AZ

"Elmin inkişafı milli-strateji prioritetdir" - Deputat

"Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubiley yığıncağı bütövlükdə milli intellektual siyasətin və dövlət idarəçiliyi fəlsəfəsinin inkişafını təcəssüm etdirir. Bu amillər elmi dəyərlərin qorunması, intellektual sərmayənin möhkəmləndirilməsi və elmin dövlət siyasətində tutduğu yerin daha da güclənməsinin nümayişidir. Prezident İlham Əliyevin bu mötəbər tədbirdə çıxışı elmin strateji əhəmiyyətinə verilən yüksək dəyərin təzahürüdür".

Bunu "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Bədəl Bədəlov deyib.

Parlamentari bildirib ki, bu çıxış elmi siyasətin ardıcıl şəkildə davam etdirildiyini, elmi potensialın qorunması və yenilənməsi istiqamətində məqsədyönlü addımların atıldığını bir daha sübut edir.

"AMEA ötən dövr ərzində elmi düşüncənin formalaşmasında, intellektual mühitin möhkəmlənməsində və milli elmi məktəblərin yaranmasında mühüm rol oynamışdır. Fəaliyyəti dövründə akademiya yalnız elmi tədqiqatların aparıldığı bir mərkəz deyil, həm də intellektual fikir ocağı, milli düşüncə məktəbi kimi fəaliyyət göstərmişdir. Elmə dövlət səviyyəsində göstərilən diqqət və qayğı zamanın tələblərinə uyğun yenilənmişdir. Bu siyasət bir daha təsdiqləyir ki, elmi potensial, təhsil və intellektual inkişaf bir-birini tamamlayan, dövlətin sabitliyini və uzunmüddətli dayanıqlığını təmin edən əsas sütunlardır. Prezident İlham Əliyevin elmə münasibəti məhz bu prinsiplərin üzərində qurulmuşdur, bilik, texnologiya və insan kapitalı müasir dövlətin əsas sərvətləridir. Ulu Öndər Heydər Əliyevin 1970-ci illərdə həyata keçirdiyi siyasət Azərbaycanın elmi həyatında dönüş nöqtəsi olmuşdur. Onun təşəbbüsü ilə yeni elmi-tədqiqat institutları yaradılmış, fundamental elmlər üzrə kadr hazırlığı gücləndirilmiş, gənclərin elmi fəaliyyətə cəlbi üçün mühüm addımlar atılmışdır. 

Azərbaycan Milli Elmlər Akademiyasının əsas binasının və institutların təmiri, Elmi Kitabxananın və Milli Ensiklopediya binasının inşası elmi infrastrukturun yenilənməsinə xidmət edir.

Son onillik təkcə iqtisadi və sosial deyil, həm də siyasi və hərbi baxımdan böyük Qələbələrin dövrü olub. Ərazi bütövlüyünün bərpası və suverenliyin təmin olunması Azərbaycanın tam müstəqil inkişaf modelinə keçidini şərtləndirib. Qazanılan bu Zəfər həm də milli elmi-siyasi müstəqilliyin rəmzidir. Artıq yeni dövr – quruculuq və bərpa mərhələsi başlamışdır. Azad edilmiş ərazilərdə həyata keçirilən yenidənqurma layihələri, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları elmin və texnologiyanın praktiki tətbiqinin ən parlaq nümunələridir. Bu proseslər bir daha sübut edir ki, elmi inkişaf yalnız nəzəri deyil, həm də praktik müstəvidə dövlət siyasətinin mərkəzindədir.

Prezident İlham Əliyevin nitqində vurğulanan məqamlardan biri də texnoloji tərəqqinin milli prioritet kimi müəyyən edilməsidir. Müasir dövrdə dövlətlərin rəqabət gücü yalnız təbii resurslarla deyil, intellektual və texnoloji imkanlarla ölçülür.

Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi dövlətin elmi irsə və intellektual sərvətə verdiyi dəyərin rəmzidir. Prezident İlham Əliyevin çıxışı göstərir ki, elm yalnız tədris və tədqiqat fəaliyyəti deyil, həm də milli təhlükəsizlik, iqtisadi sabitlik və texnoloji müstəqillik məsələsidir. Bu, müasir dövlətin uzunmüddətli strategiyasının əsas istiqamətlərindən biridir. Bu gün qarşıda duran əsas vəzifə – elmi potensialın texnoloji yüksəlişlə sintezini təmin etmək, gəncləri innovativ düşüncə tərzinə yönəltmək və gələcəyin intellektual mühitini formalaşdırmaqdır. Ulu Öndər Heydər Əliyevin əsası qoyduğu, Prezident İlham Əliyevin uğurla davam etdirdiyi bu siyasət müstəqil dövlətimizin davamlı yüksəlişinə, intellektual suverenliyinə və texnoloji qüdrətinə xidmət edir". 

Seçilən
14
unikal.az

1Mənbələr