AZ

Nazirlər Kabineti Paris Sazişi çərçivəsində yeni iqlim hədəflərini təsdiqlədi

BAKI, 12 noyabr. TELEQRAF

Azərbaycan Respublikası Nazirlər Kabineti Paris Sazişi çərçivəsində istilik effekti yaradan qazların emissiyalarının azaldılması üzrə yeni milli hədəfi təsdiqləyib.

Teleqraf xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Nazirlər Kabinetindən Teleqraf-a verilən məlumata görə, qərara əsasən, 1990-cı baza ili ilə müqayisədə 2035-ci ilə qədər istilik effekti yaradan qazların emissiyalarının 40 faiz azaldılması nəzərdə tutulur. Bu məqsədlə “Yenilənmiş, 3-cü Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr” (NDC 3.0) sənədi təsdiq olunub.

Qərara əsasən, müəyyən edilmiş hədəfə nail olunması beynəlxalq maliyyə dəstəyi, özəl sektor investisiyaları, texnologiyanın ötürülməsi və inkişafı, habelə meşələrin və ekosistemlərin absorbsiyası kimi amillərlə mümkün olacaq.

Sənədə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi NDC 3.0 sənədini BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Katibliyinə təqdim edəcək.

Bununla yanaşı, İqtisadiyyat Nazirliyi hədəflərə nail olmaq üçün energetika, nəqliyyat, kənd təsərrüfatı, tullantıların idarə olunması və sənaye sahələri üzrə dekarbonizasiya tədbirlərinin dövlət proqramları və milli fəaliyyət planlarına inteqrasiyasını təmin edəcək.

Energetika Nazirliyi isə enerji sektorunda, o cümlədən neft və qaz sənayesində emissiyaların azaldılması, bərpa olunan enerji mənbələrinin payının artırılması, enerji səmərəliliyinin yüksəldilməsi və karbon tutumlu texnologiyaların mərhələli şəkildə azaldılması istiqamətində tədbirlər həyata keçirəcək.

Maliyyə Nazirliyi müəyyən olunmuş tədbirlərin maliyyələşdirilməsini təmin edəcək.

Seçilən
38
4
teleqraf.com

5Mənbələr