AZ

Elşən Ağayev: AMD nin bugünkü konfransında əsas mövzulardan biri də süni intellektin tibdə tətbiqidir

ain.az, Azertag portalına istinadən məlumat verir.

Auqsburq, 1 noyabr, AZƏRTAC

Bu gün Almaniyada fəaliyyət göstərən həkimlər olaraq Almaniyada Azərbaycanlı Tibb İşçiləri Birliyinin (AMD) yaradılmasının beş illiyinə həs olunmuş yubiley konfransında iştirak edirik. İki gün davam edəcək konfransımıza Almaniyanın müxtəlif şəhərlərində işləyən azərbaycanlı həkimlərimiz, elm işçiləri və tibb tələbələri qatılıblar. Məqsədimiz AMD-nin fəaliyyəti barədə məlumat vermək, üzvlərimizə və digər həkimlərimizin ixtisaslı mütəxəssislər olaraq yetişməsinə, müxtəlif sahələrdə elmi işlər aparmasına və Almaniyanın səhiyyə sisteminə inteqrasiya töhfə verməkdir.

AZƏRTAC xəbər verir ki, bu barədə AMD-nin sədr müavini, otolarinqoloq Elşən Ağayev media nümayəndələrinə açıqlamasında söyləyib.

Birliyin ötən beş ildəki fəaliyyəti barədə məlumat verən Elşən Ağayev bildirib ki, AMD-nin fəaliyyətə başladığı beş il ərzində azərbaycanlı həkimlərə, o cümlədən gənc və Almaniyaya yeni gələn həkimlərə fəal dəstək göstərir, hər il Almaniyanın müxtəlif şəhərlərində tədbirlər təşkil etməklə üzvlərimizlə görüşlər keçirir, daha çox həkimi əhatə etməyə çalışır.

Konfransda müzakirə olunan mövzulara toxunan AMD-nin sədr müavini bildirib: “Panel iclaslarında Almaniyada çalışan tanınmış həkimlər, professorlar, mütəxəssis həkimlər səmərəli müzakirələr apardılar. Tədbirdə Almaniyanın tibb təhsili, burada elmi iş imkanları və bunun beynəlxalq müqayisədə təhlili məsələləri müzakirə olundu. Bundan başqa, hazırkı dövrdə əsas mövzulardan biri olan süni intellektin tibdə tətbiqi, tibbi diaqnostikada və müalicə prosesində tətbiqi, eləcə də onun müsbət və mənfi tərəflərindən danışıldı. Bu sahələrdə mütəxəssis həmkarlarımızın iştirakı ilə çox səmərəli müzakirələr apardıq. Müzakirələrimizin nəticələri barədə yaxın günlərdə ictimaiyyətə daha ətraflı məlumat veriləcək. Hesab edirəm ki, konfransımız uğurla keçdi və qarşıya qoyulan məqsədlərə çatmaq yolunda növbəti uğurlu addım oldu”.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Auqsburq

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
1
azertag.az

2Mənbələr