AZ

Rütte: NATO nüvə çəkindirmə gücünü daha çox ön plana çıxaracaq

Bizimyol portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

NATO gələcəkdə öz nüvə potensialını daha çox vurğulamağı planlaşdırır. Alyans bununla potensial rəqiblərinə qarşı inandırıcı çəkindirmə siyasətini gücləndirməyi hədəfləyir.

Bizimyol.info xəbər verir ki, bu barədə NATO-nun baş katibi Mark Rütte Almaniyanın "Welt am Sonntag" qəzetinə müsahibəsində bildirib.

Rüttənin sözlərinə görə, alyans üzv ölkələrin ictimaiyyətinə nüvə çəkindirməsinin mahiyyətini daha aydın izah etməlidir: “Cəmiyyətlərimizlə nüvə çəkindirməsi barədə daha çox danışmaq vacibdir ki, onlar bunun ümumi təhlükəsizliyimizə necə töhfə verdiyini başa düşsünlər”, - deyə o bildirib.

Baş katib qeyd edib ki, “təhlükəli və məsuliyyətsiz nüvə ritorikası” fonunda NATO ölkələrinin vətəndaşları panikaya düşməməlidir: “Heç bir təşviş üçün əsas yoxdur. NATO bu sahədə kifayət qədər güclü potensiala malikdir. Alyansın nüvə çəkindirmə siyasəti təhlükəsizliyimizin ən etibarlı təminatıdır”, - deyən Rütte əlavə edib ki, bu siyasət “etibarlı, davamlı və effektiv” qalmalıdır. Bununla yanaşı, o vurğulayıb ki, “nüvə müharibəsini nə qazanmaq, nə də aparmaq mümkündür”.

NATO-nun oktyabr ayında keçirdiyi illik “Steadfast Noon” nüvə çəkindirmə təlimlərinə toxunan Rütte bildirib ki, bu manevrlər alyansın qətiyyətini nümayiş etdirdi: “Təlimlər bütün potensial düşmənlərə aydın mesaj oldu — NATO tərəfdaşlarını hər cür təhlükədən qorumağa qadirdir və bunu edəcək”.

Müsahibə ABŞ prezidenti Donald Trampın nüvə silahı sınaqlarının bərpası barədə göstərişindən sonra diqqət çəkib. Tramp qərarını “bəzı ölkələrin artıq bu cür sınaqlara başlaması” ilə əsaslandırsa da, hansı ölkələri və hansı növ sınaqları nəzərdə tutduğunu dəqiqləşdirməyib.

Bu bəyanatdan qısa müddət sonra Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının iclasında Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi və xüsusi xidmət orqanlarına əlavə məlumat toplamaq, vəziyyəti təhlil etmək və “nüvə sınaqlarına hazırlığın məqsədəuyğunluğu barədə” təkliflər hazırlamaq tapşırığı verib.

Kremlin sözçüsü Dmitri Peskov isə bildirib ki, prezident sınaqlara hazırlığın başlanması barədə göstəriş verməyib — yalnız “bu məsələnin məqsədəuyğunluğunu araşdırmağı” tapşırıb.

Müzakirə Dövlət Dumasının sədri Vyaçeslav Volodinin Trampın bəyanatlarına diqqət çəkməsindən sonra gündəmə gəlib.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
76
bizimyol.info

1Mənbələr