dəfələrlə ərinin döydüyü zaman əlindən aldığını deyib və şahid də bunu təsdiq edib.
Növbəti proses dekabrın 10-na təyin olunub.
Qeyd edək ki, hadisə 2025-ci il iyulun 3-ü səhər saatlarında Binəqədi rayonunun ərazisində baş verib. 1996-cı il təvəllüdlü Aslan Elgün oğlu Nuri yaşadığı evdə qətlə yetirilib. Aslan Nurinin qardaşı 1991-ci il təvəllüdlü Amin Nuri hadisədən sonra polis şöbəsinə gedərək qardaşını öldürdüyünü etiraf edərək könüllü təslim olub.
Onu da qeyd edək ki, Aslan Nuri azyaşlı körpəsinin gözü qarşısında qətlə yetirilib. Hadisədən sonra Amin Nuri könüllü polisə gedəcəyini deyib.
Hadisənin qardaşlar arasında mülk bölgüsü ilə bağlı olduğu bildirilib.
Təqsirləndirilən Amin Nuri müharibə iştirakçısı və həmçinin zabit olub.
Amin Nurinin barəsində 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) və 157,1-ci (Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olma) maddələri ilə yekun ittiham elan olunub.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.