AZ

Sarsılmaz iradənin və tarixi ədalətin zəfəri

Sarsılmaz iradənin və tarixi ədalətin zəfəriİkinci Qarabağ müharibəsində əldə etdilən möhtəşəm Zəfərin 5-ci ildönümü müstəqil tariximizin ən şanlı, qürurverici səhifələrindən biri kimi hər bir azərbaycanlıda böyük fəxarət hissi doğurur. Qarabağın tacı olan Şuşa şəhərinin işğaldan azad edildiyi günün - 8 Noyabr tarixinin Azərbaycanda Zəfər Günü kimi əbədiləşməsi mühüm siyasi-psixoloji çalarlara malik hadisə olmaqla yanaşı, ərazilərimizdə erməni separatizminin tam iflası faktını özündə simvolizə edir.
Zəfər Günü xalqın milli iradəsinin, dövlətin iqtisadi və hərbi qüdrətinin, tarixi ədalətin təntənəsi kimi dövlətçilik tariximizdə xüsusi yer tutur. İkinci Qarabağ müharibəsindəki qələbəmizin beşinci ildönümü münasibətilə paytaxtın "Azadlıq" meydanında təşkil olunan möhtəşəm hərbi parad isə ilk növbədə son illərdəki hərbi-siyasi uğurlarımızın real miqyasını bütün dünyaya nümayiş etdirir. Bir daha təsdiqlənir ki, Azərbaycan dövləti ədalətli müharibə apararaq, dayanıqlı sülhə nail olmuşdur. Beş il əvvəl qazanılan qələbə bu gün beynəlxalq hüquqla möhkəmlənmiş, diplomatik razılaşmalarla rəsmiləşdirilmiş, gələcəyə yönəlmiş dövlət siyasətinin təməl prinsipinə çevrilmişdir.
Xalqımız cəmi 44 gün davam edən hərbi əməliyyatlar zamanı qazandığı parlaq Zəfərlə torpaqlarımızın otuzillik işğalına son qoymuş, iki əsrə qədər davam edən Qarabağ münaqişəsinin həllinə nail olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyev əsrlər boyu hissə-hissə itirilən torpaqlarımızın müəyyən qismini geri qaytarmağı bacararaq, regionda yeni siyasi reallığın əsasını qoyan Lider kimi adını ən müasir tariximizə yazmışdır.
İnkaredilməz həqiqətdir ki, ötən əsrin 90-cı illərinin əvvəllərində dövlət müstəqilliyini bərpa edən Azərbaycanda ötən 30 ildə müasir dövlətçilik ənənələrinin, vətəndaş cəmiyyətinin, iqtisadi-siyasi institutların formalaşdırılması prosesi xalqımızın Ümummilli Lideri, böyük şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır. 2003-cü ildən sonra Prezident İlham Əliyev bu ənənələri daha da inkişaf etdirərək ölkəmizi bütün parametrlər üzrə tarixinin qüdrətli mərhələsinə çatdırmışdır. Bu illər ərzində cənab İlham Əliyevin özünün də formalaşdırdığı bir çox dövlətçilik ənənəsi vardır ki, Vətən müharibəsi günlərində əldə edilmiş təcrübə bunlardan ən əhəmiyyətlisi sayıla bilər.
Şanlı Zəfərimizin qayəsində, kökündə duran başlıca səbəb, həlledici amil isə xalqımızın vahid amal uğrunda "dəmir yumruq" kimi birləşməsi, Liderinə sonsuz güvənməsi, onun qərarlarını tərəddüdsüz dəstəkləməsidir. Xalqımız ötən əsrin 90-cı illərində dövlətçiliyə qarşı yönəlmiş xəyanətkar qəsdlər, çevriliş cəhdləri zamanı, eləcə də Azərbaycan Respublikasının ilk milli Konstitusiyasının qəbulu zamanı göstərdiyi birlik və həmrəyliyi Vətən müharibəsi günlərində daha böyük mütəşəkkilliklə nümayiş etdirmişdir.
Azərbaycan İkinci Qarabağ müharibəsindəki tarixi qələbəsi, eləcə də 2023-cü ilin sentyabr ayında keçirilən uğurlu lokal antiterror tədbirləri ilə təkcə ərazi bütövlüyünü və suverenliyini deyil, həm də 30 il əvvəl ümumxalq referendumu ilə qəbul olunmuş ilk milli Konstitusiyanın bütün inzibati-ərazi vahidləri üzrə hüquqi təsir gücünü, işləkliyini təmin etmişdir. Bu həm siyasi-hüquqi, həm də mənəvi baxımdan müasir Azərbaycan tarixində dönüş nöqtəsidir. Dövlətin bütün sərhədlərində qanunların qüvvədə olması, vahid hüquqi idarəetmə mexanizmlərinin bərpası milli dövlətçilik modelinin sabit və müstəqil təməllər üzərində qurulduğunu sübut edir.
Zəfər Günü təkcə qələbə bayramı deyil, eyni zamanda Azərbaycan xalqının 30 ilə yaxın davam edən beynəlxalq ədalətsizliyə qarşı mübarizəsinin yekun mərhələsidir. Tarixi baxımdan bu hadisə Azərbaycan xalqının azadlıq, ərazi bütövlüyü və dövlətçilik uğrunda apardığı mübarizənin qalibiyyətlə nəticələnməsini özündə simvolizə edir. Hüquqi baxımdan bu tarix Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində dövlət hakimiyyətinin tam həyata keçirilməsinin rəsmiləşdirildiyi gündür. Nəhayət, Zəfərimiz siyasi baxımdan regionda yeni reallıqların, güc balansının formalaşmasına, Azərbaycanın geosiyasi rolunun güclənməsinə ciddi zəmin yaratmışdır.
Noyabrın 8-də Bakıda keçirilən hərbi parad Zəfər Gününün dövlətçilik baxımından rəmzi və siyasi əhəmiyyətini tamamlayır. Bu tədbir Azərbaycanın hərbi qüdrətinin, müstəqil siyasətinin və beynəlxalq tərəfdaşlıq münasibətlərinin nümayişi kimi qəbul edilir. Bu hərbi paradda Türkiyə Prezidentinin və Pakistan Baş nazirinin iştirakı isə xüsusilə mühüm əhəmiyyət kəsb edir. Bu, yalnız dost və qardaş ölkələrin həmrəyliyinin simvolu deyil, eyni zamanda region və dünya üçün mühüm siyasi mesajlardır. Azərbaycan, Türkiyə və Pakistan liderlərinin birgə iştirak edəcəyi Zəfər paradı Cənubi Qafqazda təhlükəsizlik arxitekturasının yeni mərhələsini, islam dünyasında strateji həmrəyliyin möhkəmlənməsini, beynəlxalq münasibətlər sistemində ədalətli güc balansının formalaşmasını göstərir.
Azərbaycan bu gün regionda müstəqil siyasət yürüdən, sülh təşəbbüsləri ilə çıxış edən, beynəlxalq hüququn bərpasına töhfə verən nüfuzlu dövlətə çevrilmişdir. 2020-ci ildə tarixi Zəfərlə başlayan, 2023-cü ildə suverenliyin bərpası, 2025-ci ildə Vaşinqton razılaşmaları ilə tamamlanan bu proses Azərbaycanın inkişafının yeni mərhələsini müəyyənləşdirmişdir. Bu mərhələ artıq qalib xalqın öz torpaqlarında sülh, ədalət və inkişaf prinsipləri üzərində qurduğu şanlı dövrün başlanğıcıdır.

Cavid Fərhadov – ehtiyatda olan polkovnik-leytenant,
Vətən müharibəsi qazisi

Seçilən
14
sonxeber.az

1Mənbələr