AZ

COP30-un iqlim gündəliyində şəhərlər əsas mövzuya çevrilib

Bakı, 12 noyabr, AZƏRTAC

Braziliyanın Belen şəhərində keçirilən “Şəhərsalma və İqlim Dəyişikliyi üzrə Nazirlər görüşü” çərçivəsində COP30-un Prezidenti, səfir Andre Korrea do Lago şəhərlərin iqlim danışıqlarının mərkəzinə çevirilməsinin vacibliyini vurğulayıb.

AZƏRTAC xəbər verir ki, COP30-un Prezidenti xüsusilə adaptasiya tədbirləri şəhər səviyyəsində iqlim böhranına qarşı dayanıqlılığın təmin olunmasında həlledici rol oynadığını bildirib. Azərbaycanı tədbirdə ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva təmsil edib.

Tədbirdə BMT-nin Məskunlaşma Proqramı – UN-Habitat tərəfindən “Urban Content in NDC 3.0: A Global Overview for COP30” adlı yeni hesabat təqdim olunub. Hesabata əsasən, ölkələrin yenilənmiş Milli Müəyyən Edilmiş Töfhələrində (NDC-lərdə) şəhərlərlə bağlı bölmələrin həcmi iki dəfədən çox artıb.

“İqlim böhranının təsirlərinə cavab vermək üçün bütün səviyyələrdə koordinasiyalı fəaliyyət tələb olunur. Daha effektiv nəticələr əldə etmək üçün hər kəs birlikdə düşünməli və hərəkət etməlidir,” – deyə Andre Korrea do Lago qeyd edib. O əlavə edib ki, əgər iqlim fəaliyyətinin diqqət mərkəzində adətən azalma (mitigasiya) dayanırsa, şəhərlərə və yerli hökumətlərə qayıtdıqda, adaptasiya əsas prioritetə çevrilir.

Braziliyanın şəhərlər naziri Jader Barbalho Filho isə vurğulayıb ki, yerli hökumətlər iqlim böhranının təsirlərini birbaşa hiss edən ön cəbhədədir və adaptasiya tədbirlərinin maliyyələşdirilməsi bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, Belemdə müzakirə olunan məqsədlərə yalnız bələdiyyələrin və ştatların fəal iştirakı sayəsində nail olmaq mümkündür.

Tədbir COP30 Prezidenti, Braziliyanın Şəhərlər Nazirliyi və UN-Habitat tərəfindən təşkil olunub. Görüşdə Kaliforniya ştatının qubernatoru Qavin Nyusom, Para ştatının qubernatoru Helder Barbalho və digər yüksəksəviyyəli rəsmi şəxslər iştirak ediblər.

UN-Habitat-ın icraçı direktoru Anaklaudiya Rossbax bildirib ki, Paris Sazişinin məqsədlərinə yerli, şəhər və çoxtərəfli səviyyədə iqlim tədbirləri olmadan nail olmaq mümkün deyil:

“Bütün dünyada dayanıqlı şəhərsalma, informal yaşayış məntəqələrinin yenidən qurulması və hər kəs üçün adekvat yaşayış şəraitinin təmin edilməsi yalnız əhatəli iqlim tədbirləri ilə mümkündür”.

Hesabatın nəticələrinə görə, NDC-lərin əksəriyyəti artıq planlaşdırmadan icra mərhələsinə keçib və çoxtərəfli idarəetməyə əsaslanan yanaşma güclənib. Sənəddə qeyd olunur ki, beynəlxalq ictimaiyyət urbanizasiya və ətraf mühit gündəliklərini bir-biri ilə daha sıx şəkildə əlaqələndirir və şəhərlərin iqlim dəyişikliyi ilə mübarizədə rolunu tanıyır.

BMT-nin İqlim Fəaliyyəti üzrə baş katib köməkçisi Selvin Hart bildirib:

“Yeni NDC-lərin təxminən 80 faizi şəhərlərə istinad edir, eyni zamanda onların 80 faizində adaptasiya komponenti yer alır. Bu sənədlər ciddi yanaşma ilə hazırlanıb və məqsədlərin həyata keçirilməsi üçün beynəlxalq dəstək tələb edir”.

Seçilən
33
5
azertag.az

7Mənbələr