“Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunun “Çelsi” ilə oyunundan gözləntisini bölüşüb.
Arena.az xəbər verir ki, Azərbaycan və İngiltərə təmsilçiləri sabah Bakıda üz-üzə gələcəklər.
Elvin Cəfərquliyev bu gün baş tutmuş mətbuat konfransında bunları söyləyib:
“Sabah çox böyük komandaya qarş oynayacağıq. Bunun fərqindəyik. Çox inamlı, mübariz və səbirli olmalıyıq. Bilirik ki, bu oyunun mahiyyəti böyükdür. Bütün Azərbaycanın gözü bizdə olacaq. Komanda olaraq çox rahat oynamalıyıq. Rəqibi təhlil etmişik, mənfi və müsbət tərəflərini bilirik. Fərqli sistemdə oynayırlar. Ani səhv hər şeyi həll edə bilər. Rəqibin güclü futbolçuları var. Komanda olaraq oyuna hazırıq.
Bu cür böyük oyunlarda temp yüksək olur. Birəbir mübarizələrdə çox yaxşı oynamağı bacarmalısan. Belə futbolçulara qarşı çox oynamışıq. Harada nə etməli olduğumuzu bilirik. Mübarizələrə girəndə vərəqə yox, top almağı fikirləşirəm. Bu gün “Çelsi”nin mənfi tərəflərindən danışmasam, yaxşıdır. Sabah oyunda göstərsək, yaxşı olar. “Çelsi”ni təhlil etmişik, fərqli sxemdə oynayırlar. Çox yüksək pressinq edirlər, amma boşluqları da olur. Sabah bundan istifadə edə bilərik”.
“Qarabağ” – “Çelsi” oyunu sabah – noyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyuna saat 21:45-də start veriləcək.


