AZ

Daşkənddə “Şuşada bitən yuxu” kitabının özbək dilində təqdimatı keçirilib - FOTOLAR

Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində yazıçı Könül Fazilqızının Qarabağ müharibəsi şəhidi Teymur Məcidzadəyə həsr olunmuş “Şuşada bitən yuxu” kitabının özbək dilində nəşrinin təqdimat mərasimi keçirilib.Missiya.Az xəbər verir ki, kitab Özbəkistanın “Yoshlar matbuoti” nəşriyyatında Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə özbək dilinə tərcümə edilərək çap olunub və Azərbaycan ədəbiyyatının təbliği, həmçinin Vətən uğrunda canını fəda edən qəhrəmanların xatirəsinin yaşadılması istiqamətində həyata keçirilən layihələr silsiləsinə daxildir.Tədbirdə şəhidin anası Yasəmin Camalova, bacısı Vahida Nəcəfova, Özbəkistanın elmi və mədəni ictimaiyyətinin nümayəndələri, Daşkənd universitetlərinin professor-müəllim heyəti, tələbələr və Azərbaycan diasporunun üzvləri iştirak ediblər.Tədbir iştirakçıları əvvəlcə Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda canından keçmiş bütün şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.Təqdimatın moderatoru, Nizami adına Özbəkistan Milli Pedaqoji Universitetinin professoru, “Özbəkistan–Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru Erkin Nuriddinov bu kimi nəşrlərin iki qardaş xalq arasında mədəni və mənəvi əlaqələrin möhkəmlənməsində mühüm rol oynadığını vurğulayıb.Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli çıxışında qeyd edib ki, “Şuşada bitən yuxu” kitabı Azərbaycan xalqının poetik salnaməsidir — burada həm itkilərin ağrısı, həm də Şuşanın azad olunması ilə gələn böyük Zəfərin sevinci öz əksini tapıb. O bildirib ki, Teymur Məcidzadə obrazı yalnız bir qəhrəmanın deyil, bütöv bir xalqın iradəsini, mərdliyini və vətənpərvərliyini təcəssüm etdirir. Direktor əlavə edib ki, bu kimi ədəbi layihələr Azərbaycan və Özbəkistan xalqları arasında mədəni inteqrasiyanın daha da dərinləşməsinə, ortaq türk köklərinə və mənəvi dəyərlərin birliyinə xidmət edir.Tədbirdə Mirzə Uluqbəy adına Özbəkistan Milli Universitetinin professoru Niqina Şermuhəmmədova, şair və tərcüməçi Şəhla Qasımova, dosent Rəna Qədirova və digər çıxışçılar əsər haqqında fikirlərini bölüşərək 44 günlük Vətən müharibəsi dövründə Özbəkistanın Azərbaycana göstərdiyi mənəvi dəstəyi yüksək qiymətləndiriblər.Kitabın tərcüməçisi Xulkaroy Rəcəbova çıxışında əsərin tərcümə prosesindən danışaraq bildirib ki, bu iş onun üçün sadəcə bir peşəkar təcrübə deyil, həm də Azərbaycan xalqına mənəvi yaxınlıq və qardaşlıq hissinin ifadəsi olub.Şəhidin bacısı Vahida Nəcəfova isə çıxışında qeyd edib ki, qardaşının xatirəsinə həsr olunmuş bu kitab onun ailəsi üçün böyük mənəvi təsəlli mənbəyidir. O bildirib ki, Teymur kimi qəhrəmanların adının ədəbiyyatda yaşadılması gələcək nəsillərə Vətən sevgisini, azadlıq ruhunu və qürur hissini aşılayır.Şəhidin anası Yasəmin Camalova çıxışında dərin kədər və qürurla oğlundan bəhs edərək deyib: “Biz torpaqlarımızı sülh yolu ilə qaytara bilmədik, Teymur isə Vətəni qorumağa getdi. O, Azərbaycanı həyatından çox sevirdi və qısa, lakin şərəfli bir ömür yaşadı. Bütün şəhidlərimizə Allah rəhmət eləsin.”Tədbirin bədii hissəsində Azərbaycan Mədəniyyət Mərkəzinin “Xarı Bülbül” teatr qrupunun kitab motivləri əsasında hazırladığı səhnə kompozisiyası və Mərkəzin “Qarabağ zəfəri” rəqs ansamblının milli rəqslərimizdən ibarət çıxışı təqdim olunub. Aktyorların yüksək emosional ifası və qəhrəmanların obrazlarını böyük ustalıqla canlandırması tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb və dərin təsir bağışlayıb.Mərasimin sonunda səhnədə səslənən mahnının müşayiəti ilə Azərbaycanın müqəddəs üçrəngli bayrağı dalğalanıb — bu an Vətənin azadlığı, xalqın birliyi və qəhrəman şəhidlərimizin əziz xatirəsinə ehtiramın simvoluna çevrilib.

Seçilən
18
3
missiya.az

4Mənbələr